Amerikanın anti-Azərbaycan mövqeyinə ADEKVAT CAVAB – TƏHLİL

Amerikanın anti-Azərbaycan mövqeyinə ADEKVAT CAVAB – TƏHLİL

Azərbaycanın Qarabağ iqtisadi rayonundan öz xoşları, yaxud da qondarma rejimin, eləcə də rəsmi İrəvanın təkidi ilə köç edib gedən ermənilərin geri qayıtması məsələsi ilə bağlı fikir səsləndirənlər, iddialar irəli sürənlər qətiyyən ədalətli yanaşma sərgiləmirlər. Əgər ədalətli yanaşsaydılar, öz yurd-yuvalarını tərk etməyə müxtəlif təhdidlərlə məcbur edilmiş azərbaycanlıların, indi Ermənistan ərazisi kimi tanınan, əslində isə, bizə məxsus olan torpaqlara qayıtmalarını da gündəmə gətirərdilər. Təkcə ermənilərin yox, ümumiyyətlə, köç edən insanların taleyi, həqiqətən də, onları maraqlandırsaydı və məsələyə ədalətli yanaşılsaydı, bildirərdilər ki, ermənilərin Azərbaycana məxsus ərazilərdə bu zamana qədər yaşadıqları yerlərə qayıtmaları, məhz azərbaycanlıların öz ata-baba yurdlarına, bir vaxtlar yaşadıqları ərazilərə qayıtması ilə paralel şəkildə təmin edilməlidir.

Ermənilərin etnik təmizləmə siyasəti fonunda öz yurd-yuvalarını bir zamanlar tərk edən azərbaycanlıların haqları, daha dəqiq desək, onların da öz doğma yurdlarına, evlərinə geri dönməsi məsələsi köç edib gedən ermənilərin Qarabağa geri dönüşü barədə ağız dolusu danışanların yadına düşmürsə, bunu onların yadına sala bilərik. Biz onların yadına sala bilərik ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar başqalarına deyil, özlərinə məxsus olan ərazilərdən, özü də sivil qaydada yola salınmaqla yox, məcburi şəkildə, ölüm və işgəncələrlə təhdid olunaraq köç etməyə məcbur ediliblər. Xatırlada bilərik ki, azərbaycanlılar bir-iki ay bundan əvvəl köç etməyiblər, onillər boyudur məcburi köçkün həyatı yaşayırlar və bunun da səbəbkarı, baiskarı etnik təmizləmə siyasəti yürüdən ermənilərdir. Sual oluna bilər ki, köç edib gedənlərin geri dönüşünü təmin etmək tələbi niyə Ermənistanın qarşısında bu onillər boyu qoyulmayıb? Niyə bircə dəfə də olsun azərbaycanlıların köç etməsi, daha doğrusu, erməni millətçiləri, separatçıları, terrorçuları tərəfindən köç etməyə məcbur edilməsi müzakirəyə də olsa çıxarılmayıb? Bəlkə də Qərbin, eləcə də Avropanın bir çox ermənipərəst dairələri ermənilərin göydən zəmbillə düşdüyü qənaətində ola bilərlər, amma rəsmi Bakı adekvat cavab verməkdən və azərbaycanlıların da geri dönməsi baradə eyni şəkildə tələblə çıxış etməkdən qətiyyən çəkinmir və biz yaxşı bilirik ki, onlar göydən düşənlər yox, on doqquzuncu əsrin əvvəllərində Cənubi Qafqaza köçürülənlərdir. Yaxşı bilirik ki, indi ərazi iddiasında olanlar, dənizdən-dənizə mifini uyduran və şişirdənlər bizim ərazilərimizə köçürülən həmin o haylardır və bu faktı da xatırlatmaq tam yerinə düşür.

Haylara məxsus olan aqressiv və radikal millətçiliyin, eksponsionizmin pislənilməsi, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının etnik təmizləmə siyasəti aparmasının qınanılması gərəkdiyi halda, ölkəmizin hədəfə alınması, özü də haqsız olaraq, köç edib gedən ermənilərlə bağlı iddialar irəli sürülməsi heç bir normaya sığışa bilməz. Məhz bu baxımdan da amerikalılar bizi heyrətləndirməkdə davam edirlər və öz fikirləri ilə, dinləmələri ilə hələ də erməni dəyirmanına su tökməyi ədalətli olmaqdan, qanunlara, ali dəyərlərə hörmətlə yanaşmaqdan daha üstün tuturlar. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı manipulyasiyalara əl atanların anti-Azərbaycan ritorikası bunu növbəti dəfə təsdiq etmiş oldu.

Ərazilərində qanunsuz silahlıların ağ bayraq qaldıraraq təslim olmasına, Qarabağın bütün ərazilərində öz bayrağının ucaldılmasına, suverenliyinin tam təmin olunmasına nail olan Azərbaycana qarşı Vaşinqtonun anti-Azərbaycan ritorikasının daha da artmaqda olduğu göz önündədir. Sonuncu anti-terror əməliyyatlarının ardınca, daha dəqiq desək, oktyabr ayının əvvəlində Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardinin Azərbaycana hərbi yardımın dayandırılması və Ermənistanda demokratik islahatların dəstəklənməsinə çağırışlar etməsi ölkəmizə qarşı aparılan kampaniyanın güclənməkdə olduğunu təsdiq edir. O həmin Ben Kardindir ki, Azərbaycanın öz ərazisində antiterror tədbilərini “planlı etnik təmizləmə” kimi qiymətləndirmişdi və buna görə heç utanmaq fikir də yox idi. Oxşar ittihamlarla Robert Menendesin də Azərbaycana qarşı çıxış etməsini nəzərə aldıqda görürük ki, amerikalılar ölkəmizə qarşı çəkinmədən ikili yanaşma sərgiləməkdədirlər. Ümumiyyətlə, görünən odur ki, Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatları keçirməsindən, suverenliyini tam təmin etməsindən ABŞ narahatdır. Amma Azərbaycanın Qafqazda əsas strateji tərəfdaş olduğunu hər dəfə bəyan edən ABŞ narahat olmaq əvəzinə, unutmamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti ola bilməz. Cənubi Qafqaza marağı olan rəsmi Vaşinqton, ermənipərəst mövqeyinin ardınca Azərbaycan tərəfinin rəsmi səfərləri təxirə salmasından öz nəticəsini çıxarmalıdır. Nəticə çıxarılmalıdır ki, Azərbaycan milli maraqları çərçivəsində istədiyinə nail olub, işğal altında olan ərazilərini tamamilə işğaldan azad edib, ərazi bütövlüyünü də, suverenliyini də tam təmin edib və heç bir ölkənin təzyiq dili ilə danışmasına da, apardığı müstəqil siyasətinə qarışmasına, müdaxilə etməsinə də imkan verməyəcək. Üstəlik, erməni lobbisinin təsiri ilə Amerikada, yaxud hansısa ölkədə keçirilməsi nəzərdə tutulan hərhansı görüşdə iştirak etməkdən Azərbaycanın imtina etməsi də təsadüfi sayıla bilməz və ermənipərəst mövqedə olanlar bu adekvat cavabdan da lazımi nəticələrini artıq çıxarıblar.

Amerikalılar yaxşı bilirlər ki, Azərbaycan heç zaman beynəlxalq hüququn norma və prinsiplərinə qarşı olmayıb və rəsmi Bakının yürütdüyü siyasət beynəlxalq hüquq normaları çərçivəsindədir. Ortada olan faktlar da sübut edir ki, bununla bağlı nəinki Amerikanın, ümumiyyətlə, heç bir ölkənin Azərbaycana qarşı hansısa iddiası ola bilməz. Çünki heç kim üçün sirr deyil ki, Azərbaycan Qarabağ probleminin həllinə nail olmaq üçün düz 30 ilə yaxın diplomatik gündəliyə səbirlə əməl etdi. Bu illər ərzində rəsmi Bakı, artıq keçmişdə qalan münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu dəfələrlə bəyan etdi. Hər kəs bilir ki, həmin bu illər ərzində Ermənistan tərəfi danışıqlara xələl gətirmək, məsələnin həllinə mane olmaq üçün bütün vasitələrə əl atdı, amma Azərbaycan tərəfi səbr nümayiş etdirdi. Lakin işğalçı ölkənin öz təxribatlarını davam etdirməsi, separatçı rejimin yeni ərazilər iddiası ilə təxribarlarını artması fonunda məsələnin hərbi yolla həll edilməsinin vacibliyi bəlli oldu və Azərbaycan düz 30 il müddətində ermənilər tərəfindən işğal altında saxlanılan torpaqlarını cəmi 44 gün davam edən müharibə ilə işğaldan azad edərək, qarşı tərəfi kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Ermənistanın qanunsuz silahlı dəstələrinin qeyd-şərtsiz ərazilərimizi tərk etmələrini tələb edən məlum BMT qətnamələrinin icrasını Azərbaycan reallaşdırdı. Özü də ölkəmiz bunu öz gücü, öz potensialı ilə etdi və nəinki BMT-nin, yaxud da ABŞ-ın, ümumiyyətlə heç kimin dəstəyi olmadan qələbə qazandı. Heç kimin yardımı olmadan qazanılan bu qələbə ilə də Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu isə o deməkdir ki, rəsmi Bakının nəinki ABŞ, yaxud da BMT, ümumiyyətlə, heç kimin qarşısında öhdəliyi yoxdur və bu, isbata ehtiyacı belə olmayan bir aksiomdur. Məhz elə bu məqamın istənilən diplomatik görüşlərdə bildirilməsi, ölkəmizin öz gücü ilə qələbəni qazanması, ərazi bütövlüyünü heç bir yardım almadan bərpa etməsi barədə bəyan edilməsi, ABŞ kimi bir ölkənin timsalında bir çoxlarının anti-Azərbaycan mövqeyinə adekvat cavabdır və bizim heç kimin qarşısında öhdəliyimizin olmadığı eyhamıdır.

Təkcə hərbi müstəvidə deyil, istənilən mənada Azərbaycan həqiqətən də Ermənistandan fərqli olaraq heç bir ölkədən asılı deyil. Bunu amerikalılar da, onların diqtəsi ilə ölkəmizə qarşı mövqe sərgiləyən avropalılar da yaxşı bilirlər. Yaxşı bilirlər ki, Azərbaycan özü-özünü təmin edən ölkədir. Bilirlər ki, Azərbaycan təkcə özünü deyil, Avropanın bir çox ölkələrini mavi yanacaqla, enerji resursları ilə təmin edir və kimdənsə yardım gözləməsini xəyal belə etmək mümkün deyil. Əgər kimlərsə, hansısa yardımlar etməmək barədə qərar qəbul olunmasını ölkəmizə qarşı təsir, yaxud təzyiq kimi başa düşürlərsə, yanılırlar. Çünki Azərbaycanın xaricdən göndərilən yardımlara qətiyyən ehtiyacı yoxdur. Hərbi yardımı dayandırdıqları ilə nə isə etdiyiklərini düşünənlər isə bilsinlər ki, Azərbaycan sülh gündəminə hər zamankı kimi sadiqdir və yenə də regionun hərbiləşdirilməsinə qətiyyən ehtiyac duymur. Azərbaycan regional və qlobal layihələrin gerçəkləşməsi üçün əməli addımlar atır, iqtisadi inkişaf yolundadır və bu yol özü də ölkəmizə qarşı olanlar üçün çox təsirli bir adekvat cavab olaraq qiymətləndirilir. Çünki hər kəs yaxşı bilir ki, sürətli, dinamik iqtisadi inkişafda olan Azərbaycan artıq bütün dünyada söz sahibidir və kimlərinsə ölkəmizin əleyhinə hansısa sözü heç bir məna kəsb edə bilməz.

Fransanın ardınca məhz ABŞ da öz ədalətsiz mövqeyi ilə Ermənistan-Azərbaycan danışıqlarında qərəzsiz vasitəçi rolunu itirmiş oldu. Hər halda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 2023-cü il 20 noyabr tarixində Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşü rəsmi Bakının dayandırmaq qərarından sonra ABŞ qərəzsiz vasitəçi rolunu itirmiş olduğunu anlamaya bilməz. Sözsüz ki, rəsmi Bakının belə bir qərara gəlməsi özü də amerikalıların anti-Azərbaycan ritorikasına adekvat cavab olaraq qəbul edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə