Britaniyalı nazirin Azərbaycana səfəri KİMLƏRƏ MESAJ İDİ? - KORRESPONDENTLƏR NƏ DEDİ?

Britaniyalı nazirin Azərbaycana səfəri KİMLƏRƏ MESAJ İDİ? - KORRESPONDENTLƏR NƏ DEDİ?

“Böyük Britaniya və Azərbaycan əlaqələri ikitərəfli və qarşılıqlı maraq çərçivəsində qurulub. Hazırda enerji sahəsindəki əməkdaşlıq hər iki ölkənin milli maraqlarına tam şəkildə xidmət edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev Böyük Britaniyanın Dövlət Naziri Leo Dokertinin Azərbaycana səfəri barəsində danışarkən deyib.

Deputatın sözlərinə görə, bugünkü mərhələdə Leo Dokertinin Bakıya səfəri bu münasibətlərin inkişafına əlavə töhfə olacaq: “Görüşdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi BP şirkəti ilə Azərbaycanın uzunmüddətli əməkdaşlığı var. Hazırda BP Azərbaycanla bərpaolunan enerji sahəsində də əməkdaşlığa cəlb olunub. Bütövlükdə bu bizim üçün yeni imkanlar açır. Şübhəsiz ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi və siyasi gündəliyini Britaniya ilə müzakirə etmək, mühüm sahələri əlaqələndirmək baxımından da əhəmiyyətli olacaq”.

A.Quliyev bildirib ki, görüşdə həm də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb: “Cənab Prezident qeyd etdi ki, Azərbaycan üçüncü tərəf olmadan Ermənistanla sülh müqaviləsini müzakirə edib imzalamağa hazırdır. Bu həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Britaniya üçün hesab edirəm ki, yeni bir mesajdır. Əminəm ki, Britaniya Azərbaycanın bu mövqeyini dəstəkləyəcək. Bütövlükdə isə hazırda Azərbaycan-Böyük Britaniya münasibətlərinin vəziyyətinin müəyyən dərəcədə müzakirə olunması, potensial imkanların bir daha nəzərdən keçirilməsi baxımından bugünkü görüşün xüsusi əhəmiyyət kəsb etdiyini hesab edirəm. İstənilən halda Azərbaycanın Cənubi Qafqazda oynadığı rol regionda aparıcı ölkə durumunda olması Britaniya üçün də maraqlıdır. Bu həm də ABŞ və Fransa kimi Azərbaycana qərəzli mövqe tutan ölkələrə bir mesajdır ki, “Azərbaycanla yalnız dost dilində danışmaq olar”. Hesab edirəm ki, Böyük Britaniya bu baxımdan qərb ölkələri üçün bir nümunə rolunu oynaya bilər və oynamalıdır. Bunun bir çox geosiyasi tərəfləri də var. Yəqin ki, gələcəkdə bunun geosiyasi təsirlərinin və Azərbaycanın milli çıxarlarının Böyük Britaniya tərəfindən də dəstəklənməsinin şahidi olacağıq. Hesab edirəm ki, Prezident İlham Əliyevlə Leo Dokerti arasındakı görüş zamanı iki tərəfin də maraqları kifayət qədər nəzərə alındı”.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Razi Nurullayev isə qeyd edib ki, hər bir xarici ölkənin rəsmi nümayəndəsinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yaxşılaşmasında ciddi rol oynayır: “Hazırda Böyük Britaniya rəsmi nümayəndəsinin Azərbaycanda olması iki ölkə arasındakı münasibətlərə təsir göstərməklə bərabər, həm də indiki həssas zamanda Azərbaycana bəzi dünya ölkələrinin basqını və təzyiqi ərəfəsində böyük bir dəstəkdir. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hər zaman hörmətlə yanaşıb. Böyük Britaniya və Azərbaycan arasında güclü iqtisadi əlaqələr var”.

R.Nurullayevin sözlərinə görə Böyük Britaniyanın ən böyük neft şirkəti Azərbaycanla tərəfdaşdır: “Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin davam etməsində İngiltərənin də mövqeyi maraqlıdır. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və tanınmasında da Böyük Britaniyanın xeyli rolu ola bilər. Həm də Britaniya ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması digər Avropa ölkələri münasibətlərə də ciddi təsir göstərə bilər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə