"Qarakənd faciəsini yada salanda hələ də insanın ürəyi sıxılır" - TARİXÇİ PƏRDƏARXASI MƏQAMLARI AÇIQLADI
“Qarakənd faciəsi Azərbaycan tarixində ən böyük faciələrdən biridir. Yada salanda hələ də insanın ürəyi sıxılır, çünki gözümüzün qabağında baş verdi”. Bu barədə SİA-ya açıqlamasında Qarakənd faciəsi haqqında danışarkən tarixçi Qasım Hacıyev bildirib.
Onun sözlərinə görə, həmin vaxt ermənilərin çoxunda azərbaycanlılardan fərqli olaraq silah mövcud olub: “Bunu nəzərə almadan ermənilərin olduğu meşələrin üstündən uçmaq çox böyük səhv idi. Bu qəsdən də olsa, qəsdsiz də olsa edilməli deyildi. İkincisi bu barədə şayiələr çoxdur. Hətta söhbət var ki, oraya rəhbərlik edən rus zabitlərindən birini təhqir ediblər. Onun da təsiri mütləq olub. Ermənilər boynuna alsa-almasa da bu vəhşilikləri törədiblər. Helikopter vurulandan sonra onların izini itirmək üçün bir işarə də qoymadılar. Adi şeylər geridə qalmışdı. Qara qutu üzə çıxmadı, oxunmadığı bildirildi. Mən tarix fakültəsini bitirmişəm, Rusiyanın apardığı işğalçılıq siyasətini çox yaxşı bilirəm. Qarabağ tarixi şöbəsinin rəhbəri olanda da bu məsələlərlə ciddi məşğul olmuşam ki, əgər bir yerdə ciddi hadisə törədilirsə orada Rusiya varsa başqa dövlət axtarmağa ehtiyac yoxdur. Ermənilərin də elədiyini Rusiya təşkil edir. Rusiyada çoxlu dostlarımız var, amma xalq və imperiya ayrıdır. Biri deyir Tamerlan Qarayev helikopterə minmədisə yəqin orada əli var. Onun əli varsa deməli kimsə onu öyrədib. Digəri şayiələr var ki, guya ki, Azərbaycanlılar özü vurub”.
Q.Hacıyev bildirib ki, Ağdamda hadisədə adı çəkilən "Ala Yaqub" adlı şəxslə görüşüb: “Onun adından danışırdılar ki, həqiqəti o yaxşı bilir. Gah dedilər o vurub, gah dedilər o bilir ki, öyrədilmiş adam vurub. Hadisə olandan sonra çox rəvayətlər yaradılır. Təəssüflər olsun ki, bu rəvayətlərin çoxu qərəzli formada yaradılır və əsas fikirdən, dəqiq məlumatdan yayındırır. Guya kimsə hakimiyyətə gəlmək üçün, hakimiyyətdən getmək üçün, kiminsə şəxsi qərəzliliyi üçün bu hadisələr törədilib. Bunları biz bilə bilmərik. Ona görə ki, "Həqiqəti deyirəm" deyənlər həqiqəti demir. Orada olan-olmayan də istəyir fikir desin. Amma bunların çoxu uydurma olaraq qalır. Fakt, məntiqi arqument yoxdursa bu söhbətlər həqiqət üzə çıxana qədər davam edəcək”.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB