PREZİDENT İLHAM ƏLİYEV: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya etdiyi səfəri və bu səfər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Qələbəmizdən üç il keçməsinə baxmayaraq Şuşa dirçəlir, inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Bəli, məhz Şuşa Zəfərimizin tacı olduğu üçün Prezident İlham Əliyev mayın 8-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına təbrik müraciətini Şuşadan edib: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".
"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır", - deyə Azərbaycan Prezidenti bildirib.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏN BÖYÜK ARZUSU ŞUŞANI, QARABAĞI VƏ ZƏNGƏZURU AZAD GÖRMƏK İDİ
"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik",- deyən Qalib Lider Prezident İlham Əliyev onu da bildirdi ki, il başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır: "Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik. Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır".
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində də bildirdi: "2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq".
Bəli…
BİR GÜNLÜK SƏFƏR ZAMANI YENİ UĞURLARIN TƏMƏLİNİN QOYULMASI VƏ XİDMƏTİ KİMİ DƏYƏRLƏNDİRİLMƏLİDİR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya etdikləri səfər zamanı 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Bildirilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində "Qızlar gimnaziyası" tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar. Həmçinin, Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış keçiriblər. Eyni zamanda, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri və Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar, Şuşada "Yasəmən" otelinin, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.
Bir sözlə, bir günlük səfər zamanı görülən işlər Qalib Lider, Prezident İlham Əliyevin yüz illik xidmətinin təsdiqi, "Qarabağda cənnət yaradacağıq" sözü ilə əməlin bir olmasının göstəricisidir.
Beləliklə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB