Hərbi dəstək adı ilə REGİONAL TƏHLÜKƏSİZLİYİ POZMAQ NİYYƏTİ - TƏHLİL

Hərbi dəstək adı ilə REGİONAL TƏHLÜKƏSİZLİYİ POZMAQ NİYYƏTİ - TƏHLİL

Dünyanın hansısa ölkəsinin Ermənistana hərbi sahədə yardım etməsi, yaxud belə bir niyyətdə olduğunu açıq şəkildə bəyan etməsi həm təəssüf, həm də təəccüb doğurur. Çünki işğalçılığı dövlət siyasəti olaraq qəbul edən, qonşu ölkələrə qarşı əsassız şəkildə ərazi iddiasında olan, terrorçuluğa, separatçılığa meyilli olan bir ölkəyə hərbi sahədə yardım etmək həmin ölkəni qarşıdurmalara sövq etmək, müharibələrə, insan tələfatına rəvac vermək deməkdir. Bu baxımdan Fransa kimi, ABŞ kimi dünya ölkələrinin Ermənistana hərbi dəstək göstərməsi, hətta belə bir niyyətdə olduğunu bəyan etməsi elə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən pislənilməli, bunun qarşısı da alınmalıdır.

Hərbçilərin peşəkar və döyüş hazırlığı sahəsində Pentaqonun Ermənistana yardım etməyə başlayacağı barədə Ermənistanın Müdafiə Nazirliyinin saytında məlumat yayılması heç də sıradan bir informasiya deyil. Bu, ABŞ hökumətinin işğalçı ölkənin hərbi hazırlığının artırılması niyyəti barədə xəbərdir. Xəbərə əsasən, Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan və ABŞ-ın Avropa Komandanlığı komandirinin müavini Stiven Başam arasında Ştutqart görüşündə razılıq əldə olunub. “Silahlı qüvvələrin peşəkarlaşdırılması, hərbi təhsil və döyüş hazırlığı, təlimlər və başqa istiqamətlərdə əməkdaşlığın yeni sahələrinə başlamağa ABŞ-ın hazır olduğu barədə Başam bildirib”, deyə Ermənistan Müdafiə Nazirliyinin saytında yayılan məlumatda qeyd olunur. Qeyd olunur ki, həmçinin əməkdaşlıq sahələrinə artıq mövcud olan proqramlardan əlavə komandanlıq və idarəetmə sisteminin modernləşdirilməsi, sülhməramlılıq və hərbi tibb də daxildir. Heç də soyuqqanlıqla qarşılanmamalı olan bu xəbərə, daha dəqiq desək, ABŞ hökumətinin işğalçı ölkənin hərbi hazırlığının artırılması niyyəti barədə məlumata bir dənə də beynəlxalq təşkilat tərəfindən reaksiya verilmir və elə təəssüf doğuran, təəccüblü olan da budur.

“Görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib”, deyə nazirliyin məlumatında bildirilir. Qeyd olunur ki, bundan əlavə, generallar regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Maraqlıdır, ABŞ Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməkdə hansı məqsədləri güdür? Yaxud, regional təhlükəsizlik məsələlərinin, həmin təhlükəsizlik mühitini pozan işğalçı ölkə ilə müzakirəsi ABŞ kimi bir ölkənin nəyinə lazımdır? Ümumiyyətlə, regional təhlükəsizlik məsələləri ilə bağlı niyə region ölkələri deyil, kənar bir ölkə olan ABŞ, özü də məhz Ermənistanla müzakirələr aparmalıdır axı? Əvvəla, Ermənistanda və yaxud regionda baş verən hadisələrə qarışmağa bu hegemon ölkəni sövq edən, maraqlandıran nədir? Digər tərəfdən isə, məhz regionun təhlükəsizliyinə xələl gətirən, təhlükəsizliyi pozmaq niyyətində olan ölkə ilə müzakirələr niyə aparılmalıdır? Əgər ABŞ üçün həqiqətən də region ölkələrinin təhlükəsizliyi maraqlı olsaydı, bu müzakirələri Ermənistanla yox, məhz Cənubi Qafqaz regionunda təhlükəsizliyi təmin edən ölkə ilə, yəni Azərbaycanla aparardı. Bax elə bu məqam məhz beynəlxalq təşkilatlar, ələlxüsus da 30 ilə yaxın müddətdə icrasız qalan dörd qətnaməsi məhz Azərbaycanın hərbi əməliyyatları sayəsində reallaşdırılan BMT tərəfindən Vaşinqtonun diqqətinə çatdırılmalı, xatırladılmalı idi, amma bunu hələlik müşahidə edə bilməmişik.

ABŞ kimi bir ölkə bilmirmi ki, kənardan dəstək hesabına xeyli silah-sursat ələ keçirən Ermənistan son vaxtlara qədər Azərbaycana qarşı işğalçılıq müharibəsi aparırdı? Bilmirmi ki, Ermənistan hələ də təkcə Azərbaycana deyil, qonşu ölkələrə qarşı da əsassız ərazi iddiaları ilə çıxış edir? Belə bir ölkəyə hərbi dəstək göstərməklə regionda təhlükəsizliyin müzakirəsi əlbəttə ki, bir araya sığan deyil. Yaxud, Fransa və Hindistanın da işğalçı Ermənistana hərbi yardımı qətiyyən təhlükəsizliyin təminatı məqsədi daşıya bilməz, əksinə, regionda daha böyük təhlükələrə gətirib çıxara bilən qarşıdurmalara, müharibələrə səbəb olar. Xüsusən də belə addımların, yəni, hərbi yardımların, dəstəyin məhz Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına mənfi təsir etdiyi də təkzib edilə bilməz və eləcə də Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasına böyük bir maneə, əngəl olduğu da bəllidir. O zaman Ermənistanın sülh sazişi bağlamasına, qonşu ölkələrlə diplomatik münasibətlərinin bərpasına niyə mane olunur və regional təhlükəsizliyi pozmaqdan başqa məqsədləri nədən ibarət ola bilər?

Sözsüz ki, ABŞ-ın Ermənistana hərbi yardımı və hərbçilərinin yetişdirilməsi Vaşinqtonun İrəvanın hesabına region ölkələrini diqqətdə saxlamaq cəhdidir. Bilirik ki, Ermənistan silahlı qüvvələri nə qədər hazırlıqlı olsalar da, nə qədər dəstək alsalar da, Rusiya, Azərbaycan və Türkiyəyə qarşı heç vaxt uğur qazana bilməzlər və bilməyəcəklər də. Bunu bilə-bilə ABŞ hərbi yardımdan dəm vurursa, dəstək göstərmək niyyətini gizlətmirsə, deməli, Ermənistan vasitəsilə region ölkələrini narahat etmək, diqqətini digər istiqamətlərdən yayındıraraq, özünə cəlb etmək niyyəti güdür. Bunun fərqində olan Ermənistan hakimiyyətinin məqsədi isə, Rusiyanın təsirindən qurtularaq, Qərb ölkəsinə yaxınlaşmaqdır. Amma Ermənistanın bu məqsədinə nail olması üçün ilk növbədə Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərdə olması, ən azından “yola getməsi” gərəkir. Hətta, Qərb də bilir ki, Ermənistanın öz məqsədinə nail olması üçün qonşu ölkələrlə münasibətləri normallaşdırılmalıdır və bunu bilərəkdən həmin ölkəni silahlandırmaları, bununla da münasibətlərin normallaşmasına mane olmaları o deməkdir ki, İrəvan və ermənilər haqqında düşünən, hayların halına yanan yoxdur. Yəni, hərbi dəstək barədə danışıqlar da, region barədə müzakirələr də həmin xarici ölkələrin öz maraqları naminədir və bu maraqlar naminə regional təhlükəsizliyi pozmaq üçün burada Ermənistan, həmişəki kimi bir alət olaraq istifadə edilir.

ABŞ indi Ermənistana hərbi dəstək göstərməklə, həmin ölkəni Rusiyadan və Moskva tərəfindən yaradılan KTMT-dən “uzaqlaşdırmaq” niyyəti güdür. Məhz bu məqsədlə də Vaşinqton bu yaxınlarda hərbi məsələlərlə bağlı razılaşdırılma ilə diqqəti özünə cəmləşdirir. Amerika siyasətçiləri özləri də belə qənaətə gəliblər ki, Qarabağdakı məğlubiyyəti fonunda Ermənistanın Rusiyadan narazı qalmasından, müharibə bitdikdən sonra İrəvanın Moskvadan haqsız və yersiz olmasına baxmayaraq, narazılığından istifadə edən Vaşinqton həmin ölkədə öz təsirlərini genişləndirmək imkanı əldə edib. Öz diasporlarının təsiri ilə bir çox ermənilər məğlubiyyətə görə məsuliyyətin Rusiyanın üzərində qalmaqda olduğu qənaətindədirlər deyə, ABŞ da zənn edir ki, belə bir qənaət və şərait Ermənistanı məhz Rusiyadan aralamaq, uzaqlaşdırmaq üçün onlar tərəfindən əldən verilməməlidir. Ona görə də belə vəziyyətdən istifadə etmək niyyətindədir. Lakin reallıq budur ki, KTMT-nin qarşılıqlı müdafiə öhdəlikləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə şamil edilmir. Rusiyanı müdafiə etmək, tərəfində durmaq kimi bir fikrimiz yoxdur, amma həqiqət budur ki, KTMT də, Moskva da günahlandırıla bilməz və bu, tamamilə əsassız, məntiqsiz və mənasızdır. Buna baxmayaraq, hələ də Rusiyanın günahkar olduğu fikrinin Ermənistan üçün qəbuledilən olması Amerika tərəfindən məharətlə istifadə edilir və öz məqsədləri üçün bir bəhanə olaraq yararlanılır. ABŞ qətiyyən nəzərə də almır ki, vəziyyətdən yararlanmaq istəyi regionda gərginliyi artıra, münaqişəni qızışdıra və təhlükəsizliyə təhdid yarada bilər. Vaşinqtonun belə bir mövqeyi nədənsə beynəlxalq təşkilatların heç diqqətini belə cəlb etmir, halbuki regional təhlükəsizliyin təminatı üçün maraqlı olduqlarını bəyan edirlər. Amma həmin o beynəlxalq təşkilatları həqiqətən də regionda təhlükəsizlik maraqlandırsaydı, ən azından bununla bağlı reaksiya da olsa verərdilər.

Eyni zamanda ABŞ, məhz Ermənistandan istifadə edərək, yəni İrəvan vasitəsilə Rusiyanı izləyəcəyi, casusluq edə biləcəyi qənaətindədir deyə, bu qədər canfəşanlıq edir və görünür, Kreml də son zamanlar boş yerə qıcıqlanmayıb, əbəs yerə də rəsmilər tərəfindən İrəvana qarşı kəskin fikirlər səsləndirilmirmiş. Axı dünyada ən böyük ABŞ səfirliklərindən biri İrəvanda yerləşir və bu fonda Vaşinqtonun Ermənistanı özünün regional təsir qalasına çevirmək niyyəti də təkzib edilə bilməz. Bu niyyət həm də, ABŞ-ın tələblərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edən Gürcüstan üzərində də öz təsirini bərpa etmək planı ilə də üst-üstə düşür deyə, hərbi razılaşma, hərbi dəstək adı ilə regional təhlükəsizliyi pozmaq məqsədi ilə İrəvandan məharətlə istifadə edilir. ABŞ məhz Ermənistandan istifadə etməklə, İran, Rusiya, Türkiyə və hətta Azərbaycana qarşı təmin edə biləcəyi strateji təsir rıçaqları barədə düşünür. Doğrudur, ABŞ-ın Ermənistanla bağlı geosiyasi layihəsinə qarşı durmaq heç də asan hesab oluna bilməz və bunu nəzərə alan Vaşinqton belə bir addım atır. Amma nəzərə almaq lazımdır ki, İran, Rusiya, Türkiyə və Azərbaycan olmaqla, dörd ölkənin birgə fəaliyyəti, daha dəqiq desək, onlar arasında daha sıx hərbi-strateji koordinasiya təhlükəni azalda bilər və hətta öhdəsindən də gəlinər. Bununla belə unutmaq olmaz ki, Amerika Birləşmiş Ştatları Ermənistan üzərində bütün sahələrdə, xüsusən də hərbi sahədə təsirini tədricən genişləndirməkdə davam edərsə, üstəlik, bir gün də bu ölkənin revanşist fantaziyalarına dəstək vermək qərarına gələrsə, o zaman müharibə fonunda regional sabitlik, təhlükəsizlik risk altında qala bilər və hər halda bunu ermənilər olmasa da, digər sadalanan ölkələr nəzərdən qaçırmamalıdırlar. Ələlxüsus da, bu vaxta qədər Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına çalışdıqlarını bəyan edən beynəlxalq qurumlar da nəzərdən qaçırmamalıdırlar ki, hansısa xarici ölkənin region ölkələrindən birinə, özü də işğalçı ölkəyə hərbi dəstək göstərməsi təhlükəsizliyin təminatına ciddi zərbə deməkdir. Nəzərə almalıdırlar ki, təhlükəsizliyi məhz Azərbaycan tərəfindən təmin olunan regiona kənar müdaxilə, işğalçı ölkə olan Ermənistana məhz ABŞ, Fransa və Hindistanın misalında hərbi dəstək göstərmək niyyətinin bəyan edilməsi belə, münaqişənin qızışdırılmasına, eskalasiyaya səbəb ola bilər və nəticədə də bundan sonra bölgənin, regionun təhlükəsizliyi sual altında qala bilər. Hər halda, hansısa ölkənin regional sabitliyi, təhlükəsizliyi risk altında qoya biləcək istənilən addımına, hətta niyyətinə belə beynəlxalq təşkilatlar tərəfindən reaksiya verilməli, ən azından, qəti şəkildə narazılıq ifadə edilməli, pislənilməli, hətta bu hərəkətlərin qarşısı da alınmalıdır. Çünki hərbi dəstək adı ilə regional təhlükəsizliyi pozmaq niyyəti göz önündədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə