Fransa və Almaniya Azərbaycana qarşı çirkli oyun qururlar – ŞƏRH EDİLDİ

Fransa və Almaniya Azərbaycana qarşı çirkli oyun qururlar – ŞƏRH EDİLDİ

“Qərbin Azərbaycana qarşı ikili standartları həmişə olub. Ermənistan-Azərbaycan münaqişəsinin 30 illik tarixində hələ bir dəfə də olsun Qərb dairələrinin, Avropa ölkələrinin, ya da Avropa institutlarının fəaliyyətində, mövqeyində obyektivlik olmayıb. Daim işğalçının yanında durublar, separatçıların ilham qaynağı olublar. Biz haqlı mövqe tələb etmişik və bunun üçün məsələni beynəlxalq təşkilatların müzakirələrinə çıxartmışıq, amma bütün ümidlər məhz iri dövlətlərin qərəzi səbəbindən itirilib. BMT TŞ-nin 4 qətnaməsi kağız üzərində qalıb, 27 il ərzində bir dəfə də işğalçı Ermənistan qınanılmayıb, əksinə ona dəstək də həmin təşkilatlardan gəlib. Dünya birliyi özünün yazdıqları prinsip və normalara qarşı çıxıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ikili yanaşma 44 günlük müharibədən sonra da davam etdirilir: ”Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini təkbaşına yerinə yetirdi. Bu sənədlərin altına TŞ-nin daimi üzvü Fransa da imza atıb. Buna baxmayaraq Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etməsi Parisi də, Vaşinqtonu da, Brüsseli də, Berlini də narahat edir. Niyə? Bu sualın cavabı da adekvat deyil. Fransa bölgədə sülhün olmasında maraqlı deyil. Avropa liderliyinə can atan Almaniya da Parisin diqtəsi ilə hərəkət edir. Fransa və Almaniya Azərbaycana qarşı çirkli oyun qururlar. Bu günlərdə Almaniyanın xarici işlər naziri Ermənistana, sonar isə Azərbaycana səfər etdi. Annelina Berbok adəti üzrə, bir məsələyə fərqli münasibət sərgilədi. Ermənistanda Qarabağdan köçən ermənilərlə görüşdüyünü dedi. Onları “qaçqın” adlandırdı və bunda Azərbaycanı suçladı. Halbuki Ermənistan rəhbərliyi Qarabağdan köçən ermənilərə qaçqın status vermək istəmir. Yenə məntiqi sual yaranır, Berboku bu yanaşmaya nə məcbur edir. Rəsmi Berlinin də dəfələrlə təkrarladığı kimi Almaniya neftə ehtiyacını Azərbaycandan aldığı məhsullarla ödəyir. Belə olan halda Almaniyanın XİN başçısı niyə ədalətli olmasın. Qarabağ Ermənistan ərazisi deyil ki, oradan köçən ermənilərə qaçqın status verilsin. Hələ onu da demirik ki, həmin ermənilərin hamısı Ermənistan vətəndaşlığını təsdiq edən pasportlar daşıyıblar. Bu yanaşmanın bir səbəbi var, yaxud məqsəd başqadır. Belə ki, bu yolu tutmaqla Fransa və Almaniya, eyni zamanda ABŞ Gürcüstanda, Ermənistanda oturduqları kimi, Azərbaycanı da təsir altına salmağa çalışırlar. Fransa prezidenti Makronun Orta Asiyanın Türk Dövlətlərinə səfərinin alt qatında da çirkli niyyətlər dayanır, Türkdilli ölkələrin birliyini pozmaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə