“Azərbaycan öz yanaşmaları ilə bizim qurucu millət olduğumuzu göstərir” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Azərbaycan öz yanaşmaları ilə bizim qurucu millət olduğumuzu göstərir” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda görülən işlər çərçivəsində əsas istiqaməti infrastrukturun bərpa edilməsidir. Çünki infrastruktur bərpa edilməzsə, insanların normal yaşayış sistemi yarana bilməz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, ermənilər 30 ilə yaxın torpaqlarımızda yalnız və yalnız çirkin işlərə qol qoyublar: “Azərbaycanın illər boyu yaratdığı infrastrukturu, muzeyləri, yaşayış komplekslərini, bütün obyektləri məhv edərək, daşı daş üstündə qoymayıblar. Yəni ermənilər özləri ilə sivilizasiya yox, dağıntılar gətirib. Ermənilər sivilizasiyaya son dərəcə əhəmiyyətli tapıntılar verdiklərini deyəndə, əlbəttə yalan danışırlar.

Dağıtmaq çox asan bir işdir. Lakin quruculuq işləri aparmaq həm böyük potensial, həm də mədəni davranış tələb edir. Buna görə də çox danışmaqdansa, iş görmək məqsədəuyğundur. Azərbaycan isə məhz bu mövqedən çıxış edərək, bizim hansı dəyərlərin daşıyıcısı olduğumuzu göstərir.

Ermənilərin havadarları həddindən artıq çoxdur. Bunlar bütün prosesləri gördükləri halda yalan danışır, riyakarlığa yol verirlər ki, cinayətlərinə bəraət qazandırsınlar. Amma bu mümkünsüzdür. Çünki cinayətlərin üzərində tədqiqatlar aparılmalıdır ki, cəzasız qalmasınlar. Azərbaycan öz yanaşmaları ilə bizim qurucu millət olduğumuzu göstərir. Bizim böyük mədəniyyətimiz və dəsti-xəttimiz var. Bu dəsti-xətt də bizə hər zaman başıucalıq gətirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə