ABŞ səfirinin mövqeyində GÖRMƏMƏZLİK, YALAN, MANİPULYASİYA VƏ TƏXRİBATÇILIQ – TƏHLİL
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin nə dərəcədə ermənipərəst olduğunu və eləcə də Ağ Evin işğalçı ölkənin tərəfində olduğunu açıq-aşkar büruzə verməkdən qətiyyən çəkinmir və heç çəkinmək fikrində olduğu da görünmür. Görünən odur ki, Kuin çox şeyi görməməzliyə vurmaqla yanaşı, yalanlar, təxribatçı fikirlər də səsləndirməyə davam edir. Kristina Kuinin açıqlamalarından da görünür ki, bölgədə vəziyyətin tamamilə dəyişməsinə, yeni reallıqlar yaradılmasına baxmayaraq, onun mövqeyi dəyişməz olaraq qalır və xanım səfir hələ də davamlı şəkildə manipulyasiyalar etməkdədir.
Nə rəsmi Vaşinqtonun, nə də şəxsən səfir Kristina Kuinin reallıqları və həqiqətləri görmək istəmədiyi ötən həftə Zəngəzur bölgəsində səfərdə olan səfirin açıqlamalarından da bəlli olur. Səfirin öz açıqlamalarına, məhz ABŞ prezidenti Co Baydenin Ermənistanın baş nazirinə, Vaşinqtonun Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edən məktubunu xatırlatmaqla başlaması ən çox diqqətçəkən məqamdır. Onun açıqlamasından bəlli olur ki, ABŞ prezidentinin mövqeyi və Ermənistanla bağlı fikirləri fonunda reallıqları, özü də Azərbaycanın yaratdığı reallıqları qətiyyən görmək, etiraf etmək istəmir. Görünür, elə bu dəfə də özünü görməməzliyə buna görə vururmuş.
Kristina Kuin nəyi görməməzliyə vurur? ABŞ-ın Ermənistandakı səfiri görülməli olanları niyə görmək istəmir? Bax, bu suallar əsl mahiyyətin nədən ibarət olduğunu müəyyən etmək üçün kifayət edir. Çünki Kuin kor deyil və Zəngəzurda qeyri-adi nə isə baş vermədiyini görür. Eləcə də, görür ki, Ermənistanın dövlət sərhədlərini pozan, ərazisinə daxil olan yoxdur və Azərbaycan tərəfi belə bir niyyətdə də deyil. Hətta sərhədlərin belə, hələ də konkret olaraq müəyyən edilmədiyi bir zaman kəsiyində bunu iddia etmək də cəfəngiyyat sayılır. Deməli, xanım Kuin səfər etdiyi ərazilərdə gördüklərini qoyur bir kənara, yaxud özünü görməməzliyə vurur və ABŞ prezidentinin məktubunu xatırladaraq, həm ermənilərə, həm də onu 2022-ci ildə Ermənistana göndərən prezidentə yaltaqlanmağı daha üstün, daha doğru və müvafiq hesab edir. Öz aramızdır, xanım səfir bununla da ABŞ demokratiyasının “necə” olduğu barədə kifayət qədər fikir formalaşdırır. Belə məlum olur ki, ABŞ və onun Ermənistandakı səfiri gördüyünü yox, görmək istədiyini, tapşırılanı ifadə edir. Bu, ümumilikdə Qərbin dəm vurduğu və onun bir çox ölkələrdə görmək istədiyi demokratiyanın əsl üzü olaraq ortaya çıxandır. Belə bir demokratiya heç bir ölkəyə, ələlxüsus da bizə lazım deyil və bütün bunları müşahidə edən dünya ictimaiyyəti əsl, həqiqi demokratiyanın Azərbaycanda olduğunu gec də olsa etiraf etməlidir.
Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ əslində, necə və hansı mövqedə olan bir dövlətdir? Bəzən fövqəl dövlət kimi qələmə verilən bu “demokratiyanın beşiyi” olan ölkə üçün əslində, reallıqlar və həqiqətlər nə qədər, nə dərəcədə əhəmiyyət kəsb edir? Bu suallara cavab axtarılan zaman bir çox məqamlar ortaya çıxır, özü də çox maraqlı olan bu məqamlar diqqəti cəlb edir və əsl həqiqətin nədən ibarət olduğu barədə doğru fikir formalaşdırır. Xatıladaq ki, öz prezidentlərinin şəxsində ABŞ Azərbaycanın suverenliyini və eləcə də ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Hətta Azərbaycan ərazilərinin 20%-nin Ermənistanın işğalı altında olduğu dövrdə belə rəsmi Vaşinqton ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, amma bunu yalnız sözdə edib və bu sözlər heç vaxt reallıqda öz əksini tapmayıb. Yəni, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən Amerika Birləşmiş Ştatları kimi bir dövlət bu istiqamətdə, daha dəqiq desək, ölkəmizin ərazi bütövlüyünün təminatı istiqamətində əməli addımlar atmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına əsrin üçdə birinə yaxın müddət ərzində ABŞ heç bir şəkildə töhfə verməyib və bir nəticə belə əldə etməyib. Ələlxüsus da, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradıldığı bildirilən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, nəinki Ermənistana qarşı bircə dənə də olsun sanksiya tətbiq etməyib, işğalçı ölkənin qanunsuz, insanlığa sığmayan əməllərinə görə heç öz narazılığını belə İrəvana ünvanlamayıb. Azərbaycan ərazisinin düz beşdə birini işğal edən ölkəyə 30 il ərzində bircə dəfə də olsa, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə məhəl qoymadığını xatırlatmayıb və belə bir niyyəti də diqqəti cəlb etməyib.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin ermənilərin vəhşicəsinə talan etməsinə, xalqımıza məxsus mədəni, tarixi və maddi isrin məhv edilməsinə əsrin üçdə birinə yaxın müddət ərzində ABŞ göz yumub. Qondarma demokratiya oyunlarını Ermənistanda məharətlə qura bilən ABŞ, məhz Nikol Paşinyanın timsalında marionetlərin, Qərbin oyuncaqlarının və oyunçularının formalaşması üçün hər il külli miqdarda maddi vəsaitlər ayırıb, amma Azərbaycanın haqq işi uğrunda mübarizəsinə qeyri-maddi də olsa belə dəstək göstərməyib. Ermənistanın ölkəmizə silahlı təcavüzü, soyqırım və etnik təmizləmə siyasəti aparması, ölüm, iş-gəncə təhdidləri fonunda yurd-yuvalarını ayaqyalın, başıaçıq tərk etmək məcburiyyətində qalan, kilometrlərlə qarlı dağlıq yolları ayaqları donaraq piyada gedən Qarabağdan olan bir milyondan çox azərbaycanlı məcburi köçkünlərə 30 il müddətində bircə dəfə də yardım etməyən ABŞ, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz olaraq məskunlaşan, sonuncu anti-terror tədbirlərindən sonra da məskunlaşdıqırı əraziləri heç bir təhdid və təhlükə olmadan, könüllü şəkildə, öz istəkləri ilə, özü də bütün məişət əşyalarını belə götürərək, avtomobil yolu ilə öz avtomobillərində tərk edən 5-10 min erməniyə heç bir ay, yəni 30 gün keçməmiş yardımlar ayırıb. Müqaisə olunacaq belə faktlar olduqca çoxdur, amma hər halda bu sadalananlar özü ABŞ-ın regionda real məqsədlərinin nə olduğu barədə aydın təsəvvürün yaranması üçün kifayət edir. Daha doğrusu, bütün bunlar onu deməyə əsas verir ki, rəsmi Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasını istəyirmiş və niyyəti də Bakı və İrəvana təzyiq mexanizmlərinə, rıçaqlarına sahib olmaqdır. Elə buna görə də indi Azərbaycana heç bir təsir göstərə bilməyən ABŞ, məhz Ermənistanda istədiyi mənzərəni formalaşdırmaq və Cənubi Qafazla bağlı planlarını gerçəkləşdirmək, öz mövcudluğunu təmin etmək üçün hərəkət edir və bu fonda da Vaşinqtonu maraqlandıran demokratiya, həqiqət və reallıq deyil, məqsədlərinə nail olmaqdır. Səfirini də öz istədiyi kimi, həm də öz oyunlarında oynamağa məcbur etmək, istədiyi mövqedə saxlamaq niyyətini də ABŞ onsuz da gizlətmir.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azad edilməsindən üç il keçməsinə baxmayaraq, ABŞ-ın ölkəmizdəki səfiri bircə dəfə də olsa, həmin ərazilərə səfər etməyib. Amma bunun fonunda məhz ABŞ-ın Ermənistandakı səfirinin həmin ölkənin regionlarına aktiv səfərlərini müşahidə edirik. Müşahidə edirik ki, heç bir yenilik, heç bir dəyişiklik etməyən ölkədə fəaliyyət göstərən ABŞ səfiri dəfələrlə həmin ölkənin ərazilərinə səfər edir, amma işğaldan azad edilmiş ərazilərində bu qədər möhtəşəm planlarını gerçəkləşdirən, quruculuq-abadlıq işləri aparan Azərbaycanın həmin bölgələrinə dırnaqarası da olsa, “demokratiyanın beşiyi” olan ölkənin ölkəmizdəki səfiri bircə dəfə səfər etmir. Maraqlıdır ki, ABŞ görülən işləri görmək istəmir, yoxsa görməyə gözü yoxdur? Hər şey göz önündədir və Azərbaycanın yeni reallıqlar yaratmasına, regionda vəziyyətin yaxşıya doğru dəyişməsinə baxmayaraq, Amerikanın siyasətinin dəyişmədiyini görürük. Görürük ki, ABŞ yenə də Cənubi Qafqazda öz niyyətini gerçəkləşdirmək üçün bulanıq suda balıq tutmaq istəyir və bunun üçün də şəffaflığın olmadığı ölkəni, Ermənistanı seçib. Hər halda ortada olan mənzərə öz sözünü deyir və ABŞ-ın Ermənistandakı səfirinin dedikləri məhz Ağ Evin mövqeyini ortaya qoyur. Əks halda, Kristina Kuin heç bir təxribatçı bəyanatlar, açıqlamalar vermədən, sadəcə olaraq, Ermənistan Respublikasını gəzər və reallığın nədən ibarət olduğunu nəinki görər, hətta etiraf edərdi. Amma bunu müşahidə edən olmadı və deməli, fikirlərimizdə və gəldiyimiz qənaətimizdə haqlıyıq...
ABŞ adından çıxış edən, Vaşinqtonun mövqeyini açıq şəkildə göstərən Kristina Kuin kimdir, sualı da bu məqamda yerinə düşür. Çünki bu sualın cavabını axtardığımız zaman maraqlı məqamlar ortaya çıxır. Bəlli olur ki, bir zamanlar Amerikanın məşhur “Los Angeles Times” nəşrində çalışan xanım Kuin diplomatik fəaliyyətə 1992-ci ildə başlayıb və onun ilk diplomatik xidmət yeri Amerikanın Parisdəki konsulluğu olub. Daha sonra ABŞ Dövlət Departamentinin Avropa Bürosunun əməkdaşı olan, Amerikanı Avropa İttifaqında, Brüsseldə təmsil edən, iki il Rusiya Federasiyasında səfirlikdə çalışan, 2008-2010-cu illərdə ABŞ prezidentinin administrasiyası yanında Təhlükəsizlik Şurasında işlədiyi zaman Avropa İttifaqı və Şərqi Avropa ölkələrinin məsələləri ilə məşğul olan şöbəyə rəhbərlik edən və bir sıra işlərə cəlb edilən Kristina 2016-cı ildə yenidən Fransanın paytaxtında, səfirin müavini və iqtisadi məsələlər üzrə müşavir olaraq çalışıb. Göründüyü kimi, ABŞ-ın Ermənistandakı səfirinin iş fəaliyyətində Fransa da yer alır və özü də iki dəfə Parisdə çalışdığı bəlli olur. Bəlli olur ki, ABŞ heç də Kuini təsadüfi olaraq, Ermənistana səfir təyin etməyib. Heç şübhəsiz ki, rəsmi Vaşinqton onun Fransada çalışdığını, Parisin Ermənistana münasibətindən irəli gələn təsirləri və bu təsirlər fonunda Kuinin ermənipərəst mövqeyini nəzərə alıb. “Regional münaqişə və xarici təcavüzdən Zəngəzurun xüsusilə təsirləndiyini və bu yaxınlarda Dağlıq Qarabağdan didərgin düşmüş 100 mindən çox etnik ermənini qəbul etdiyini” bildirməklə primitiv yalan danışan və manipulyasiya edən Kristina Kuini ABŞ elə belə avantüristliyinə görə Ermənistana səfir təyin edib. Məhz onu təyin edib ki, ştatlara lazım olan şəkildə, lazım olduğu məqamda belə ortaya atılsın və təxribat xarakterli açıqlamaları ilə ABŞ siyasətinə xidmət etsin.
Nə Zəngəzurda, nə də bu ölkənin heç bir yerində Ermənistan heç bir xarici təcavüz görməyib. Amma dinc Azərbaycan şəhərləri 44 günlük müharibə zamanı Ermənistan ordusunun raket hücumlarına məruz qalıb və nəticədə çoxlu sayda dinc vətəndaş həyatından, bir çoxu da sağlamlığından məhrum olub. Bu raket zərbələri isə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın şəxsi göstərişi ilə həyata keçirilib. Amma onun da, ölkəsinin də ünvanına heç bir qınaq yoxdur. Amerikalı senator və konqresmenlərdən heç biri bu vaxta qədər bu cinayətlərə görə Ermənistana və Ermənistan hakimiyyətinə qarşı sanksiyaların tətbiqini tələb etməyib. Əksinə, Ermənistanı zərərçəkən tərəf kimi təqdim etmək cəhdlərinin gücləndiyini görürük və bu cəhdlər hələ də davam edir. Elə ABŞ-ın Ermənistandakı səfiri özü də məhz bunu edir. O, Azərbaycanın işğal olunmuş ərazilərində onilliklər ərzində qeyri-qanuni məskunlaşan ermənilərin Ermənistan Respublikasının pasportuna sahib olduqlarını dəqiqləşdirmədən, yaxud bilərəkdən, utanmadan və çəkinmədən təxribat xarakterli açıqlamalar verib. Hələ bir dırnaqarası “qaçqın” statusu barədə də danışıb, halbuki bundan nə söhbət gedə bilərdi, nə də Ermənistan onların qəbulundan imtina edə bilməzdi.
Ermənistanın Qarabağı tərk edənləri qəbul etməsinə gəlincə isə, vəziyyətin nə yerdə olduğu da hamıya bəllidir. Hər halda, cəmi bir ay ərzində, Qarabağ iqtisadi rayonundan Ermənistana köçən 10 mindən çox erməninin artıq bu ölkəni tərk edərək xaricə miqrasiya etməsi faktı məsələnin nə yerdə olduğu barədə kifayət qədər təsəvvür yaradır. Əslində, bu məqam özü, rəsmi İrəvanın reallıqda Qarabağ erməniləri ilə necə davranmasını göstərən məqamdır. Kristina Kuin onu da bilmirmi ki, Ermənistan İstintaq Komitəsi sentyabrın 19-da keçirilən aksiyada iştirak edən gəncləri hələ də saxlamaqda davam edir və saxlanılanların əksəriyyəti də Qarabağ erməniləri, 17-20 yaş arası gənclərdir? Bilir, çünki bu barədə artıq sosial şəbəkələrin erməni seqmentində kifayət qədər məlumatlar var və üstəlik bu barədə vəkil Arsen Babayan da öz Facebook səhifəsində yazıb. Ermənistan blokunun deputatı Qeqam Manukyan isə, biri azyaşlı olmaqla, 4 Qarabağ ermənisinin saxlandığını bildirib və qeyd edib ki, onların hamısı kütləvi iğtişaşlarda iştirak ittihamı ilə saxlanılıb. Məsələ burasındadır ki, ABŞ-ın Ermənistandakı səfiri bu məqamlara ya diqqət yetirməyib, ya da diqqət yetirməyə marağı belə olmayıb və özünü görməməzliyə vurub. Ona görə ki, xanım Kuinə də, ABŞ-ın özünə də Ermənistanda demokratiyanın olub-olmadığı qətiyyən maraqlı deyil. Amma bununla belə, səfir Kristina Kuinə tapşırılıb ki, “Ermənistanın Cənubi Qafqazda demokratiya çırağı olaraq qaldığını” bəyan etsin və görünür o da tapşırığı yerinə yetirir. Bunun üçün də ona həqiqətlər, reallıqlar barədə düşünmək belə lazım gəlmir və təxribat xarakterli açıqlamaları da ABŞ tərəfindən adi şəkildə qarşılanır. Lakin bütün bunlar ABŞ və bu ölkənin Ermənistandakı səfirinin mövqeyini ortaya qoyur və səfirin mövqeyində görməməzlik, yalan, manipulyasiya və təxribatçılıq özünü büruzə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB