İrəvan nəticələrdən dərs çıxara bilmirsə...

İrəvan nəticələrdən dərs çıxara bilmirsə...

Yaxud, 7 anklav məsələsi necə həll olunacaq?

Fakt budur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin 19-20 sentyabrında isə ordumuzun həyata keçirdiyi lokak antiterror tədbirləri ilə qondarma rejim özünü buraxdı və suverenliyimiz tamamilə bərpa edildi. Lakin buna baxmayaraq, hələ də işğal altında olan 7 anklav kəndlərimiz var ki, onların da məsələsi sual altındadır.

Siyasi təhlillər göstərir ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında dayanan əsas problem, məhz sərhədlərin müəyyənləşməsi ilə bağlıdır.

Azərbaycan nəyə görə Ermənistanın ərazilərini tanımır?

Digər tərəfdən, bu məsələnin də təxminən 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi kontekstində həll olunması nəzərdə tutulur. Daha dəqiq desək, ərazilərin ölçüsü hələ ki, birmənalı olaraq razılaşdırılmayıb. Ermənistan rəhbərliyinin konkret rəqəmlər ortaya qoymasına baxmayaraq, Azərbaycan heç bir zaman bu çərçivədə Ermənistanın ərazilərini tanımayıb və bu amil də ortadadır.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Natiq Miriyə görə, Qazaxda və Naxçıvandakı 7 kəndimizin işğalda olması probleminin aradan qaldırılması, məhz sərhədlərin delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Azərbaycanın irəli sürdüyü tələbi də bu reallığı əks etdirir.

"Kimsə bu məsələyə etiraz edə bilməz"

Misal üçün, Natiq Miri hesab edir ki, əgər sülh müqaviləsi imzalanarsa, bu məsələ hüquqi cəhətdən ədalətli həllini taparsa, təbii ki, Azərbaycan bu torpaqların yenidən onun yurisdiksiyasına qayıtmasında maraqlıdır: "Ancaq məsələ bu cür həll olunmazsa və Ermənistan prosesi yenə uzadarsa, düşünürəm ki, Azərbaycan onda işğalda olan ərazilərini azad etmək hüququnu özündə saxlayır və kimsə bu məsələyə etiraz edə bilməz".

Onun sözlərinə görə, Azərbaycanın 7 kəndinin işğal altında olması faktdır və işğalda olan ərazilərin azad edilmə hüququ BMT-nin nizamnaməsində birmənalı olaraq təsdiq edilib: "Ona görə də Ermənistan yenə zamana oynamaq, prosesi sabotaj etmək siyasətinə üstünlük versə və geridə qalan 3 il ərzində baş verən proseslərdən düzgün nəticə çıxarmasa, Azərbaycan Ordusu bir neçə saatlıq əməliyyat həyata keçirəcək. Bir sözlə, Ermənistan növbəti dəfə dəmir yumruq görmək istəyirsə, prosesi yenə də uzatmağa davam etsin".

Qazaxdakı kəndlərimiz və Naxçıvandakı Kərki kəndi artıq müzakirə mövzusu olaraq gündəmdədir

Politoloqun fikirlərini şərh edərkən həm də belə qənaərə gəlmək olar ki, rəsmi İrəvan hadisələrdən, səhvlərindən dərs çıxara bilmir. Nəticədə 7 kəndin işğaldan azadetmə prosesində hərbi ritorika yenidən gündəmə gətirir. Yəni, bu məsələ də Ermənistan rəhbərliyinin bundan sonrakı davranışından asılı olacaq. "Əgər bu məsələ diplomatik səviyyədə həll olunmayacaqsa, əmin olun ki, Azərbaycan 7 kəndimizi də bir neçə saat ərzində azad edəcək və bu ərazilərdə də özünün suveren haqlarını təmin edəcək", - deyə politoloq proqnozunu irəli sürüb.

Ən əsası isə Qazaxdakı kəndlərimiz və Naxçıvandakı Kərki kəndi artıq müzakirə mövzusu olaraq gündəmdədir. İrəvan Bakının şərtlərini qəbul etmək məcburiyyətindədir. Əks halda, hər şey indidən bəllidir - Azərbaycanın tələbləri qüvvədədir!

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə