“Fransanın son bilavasitə Qafqazla əlaqələndirilən siyasi cərəyanları bir şeydən xəbər verir ki, Fransaya mütləq şəkildə Qafqaz bölgəsində yerləşmək lazımdır. Bunun üçün də Ermənistandan istifadə edir. Bu tək Parisin istəyi deyil. Onun axrasında həm Aİ-nin, həm də kollektiv Qərbin istəyi var. Çünki kollektiv Qərb çoxdandır ki, dünya siyasətində parçalanmış bir tərzdə özünü biruzə verir. Yəni, vacib istiqamətlərdə Amerika ayrı, Qərbi Avropa isə ayrı fəaliyyət göstərir. Amma bu nə qədər paradoksal görünsə də həqiqətdir ki, onlar Qafqazda həmahəng çıxış edirlər. Yəni, kollektiv Qərb demək olar ki, Qafqazda mütəşəkkil formada özünü əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Tofiq Abbasov sözlərinə belə davam edib: “Bəs, nəyə görə onlara bu bölgədə möhkəmlənmək lazımdır? İlk növbədə həm Paris, həm də Vaşinqton çalışır ki, burada hərbi qüvvə ilə təmsil olunsunlar və zəif bənd kimi Ermənistanı gördükləri halda onun əlaqələrindən istifadə edirlər. Bu həm də Rusiyanın buradan sıxışdırılıb çıxarılması ilə bağlıdır. Bilirsiniz ki, son günlər söhbətlər elə tərzdədir ki, Ermənistandan Rusiyanın hərbi bazasının çıxarılması və Rusiya ilə münasibətlərin yenidən formatlaşması məsələsi gündəmə gəlir. Bu Rəsmi Moskvaya heç bir divident gətirməyəcək. Əksinə, Moskva bu proseslərdən itirəcək.
İndi görünür ki, Nikol Paşinyan vəd verib və zəmanət daşıyıcısı kimi çıxış edərək Qərbi inandırmağa çalışır ki, “Siz bizə kömək edin. Biz də sizin istəklərinizi burada həyata keçirək”. Rusiya təbii ki, bu proseslərin içindədir və nə baş verdiyini bilir. Rusiya heç vaxt imkan verməyəcək ki, Ermənistan onların başı üzərindən hərəkətlərə yol versin. Əvvəlcə Ermənistan KTMT-dən çıxsın. Bunun özünün prosedurları var. Ermənistan da rəsmi şəkildə bunu irəli sürsün. Rusiyanın ola bilsin ki, Qafqazda mövqeləri zəifləyib. Amma bu bir o qədər də deyil ki, xoşluqla Ermənistanı itirsin və bu itkisindən də onun rəqibləri yararlansın. Ermənistan çox təhlükəli oyuna qatılıb və Fransa ilə də buna görə yaxınlıq edir. Çalışır ki, Fransa üçün faydalı olsun. Amma bu fayda heç bir bölgə ölkələri üçün heç bir imtiyaz vəd etmir.
Fransanın məqsədi odur ki, Qafqaz bölgəsində öz maraqlarını yerləşdirsin, platforma qazansın, digər tərəfdən Qafqaz bölgəsi vasitəsilə Mərkəzi Asiyaya öz yolunu açsın. Fransa nə qədər də çalışsa bu məqsədinə nail ola bilməyəcək. Çünki onun müharibə ruhunu bölgəmizə gətirməsi, Ermənistana silah-sursat satması, sistemli şəkildə Azərbaycan maraqlarına qarşı fəaliyyət göstərməsi bundan xəbər verir ki, Fransa xoş niyyətlə yox, çox təhlükəli məramlarla bura yerləşmək istəyir. Biz də buna icazə verməyəcəyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB