"Müharibə nəticəsində Yaxın Şərqdə yeni siyasi nizam formalaşacaq" - ŞƏRH EDİLDİ
"İsrail-HƏMAS münaqişəsi əlbəttə ki, Yaxın Şərqdə formalaşacaq yeni bir siyasi nizamın tərkib hissəsidir. Çünki HƏMAS-ın İsrailə hücumu və qarşılıqlı cavab tədbirləri demək olar ki, beynəlxalq arenada qütblərarası savaşa gətirib çıxarıb. Yaxın Şərqdə proseslər müharibənin genişlənməsini özündə ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İranın dəstəyi, ABŞ-ın hərbi gəmilərinin Aralıq dənizinə daxil olması, həmçinin ABŞ-ın İranı hədələməsi İsrail-Fələstin münaqişəsinin bir hissəsidir: "Amma bu münaqişə fonunda III dünya müharibəsinin olacağını düşünmürəm. Göründüyü kimi, İsrail yerüstü əməliyyatlar həyata keçirmək istəyir. Lakin beynəlxalq təpki var. Bu, müharibənin regionda genişlənməsinə gətirib çıxara bilər. İndiki münaqişə İsrail və Qərbin maraqları kontekstində baş verəcək. İranın Yaxın və Orta Şərqdən mövqelərinin tamamilə sıradan çıxarılması gözlənilir. HƏMAS-ın da Qəzzada iflasa uğradılması ehtimal olunur. Nəticədə ABŞ-ın başçılıq etdiyi və İsrailin də dominant olduğu Yaxın Şərq formalaşacaq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB