Paşinyan səhv yoldadır və söylədiyi fikirlər havadarlarının təhrikidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Paşinyan səhv yoldadır və söylədiyi fikirlər havadarlarının təhrikidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı bir daha göstərir ki, o sülhün, əmin-amanlığın və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasının tərəfdarı deyildir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bir tərəfdən sülh müqaviləsinin bağlanılmasından, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasından söz açan Paşinyan xarici ölkələrə səfəri zamanı, sözsüz ki, dediklərinin hamısının üstündən xətt çəkir və yenidən anti-Azərbaycan mövqeyində olduğunu sübut edir.

“Paşinyan bu dəfə də öz ənənəsindən əl çəkmədi, Azərbaycanın, eləcə də Rusiyanın ünvanına yalan, qərəzli, böhtan xarakterli fikirlər söylədi. Paşinyan dəfələrlə ermənilərin dırnaqarası “etnik təmizləmə”yə məruz qaldıqlarını dilə gətirdi və burada nəinki Azərbaycanı, eləcə də Rusiyanı günahlandırdı. Halbuki, Qarabağda yaşayan ermənilərə qarşı heç bir etnik təmizləmə, soyqırıcı, yaxud təzyiq tətbiq edilməmişdir. Onlar öz xoşları ilə ərazilərimizi tərk etmişlər və bunu da bir çoxları öz müsahibələrində açıq-aydın bildirmişlər. Bildirmişlər ki, Qarabağda mövcud olan separatçılar onları yaşadıqları evlərindən çıxmağa məcbur ediblər, bir qorxu, təlaş kampaniyası həyata keçiriblər və ona görə də onlar öz razılıqları ilə həmin əraziləri tərk edirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə öz fikrini bildirmiş və göstərmişdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan qanunlarına riayət edərlərsə, ölkəmizin həmin ərazilərində sərbəst yaşaya bilərlər və beləliklə onların hüquqları, təhlükəsizliyi hərtərəfli təmin olunacaq və bir Azərbaycan vətəndaşı kimi onlar dövlətin qayğı və diqqətindən bəhrələnəcəklər. Ancaq təəssüflər olsun ki, ermənilər bunu qəbul etmədilər. Sözsüz ki, orada fəaliyyət göstərən o silahlı xuntanın, eləcə də separatçıların təkidi ilə onlar Qarabağı tərk ediblər. BMT-nin missiyası da Qarabağda olarkən, müşahidələr apararkən bunu müşahidə etmişlər və hətta bildirilmişdir ki, mülki əhaliyə, mülki obyektlərə heç bir ziyan dəyməmiş və buradan ermənilər könüllü şəkildə çıxıb getmişlər.

Paşinyanın Avropa Parlamentində söylədiyi fikirlər sözsüz ki, onun havadarlarının təhrikidir. Fransanın, eləcə də Avropa İttifaqının ermənipərəst qüvvələrinin sözü ilə erməni baş nazir bu fikirləri söyləyir və müəyyən məsələlərdə özünə haqq qazandırmaq, sülhün, əmin-amanlığın tərəfdarı olduğunu göstərmək üçün bu cəhdləri edir. Rusiya tərəfindən də Paşinyanın bu çıxışına münasibət bildirilmiş və Rusiya Ermənistanın baş nazirinin çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi dəyərləndirmişdir. Bu, həqiqətdir və doğrudan da, Paşinyanın tutduğu yol səhv yoldur. O, havadarlarının təkidi ilə bu fikirləri söyləməklə sülh bağlamaq fikirlərindən uzaqdır və sözsüz ki, o fikirlər tutulan bu yol Ermənistanı daha böyük uçurumlara aparır. Çünki bu gün Qərb, nə də Fransa, Avropanın bir çox ölkələri Ermənistanı müdafiə etmək fikrində yox, Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək fikrindədirlər və bir kart kimi Ermənistandan, onun baş nazirindən istifadə edib özlərinin mənafeləri üçün belə bir şərait yaradır, məkirli niyyətlər həyata keçirmək istəyirlər. Nə qədər gec deyil Paşinyan fikirləşməlidir, çünki Azərbaycan qüdrətli bir dövlət kimi beynəlxalq aləmdə dəstəklənir və haqqın, ədalətin, beynəlxalq normaların əsasları üzərində öz fəaliyyətini, mübarizəsini qurur və bu mübarizədə heç bir dövlət Azərbaycana özünün fikirlərini diktə edərək qəbul etdirə bilməz”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə