"Avropa Ermənistana qarşı "şıltaq uşağın nazı ilə oynamaq" siyasəti yeridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Avropa Ermənistana qarşı "şıltaq uşağın nazı ilə oynamaq" siyasəti yeridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Avropa Ermənistanın işğalçı, iki siyasət yeridən ölkə olduğunu ya görmür, ya da görmək istəmir. Məhz bu münasibətin nəticəsidir ki, torpaqlarımız 30 il işğal altında qaldı. Əgər Azərbaycan Avropa siyasətçilərinin "Hər ikiniz razılığa gəlin" siyasəti ilə hərəkət etsəydi, hələ də torpaqlarımızın bir qarışı belə işğaldan azad olunmazdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün Avropa Ermənistana qarşı hər zaman yeritdiyi şıltaq uşağın nazı ilə oynamaq siyasəti yeridir: "Onlara elə gəlir ki, Ermənistan uydurduğu nağılları qəbul etməklə onları avropalı edə biləcəklər. Amma gərək daxildən avropalı olasan. Avropa geyimi geyinməklə və ya ingilis dilində danışmaqla avropalı olunmur. Həmin o Ermənistandır ki, Xocalı, Meşəli faciələrini törədib, torpaqlarımızı işğal edib, bir milyona yaxın insanı öz yurdundan didərgin salıb".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan vaxtilə onun yaranmasında böyük dəstəyi olan Rusiyaya arxa çevirməklə bu gün onu pulla təmin edə biləcək Avropaya üz tutur: "Bir tərəfdən Avropanın əzizlədiyi uşaq olub, digər tərəfdən İranla dostluq edərək iki stolda oturmağa çalışır. Amma erməni başbilənləri dərk etmirlər ki, başqa dövlətlərin yardımı ilə milli dövlət qurmaq, problemləri həll etmək olmaz. Eyni zamanda, beynəlxalq hüququ pozmaqla heç vaxt beynəlxalq birlikdə nüfuz qazanmaq olmaz. Ermənistan təsadüfən qazandığı müstəqilliyi bugünkü gündə reallaşdıra bilmir. Bu baxımdan Ermənistan - Avropa münasibətlərinin də nə vaxtsa Avropa-Rusiya münasibətlərinə çevriləcəyini güman etmək olar. Avropanın Ermənistanın nazı ilə oynaması Azərbaycanı öz suveren siyasətindən heç vaxt çəkindirə bilməyəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə