"Bayrağımız Xankəndidə qürurla dalğalanır" – DEPUTATIN ŞƏRHİ

"Bayrağımız Xankəndidə qürurla dalğalanır" – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan xalqı oktyabr ayının 15-də son illərin ən önəmli, şərəfli hadisəsinə şahidlik etdi. Bu hadisə həm də Azərbaycan tarixinə əbədi həkk olundu. Prezident İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirdi. 15 noyabr artıq Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə keçdi. Bu tarix həm də yaddaşlarda İlham Əliyevin ilk dəfə 2003-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti seçilməsi ilə qalıb. İlham Əliyev 20 il öncə – ilk dəfə Prezident seçiləndə bütövlüyümüz və suverenliyimizin bərpa olunacağını bəyan etmişdi. Prezident seçildiyi ilk gündən İlham Əliyev bütün fəaliyyətini bu istiqamətə yönəltdi, işğal altındakı torpaqlarımızın azad olunmasını, suveren hüquqlarımızın bütün Azərbaycan torpaqıarında bərpa edilməsini prioritet istiqamət olaraq qəbul etdi. Bu gün artıq qətiyyətlə demək olar ki, xalqımızın arzuları reallığa çevrilib, hədəflərə çatmışıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, lakin erməni separatçıları ərazilərimizdən hələ təmizlənmədiyi üçün suverenliyimizin bərpası prosesi başa çatmamışdı: “Azərbaycan son antiterror tədbirləri ilə separatçıların kökünü torpaqlarımızdan kəsə bildi. 19 sentyabr 2023-cü il Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq düşmən təslim oldu. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək. Öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə əbədi olaraq qaydacaqlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə