Azərbaycan MDB çərçivəsində də möhtəşəm uğurlar qazanıb – DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan MDB çərçivəsində də möhtəşəm uğurlar qazanıb – DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanla Qırğızıstan arasında əlaqələr son illərin rəqəmlərinə görə yüksələn xəttlə inkişaf edir. Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrimizin MDB daxilində də münasibətlərin yaxınlaşdırılması, əməkdaşlığın mühüm platformalarının hazırlanması imkanları artırır, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına zəmin yaradır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanıb, Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən nüfuzlu və inkişaf edən dövlətinə çevrilib. Dünya ölkələri Azərbaycanla hesablaşır, etibarlı tərəfdaş kimi münasibətlər qurmağa maraq göstərirlər. MDB dövlətlərinin bir araya gəlməsi bu baxımdan əhəmiyyətlidir. Azərbaycanla Qırğızıstan arasında iqtisadi, humanitar, sosial-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur və gələcək inkişaf üçün yeni perspektivlər açır". Bunu SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, MDB Dövlət Başçılar Şurasının Bişkekdə keçirilən növbəti iclasında Azərbaycan Prezidenti İlham Əliyev MDB çərçivəsində də əməkdaşlığın yaxşılaşdırılmasının önəmli olduğunu bildirib: “Qırğızıstan paytaxtına səfəri zamanı Azərbaycan Prezidenti ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı dövlət rəhbərləri bu fikirdə olduqlarını bir daha bildirmişlər. Dövlətimizin rəhbəri qeyd edib ki, bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələr olduqca yaxşıdır. Çoxlu layihələr var. Səsləndirilən fikirlər MDB ölkələrinin bir məqsəd uğrunda birgə mübarizə aparılmasına ehtiyacın olduğunu şərtləndirir və əlbəttə ki, keçirilən hər bir görüş, irəli sürülən səmərəli təkliflər və həyata keçirilən tədbirlər birliyin möhkəmləndirilməsinə yönəldilmişdir və bu təqdirəlayiqdir. Özbəkistan da MDB məkanında uğurlara imza atır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi də onun uğurlu fəaliyyəti kimi təqdim oluna bilər. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsidir. Qeyd edək ki, Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə