Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının ən fəal üzvüdür – DEPUTATIN ŞƏRHİ

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının ən fəal üzvüdür – DEPUTATIN ŞƏRHİ

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi əlamətdar hadisədir. Qarabağın incisi sayılan Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi dayanır: “Ölkəmiz Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna – İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsi müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisidir. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə və daha sonra bu ilin sentyabrında 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərində əldə edilən uğurlar nəticəsində Azərbaycan xalqı ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Qazanılan qələbə nəticəsində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin təntənəsi oldu. Azərbaycan hər zaman bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Tədbirdə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən islam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Bu dövr ərzində bu ərazilərdə mövcud 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilib. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramı ölkəmizin milli prioritetləri sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə