Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətləri bu gün uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri zamanı səsləndirdiyi fikirlər də bunu bir daha sübut edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze söyləyib.
Onun sözlərinə görə, bu gün regionda reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri bizim dostluğumuzu daha da möhkəmləndirir. Azərbaycan stabil ölkədir və zəngin karbohidrogen ehtiyatlarına malikdir. Prezident İlham Əliyev bütün imkanlardan səmərəli istifadə edərək çox böyük uğurlar qazandı. Onun rəhbərliyi altında Azərbaycan Ordusu torpaqları işğaldan azad etdi. Bu, təkcə Azərbaycan üçün faydalı olmadı. Azərbaycan bununla regionda sülhün və əmin-amanlığın əsasını qoydu. Azərbaycanın bu Qələbəsi digər münaqişələrin həlli üçün də yol açır: “Prezident İlham Əliyev həm də dünyaya nümayiş etdirdi ki, münaqişələri çox qısa zamanda həll etmək olar və hətta düşmənin özü ilə də birbaşa danışıqlar aparmaq olar. Bu, bütün dünya üçün bir nümunədir”.
L.Mamaladze deyib ki, bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünyada nümunədir. Bizim liderlərimiz tərəfindən ortaya qoyulmuş möhkəm siyasi iradə nəticəsində iqtisadi və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. İqtisadi əlaqələrimizdən danışırkən neft və qaz, nəqliyyat layihələrini nəzərdə tutmaq olmaz. Biz bu gün daha böyük, qlobal layihələr üzərində işləyirik. Bu Şərqlə Qərbi birləşdirəcək Orta Dəhliz layihəsidir. Bu layihənin daha da böyük uğur gətirməsi üçün Anakliya limanı tikilir. Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin bu məsələdə yekdil fikirdə olması, onu deməyə əsas verir ki, layihə həqiqətən də böyük gəlirlər gətirəcək və bizim xalqlarımızın rifah halı daha da yaxşılaşacaq.
“Düşünürəm ki, xalqlarımız da dövlət və hökumət başçılarımızın ətrafında sıx birləşməli və münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmalıyıq. Bütün dünyaya sübut etməliyik ki, Azərbaycan ilə Gürcüstan regionun əsas aparıcı ölkələri olmaqla yanaşı, hamı üçün nümunə olan dost, qardaş ölkələrdir”,- deyə Mamaladze vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB