"Cinayətkar cəzasız qalmamalıdır və qalmır" - ŞƏRH EDİLDİ

“Azərbaycan haqqı olanı əldə edib və bundan sonra da davamını gətirəcək. Əsrlər boyu itirdiklərimiz Ali Baş Komandanımız, Prezident İlham Əliyevin uğurlu strategiyası, sərkərdəlik bacarığı sayəsində özümüzə qaytarıldı. Bu yolda itkilərimiz də oldu, şəhidlər verdik, sağlamlığını itirənlər oldu, amma qazandıq, Vətənimizin bir hissəsini bərpa etdik. Müharibə caniləri, xalqımıza qarşı vəhşiliklər törətmiş, ölkəmizin suverenliyinə qəsd etmiş separatçılar Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bir-bir ələ keçirilir. Dünən Gəncəyə raket atılması əmrini verən xunta başçısı bu gün əli qandallı məhkəmə önünə çıxarılır. Azərbaycan Arkadi Qukasyanı, Bako Saakyanı, Arayik Arutyunyanı və digər terrorçuları həbs etməklə separatçıların aqibətinin bundan sonra necə olacağını, xəyanətin bədəlinin ağırlıq dərəcəsini göstərir. Cinayətkar cəzasız qalmamalıdır və qalmır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, müharibə bitsə də Azərbaycanın mübarizəsi hələ də davam edir: “Bu mübarizə beynəlxalq tribunalarda, təşkilatlarda, ayrı-ayrı ölkələrdə aparılan danışıqlarda gedir. Ədaləti bərpa edən rəsmi Bakı Ermənistanın yalanlarını puça çıxarmaq üçün təkcə işğalçı ölkənin özü ilə yox, həm də onun arxasında duran qara qüvvələrlə masada savaş aparır. Ermənilərin öz arzusu ilə Qarabağdan Ermənistana və dünyanın bir sıra ölkəsinə köç etməsinə “etnik təmizləmə” adını qoyanların yanlış yolda olduqlarını konkret faktlarla sübut etmişik. Bu gün ermənilər Ermənistandan köçür, başqa ölkələrdə yaxşı güzəran axtarır. Azərbaycanın torpaqlarında, suveren ərazilərində ermənilər bizim qanunlarla yaşamaq istəmirlərsə, buna reaksiya necə olmalıdır. Əlbəttə, istənilən dövlət onun qanunlarına tabe olmayanı bir saat da ərazilərində saxlamaz, onları dərhal deportasiya edər. Azərbaycan isə ermənilərə seçim imkanı verdi, bütün vətəndaşlar kimi onların da hüquqlarının qorunacağı öhdəliyini götürdü, amma 30 il ərzində separatçılar tərəfindən dünyanın ayrı-ayrı ölkəsindən gətirilən ermənilərin əksəriyyəti başqa seçim etdilər. Onlar Ermənistan rəhbərləri və Qarabağdakı xunta rejimi tərəfindən aldandıqlarını anladılar. Ermənistan dövlətinin separatçı qurum yaratmasında ona bütün mənalarda dəstək olan ölkələr bu gün yenə meydan sulayırlar. Fransanın xarici işlər naziri tələm-tələsik, son bir ayda ikinci dəfə Ermənistana səfər edib, İrəvana hərbi yardım edəcəyini açıq bəyan edib. Ermənistanın ərazi bütövlüyü dəstəkləmək adı ilə Azərbaycana və Türkiyəyə qarşı təhdidlər yağdırır. Amma unudur ki, iki qardaş və strateji müttəfiq dövlətlə - Türkiyə və Azərbaycanla yalnız dostluq etmək olar, bizi Afrikadakı müstəmləkə ölkələri ilə qarışdırmasınlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə