"İşğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır" - ŞƏRH EDİLDİ

"İşğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır" - ŞƏRH EDİLDİ

“Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Doğma yurd yerimiz 27 il işğal altında qaldı, rayon əhalisi respublikamızın 58 rayonuna səpələndi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var idi. Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün oldu. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyulduqdan ötən 3 il ərzində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışırdı.

K.Bayramov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərə Azərbaycanın mülki vətəndaşlarının qayıtması, eyni zamanda, onların təhlükəsizliyinin təmin edilməsi baxımından bir çox addımların atılması artıq zərurət idi. Cari ilin sentyabrın 20-də Qarabağda uğurla başa çatdırılmış bir sutkalıq lokal aniterror tədbirləri regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açdı. Məhz bu böyük və mühüm hərbi əməliyyatla Ali Baş Komandanımız tarixi ərazilərimiz üzərində ölkəmizin tam və qəti Qələbəsini təmin etdi. Artıq Ermənistanla sülh müqaviləsinin imzalanmasının, Avropa və Asiya arasında əhəmiyyətli bir körpü funksiyasını yerinə yetirəcək Zəngəzur dəhlizi məsələsinin həll edilməsinin uzaqda olmadığı görünməkdədir. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi mühüm əhəmiyyətə malikdir.

Deputat əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. İşğaldan azad olunan Cəbrayıl rayonunda son üç il ərzində bərpa və abadlıq-quruculuq işlərinin aparılır. Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. Ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğulayıb ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə