Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır. Bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə yaydığı bəyanatda deyilir. Missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Nümayəndələrin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.
Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 1-də səhər saatlarında BMT missiyasının üzvləri yerlərdə vəziyyətlə tanış olmaq və yerli sakinlərin humanitar ehtiyaclarını öyrənmək üçün Qarabağa gəliblər. Bir gün əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirmişdi ki, təşkilat nümayəndələri 30 ildir ki, regionda olmayıblar. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi missiyanın Bakının dəvəti ilə gəldiyini vurğulayıb. Onlar ümid edirlər ki, səfər sayəsində dünya Azərbaycan hakimiyyətinin regiondakı humanitar fəaliyyəti ilə tanış olacaq. Qarabağın bir sıra şəhərlərində, o cümlədən Xankəndidə Azercell, Bakcell və NAR operatorları artıq rabitə xidmətləri göstərir. LTE texnologiyası da mövcuddur. Şuşada yeni məktəb istifadəyə verilmək üzrədir. Bundan başqa, Azərbaycan erməni əhalisinə tibbi və humanitar yardımın göstərilməsi ilə bağlı bütün faktları diqqətlə qeydə alır. Məsələn, ölü sayının çox olduğu yanacaq çəninin partlamasından sonra Bakı zərərçəkənlərə kömək üçün bir neçə yanğınsöndürən və təcili yardım maşınları göndərdi.
Öz növbəsində Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva bildirib ki, respublikada ermənilərin hüquqları ölkənin digər vətəndaşlarının hüquqları kimi qorunacaq. “Hər bir ölkə vətəndaşı kimi Qarabağda yaşayan erməni əsilli vətəndaşlar da hüquq və azadlıqlarının təmini ilə bağlı hər hansı problem yarandıqda, 24 saat fəaliyyət göstərən “916” zəng mərkəzinə zəng edərək Ombudsmanla əlaqə saxlaya bilərlər”, - deyə Əliyeva əmin edib.
Bu arada Ermənistan hakimiyyəti Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. İrəvan hesab edir ki, guya Bakı Qarabağdakı erməni əhaliyə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozub. Eyni zamanda, o, bir tərəfdən azərbaycanlıların erməniləri birbaşa və ya dolayısı ilə öz ərazilərindən sıxışdırıb çıxarmağa son qoymasını, digər tərəfdən isə bölgəni tərk etmək istəyən hər kəsə mane olmamasını istəyir. Ermənistan hakimiyyəti də Azərbaycanın Qarabağın indiki və keçmiş siyasi və hərbi nümayəndələrinə qarşı tədbirlərdən çəkinməsini istəyir. Bundan əlavə, İrəvan Bakıdan “təhlükəsizlik qüvvələrini bölgədəki mülki obyektlərin ərazisindən çıxarmağı və erməni irsinə, o cümlədən Osmanlı dövründə erməni soyqırımı qurbanlarının xatirə abidələrinə qəsd etməməyi” tələb edir. Çox absurd iddiadır, əvvəla Azərbaycan ordusunun hərbi hissələri heç bir mülki binalarda yerləşdirilməyib, ikincisi və ən əsası, Osmanlı dövründə baş verməmiş və Azərbaycan tərəfindən də “qondarma” damğası vurulmuş bir hadisəyə aidiyyəti olduğu bildirilən “abidə”nin torpaqlarımızda mövcudluğuna göz yummağı bizdən tələb etmək heç bir məntiqə sığmır.
İrəvan iddia edir ki, guya Qarabağda heç bir erməni qalmayıb. “Oktyabrın 1-də səhər saatlarında 100 min 483 nəfər Qarabağı tərk edib”. Bakıda isə bunu cəfəngiyyat adlandırır və bunun texniki cəhətdən də mümkünsüz olduğunu bildirirlər. Qısa müddət ərzində 100 min nəfərin, həm də öz avtomobilləri ilə dağ yollarından keçməklə, üstəlik də sərhəd keçid məntəqəsindən istifadə etməklə Ermənistana getmələri qeyri-mümkündür, növbəti erməni yalanıdır. Bəs onda, Ermənistan hakimiyyətini nə vadar edir ki, Qarabağdan könüllü şəkildə gedənlərin sayını bu qədər şişirtsin? Kiçik araşdırma kifayət edir ki, bunun səbəbini öyrənəsən. Əvvəla, bu “fakt” vasitəsilə Azərbaycanı cavabdehliyə cəlb etmək, ikincisi beynəlxalq donor təşkilatlarından, ayrı-ayrı ölkələrdən köçkünlərin ehtiyacını ödəmək üçün yardımların həcmini artırmaq, bol para toplamaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın iddiasını tamamilə əsassız və absurd adlandırıb. O, xüsusilə qeyd edib ki, İrəvanın tələbi Beynəlxalq Məhkəmənin sözügedən iş üzrə əvvəlki qərarlarına məhəl qoymur və azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təbliğinə yönəlib. Hacızadə iddianı Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd cəhdlərindən əl çəkmədiyinin sübutu kimi qiymətləndirib. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev hələ də Ermənistanla sülhün mümkünlüyünü rədd etmir. Onun sözlərinə görə, bu, İrəvandan baş nazir Nikol Paşinyanın 2019-cu ildə verdiyi “Qarabağ Ermənistandır” bəyanatından sonra baş vermiş hadisələri düzgün təhlil etməyi tələb edir. “Biz Cənubi Qafqazın gələcəyini, bütün regionun gələcəyini belə görürük. Düşünürəm ki, qonşularımız və beynəlxalq aktorlar bizim tərəfimizdən yalnız konstruktiv yanaşma görəcəklər”, - deyə İlham Əliyev yekunlaşdırıb.
Erməni politoloq Arşaluys Mqdesyan bildirib ki, beynəlxalq təşkilatlara indiki müraciət İrəvana heç bir maddi fayda gətirməyəcək, çünki əvvəlki cəhdlər nəticə verməyib. “Məsələn, əvvəllər Bakı BMT məhkəməsinin, Rusiya, ABŞ və Avropa İttifaqının Laçın yolunun qarşısının alınması ilə bağlı çağırışına məhəl qoymadı. İndi nəyinsə dəyişəcəyi ehtimalı yoxdur. Çox güman ki, bu yolla Ermənistan Azərbaycanın Qarabağdakı cinayətləri ilə bağlı dosye hazırlayır ki, məhkəməyə müraciət etsin”, - ekspert hesab edir. Qarabağdakı beynəlxalq missiyaya gəlincə, Mqdesyanın sözlərinə görə, bu, regionda çox gec peyda olub: “Azərbaycan praktiki olaraq Qarabağın öz strukturuna inteqrasiyasına başlayıb”.
Bu arada azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib ki, Bakı 30 ildir ki, BMT missiyasının Qarabağa səfərini reallaşdıra bilməyib, çünki bunun üçün heç bir siyasi şərait yox idi. “İndi Azərbaycan tərəfi qərarlar verir, amma vaxtilə bölgə separatçıların nəzarətində olub. Ümid edirəm ki, BMT missiyası Bakının etnik təmizləmə aparmadığını və ermənilərin Qarabağı könüllü şəkildə tərk etdiyini təsdiq edəcək”. Vəlizadə eyni zamanda bildirib ki, indiki hadisələr yüz minlərlə azərbaycanlının Qarabağı tərk etdiyi 1990-cı illərin əvvəllərində baş verənlərlə müqayisə oluna bilməz. “O zaman nə dəhliz, nə sülhməramlılar, nə də beynəlxalq təşkilatlar var idi. İnsanlar irəliləyən ordudan qaçdılar. Bu mənada Bakının İrəvandan daha çox arqumentləri var”, - ekspert vurğulayıb.

Azərbaycan hakimiyyəti Qarabağa investisiya qoymağa hazırlaşır. Çin şirkətləri Azərbaycanın əvvəllər elektrik enerjisi olmayan iqtisadi rayonuna elektrik yarımstansiyaları verməyə hazırdırlar. 1992-1994-cü illərdə baş vermiş münaqişə zamanı Qarabağı tərk etmiş bir milyon azərbaycanlı qaçqınöz yurduna, evinə qayıtmağı planlaşdırır. Bakı bildirir ki, regionun reinteqrasiyası uğurla davam edir. BMT-nin oraya gələn missiyası hələlik heç bir nəticə çıxarmayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani isə bildirib ki, bu ərazini tərk edən erməni sakinlərə qarşı zorakılıq faktı aşkar edilməyib.
Azərbaycan Qarabağda konstitusiya quruluşunun bərpası tədbirlərini başa vurduqdan 5 gün sonra Prezident İlham Əliyev Naxçıvanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. İlham Əliyev qeyd edib: “Artıq Azərbaycandan Qarabağ bölgəsinə orada yaşayan erməni əhaliyə humanitar yardımın çatdırılmasına başlanılıb. Yanacaq, o cümlədən dizel yanacağı, benzin, ərzaq, dərman və digər humanitar yardımlar verilir. Bu bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. Bu insanların təhlükəsizliyi və hüquqları Azərbaycan dövləti tərəfindən təmin olunacaq”.
Prezident Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinin uğurla davam edəcəyinə əminliyini ifadə edib. Lakin separatçıların rəhbəri qondarma qurumun ləğvi haqqında “fərman” imzalayandan sonra erməniləri Qarabağdan tələsik köçməyə məcbur ediblər. Bundan xeyli əvvəl isə Azərbaycan Prezidenti azərbaycanlı qaçqınların Qarabağa qayıdışının başlandığını elan edib: “Artıq 2 mindən çox insan bölgəyə köçüb. Ümumilikdə 30 il ərzində 1 milyona yaxın azərbaycanlı Qarabağı tərk edib. İndi öz doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə gözləyirlər. İnsanlar Bakıdan, ölkənin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən gəlirlər. Onlar şəhərlərdən kəndlərə gəlirlər”.
Azərbaycan Prezidenti söz verib ki, hakimiyyət Qarabağa qayıdan vətəndaşlara təşkilati və maddi köməklik göstərəcək. İlham Əliyev həmçinin əminliklə qeyd edib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi təxribat xarakterli bəyanatından sonra baş vermiş hadisələri düzgün təhlil edərsə və bundan nəticə çıxararsa sülhü də uzaqda axtarmaq lazım gəlməz. Əlbəttə, Azərbaycan Cənubi Qafqazın gələcəyini, bütün regionun gələcəyini belə görür. Qonşularımız və beynəlxalq aktyorlar bizim tərəfimizdən yalnız konstruktiv yanaşma görəcəklər.
İlham Əliyev İspaniyanın Qranada şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ərəfəsində xatırladıb ki, bu il sentyabrın 20-də biz öz suverenliyimizi tam olaraq bərpa etdik. Beləliklə, bizim torpağımızda artıq nə boz zona, nə qanunsuz obyekt, nə də separatizm var. Hesab edirəm ki, bu güclü siyasi iradənin, Azərbaycan xalqının birliyinin nümayişi, eləcə də Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olması hələ də revanşist ideyalarla yaşayan bütün insanlar üçün siqnaldır. Bütün bunlardan əl çəkməlidirlər.
Bu arada isə məlum olub ki, Ermənistan tərəfi Avropanın 20-dən artıq şəhərlərində, o cümlədən Brüsseldə, Londonda, Roma, Vyana, Stokholm, eləcə də Qranadada “Qarabağa dəstək” aksiyaları keçiriləcək. Halbuki, hər iki ölkə ictimaiyyətinin böyük hissəsi müharibədən çox sülhə üstünlük verir və Qranadada tərəflərin sülh üqaviləsi ətrafında danışıqlar aparacaqlarını düşünürlər. Aksiyalar isə sülhü inkar deməkdir, həqiqəti danmaq, reallıqla barışmamaqdır. Bu isə məğlub Ermənistan üçün heç bir gələcək vəd etmir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB