Azərbaycan beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb – DEPUTATIN ŞƏRHİ
“Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, beynəlxalq tədbirlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi prosesində çox mühüm kriteriyalar olur: “Kriteriyalara uyğun ölkələr də tədbirlərə ev sahibliyi etmək hüququ qazana bilir. Azərbaycan müvafiq olaraq 74-cü astronavtika konqresinin keçirilməsi üçün kriteriyalara tam uyğundur və sözügedən istiqamətdə Azərbaycan Respublikasının artıq oturuşmuş əməkdaşlıq sistemi mövcuddur. Nəzərə almaq lazımdır ki, Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxsaylı qonaqların gəlməsi deməkdir. Həm də Azərbaycanın həm beynəlxalq münasibətlər, həm də beynəlxalq əməkdaşlıq sistemində kifayət qədər sözü keçir və ölkəmizə böyük etimad var. Azərbaycanda son 20 il ərzində, ümumdaxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumdaxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi hər bir vətəndaşımızda qürur hissi oyadır. Çünki keçən əlli ildə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin qoyub-getdiyi bünövrə, tövsiyə etdiyi tapşırıqlar, siyasət sayəsində, cənab İlham Əliyevin düşünülmüş planları, həyata keçirdiyi proqramlar, layihələr əsasında tamamilə dəyişmiş, mədəniləşmiş, inkişaf etmiş və dünyanın tanınan dövlətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan kosmosa yollar açır və daha böyük nailiyyətlər, qələbələr sorağındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB