Vardanyanın həbsinə QHT RƏSMİLƏRİNİN BAXIŞI - SORĞU

Vardanyanın həbsinə QHT RƏSMİLƏRİNİN BAXIŞI - SORĞU

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. Toplanmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev: "Azərbaycanın Qarabağ iqtisadi zonasında qanunsuz fəaliyyət göstərən o xuntanın ləğv ediləcəyi qaçılmaz bir proses idi. Ali Baş komandanımızın rəhbərliyi altında qəhrəman peşəkar ordumuzun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatizmə xidmət edən silahlıların zərərsizləşdirilməsi, dayaq məntəqələrinin məhv edilməsi, silah-sursatdan məhrum edilmələri separatizmin başında duranları çox aciz və çıxılmaz vəziyyətə saldı. Onlar ya təslim olmalı, ya da məhv edilməli idilər. Görünür ki, Vardanyanın saxlanılması onları daha real düşünməyə vadar etdi. Məcbur olub özünü buraxma qərarı qəbul edib sonradan bir-bir təslim olmağa qərar verdilər. Bir daha qeyd edim ki onların başqa variantı qalmamışdı. Ya Azərbaycanın humanist çağırışlarına ümidlə təslim olmaq, ya da məhv edilmək".

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev: "Ruben Vardanyanın həbsi Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasını sürətləndirəcək. Çünki, R.Vardanyan Qarabağa gəldiyi gündən bölgədə separatizmə həm maddi, həm də mənəvi dəstək verib. Bu da Qarabağda qeyri-qanuni fəaliyyət göstərən separatçı administrasiyanı, həm də onlara dəstək verən azsaylı əhali qrupunu cürətləndirirdi. Onlar düşünürdü ki, R.Vardanyan Rusiyanın adamıdır, dünyada tanınır, güclü maliyyə dayaqları var, toxunulmazdır və s. Azərbaycan dövlətinin sərt üzü, güclü iradəsi və prinsipiallığı bütün bu yanaşmaları darmadağın etdi. Bu nöqteyi-nəzərdən R.Vardanyanın həbsi həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasında maraqlı olan hissəsi üçün arzuolunan idi. Onlar da acınacaqlı yaşayışdan, davamlı müharibə təhlükəsindən bezməmiş deyildilər.

R.Vardanyanın həbsi həm də separatçı rejimin özünü buraxmasını sürətləndirdi. Bu gün səhər elan etdilər ki, artıq Artsax deyilən qondarma rejim yoxdur. Bunun ardınca separatçı adminstrasiyada mühüm post tutan David Babayan könüllü təslim oldu. İndi Azərbaycan dövləti onlar və digərləri ilə bağlı hüquqi müstəvidə iş aparır.

Bütün bu kimi hadisələr Azərbaycan dövlətinin Qarabağda tam idarəçiliyi tezliklə bərpa edəcəyinə ümidləri artırır. Əlbəttə, hazırda bölgədə birgəyaşayışın təmin olunması üçün digər addımlar da atılır. Prezident İlham Əliyev davamlı olaraq bu məsələdə açıqlamalar verir. Hazırda Qarabağda, Xankəndi və işğaldan azad olunan ətraf rayonlarda yaşayan erməni etnik azlığın qida və yanacaq təminatı, tibbi xidməti ən yüksək səviyyədə təşkil olunur. Təbii ki, bütün bunlar reinteqrasiya məsələlərini də sürətləndirir. Ümumilikdə son günlər baş verənlər sevindiricidir. Artıq Azərbaycan polisi Xankəndi küçələrində xidmət keçir. Düşünürəm ki, tezliklə o yerlərdən qaçqın düşən azərbaycanlılar da öz yurd yerlərinə qayıdacaq və bölgədə sülh tam bərqərar olunacaq".

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: "30 illik işğal dövründə separatçı rejimin bütün rəhbər şəxsləri, o cümlədən bütün silahlı canilər, habelə Ermənistanın bir çox siyasi, hərbi rəhbərləri Azərbaycana qarşı dəhşətli cinayətlər törədiblər.

Torpaqlarımızın işğalı, insanlıq və mülkiyyət əleyhinə cinayətlər, Xocalı faciəsini törədiblər, separatçı rejim qurmağa çalışıblar. Faktiki olaraq minlərlə erməni beynəlxalq cinayətlərin təşkilatçısı iştirakçısıdır. Onların liderləri, əli qana batmış adamlar təbii ki, gec-tez məsuliyyətə cəlb olunmalı idilər.

Azərbaycan 2020-ic ildə əldə etdiyi Qələbədən sonra bu prosesə də start verib. Postmüharibə dövründə bir çox canilər qandallandı. Onlar mühakimə edildilər.

10 noyabr Üçtərəfli sazişinə görə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı rejim özünü buraxmalı və tərksilah olmalı idi. Lakin bunu 3 il yerinə yetirmədilər və nəticədə Azərbaycan lokal antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi.

Bu 3 ildə separatçı rejimin rəhbərləri, özlərini general adlandıranlar, o cümlədən 2021-ci ildə qəfildən Qarabağda peyda olan, ölkəmiz ərazisinə qanunsuz soxulan Ruben Vardanyan və digərləri separatizmə, terrorizmə açıq şəkildə dəstək veriblər, rəhbərlik ediblər. Həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına görə bu şəxslər mütləq həbs olunmalı və mühakimə edilməlidir.

Azərbaycan hazırda bu prosesi həyata keçirir. Əgər dünyanın hansısa ölkəsindən buna hansısa siyasi don geyindirmək cəhdləri olarsa, onlar da terrorçular, canilərə dəstək vermiş sayılacaqlar, tarixdə belə qalacaqlar.

Heç şübhəsiz ki, biz qarşıda Araik Arutyunyanın da, Valasanyanın da, digərlərinin də cəzalandırılmasının şahidi olacağıq. Bu taleyi hətta əli qana batmış Serj Sərkisyan, Robert Köçəryan da yaşaya bilər".

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: "Azərbaycan Ordusunun üç il öncə, 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdı. Bu, həm də yeni-yeni uğurlarımızın başlanğıcı oldu.

Müharibədə düşmənə sarsıdıcı zərbə vurulsa da, Azərbaycan yenə də öz sülhsevər siyasətinə sadiq qaldı. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişi imzalamağa çağırış etdi. Lakin qarşı tərəf bunun əksinə olaraq təxribatlarını davam etdirdi. Yəni, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdən öz əsgərlərini çıxarmadı. Bu azmış kimi, separatçılarla birlikdə Azərbaycana qarşı təxribatlarını daha da intensivləşdirdi. Bunun da nəticəsi hər kəsə bəllidir. Azərbaycanın cəmi bir günə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçılara və ərazidəki Ermənistan silahlı qüvvələrinə zərbə vuruldu.

Bundan sonra cərəyan edən proseslərə gəlincə, bu məqamda Ruben Vardanyan başda olmaqla cinayətkarların həbsini xüsusi qeyd etməliyik. Artıq hər kəsin törətdiyi əmələ, yol verdiyi cinayətə görə cəzasının çəkməyinin vaxtıdır. Uzun illər torpaqlarımızda cinayət törədən digər cinayətkarlar da tezliklə Ruben Vardanyanın taleyini yaşayacaqlar. Yaxşı olar ki, onlar özləri könüllü təslim olsunlar. Bu həbslər bir tərəfdən separatçılığın sonunun necə olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirirsə, digər tərəfdən Azərbaycan dövlətinin gücünü, qüdrətini, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurunu nümayiş etdirir. Dünya bir daha şahidi olur ki, Azərbaycan dövləti, dövlətimizin rəhbəri nəyi, necə və nə vaxt etməyi çox yaxşı bilir".

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: "Ruben Vardanyan kimi cinayətkarların həbsi davam etdirilməlidir. Doğrudur, onun müharibə cinayətlərində əli olmayıb. Nə birinci, nə də ikinci Qarabağ müharibələrində iştirak etməyib. Lakin Vardanyanın Azərbaycan Respublikası ərazisində, ölkənin konstitusion quruluşuna qarşı konkret hərəkətləri var. O, Xankəndində separatçı qurumun “dövlət naziri” vəzifəsini tutmuşdu. Əslində onu qondarma quruma rəhbər kimi nəzərdə tutmuşdular. Lakin Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində bu plan baş tutmadı. Vardanyanın üzvü olduğu xunta ilə birlikdə Azərbaycan qanunlarını saymayıb, ölkəmizə, onun vətəndaşlarına, ordusuna, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror-təxribat hərəkətlərinin hazırlanmasında əli var. Dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq o, bu qanunsuz əməllərindən əl çəkmədi. İndi o aid olduğu yerdədir. Səbail məhkəməsi Ruben Vardanyan barədə 4 aylıq həbs qərarı verib.

Yeri gəlmişkən, Qarabağdakı qondarma rejiminin keçmiş “xarici işlər naziri” David Babayan sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib. Ağlı başında olanlar vəziyyəti özləri üçün daha da pisləşdirməyəcək, Azərbaycana təslim olub dövlətimizin ədalətinə sığınacaqlar. Ümumiyyətlə, Azərbaycana qarşı separatçılıq fəaliyyəti ilə məşğul olmuş, müxtəlif illərdə xalqımıza qarşı terror və təxribat əməllərində əli olanların hamısı, o cümlədən Xocalı caniləri Zori Balayan, Robert Köçəryan, Serj Sarkisyan, Arkadi Quqasyan, Bako Saakyan, Seyrah Ohanyan da həbsə atılmalı, layiqli cəzalarını almalıdırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə