“Azərbaycan Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan tərəfi olaraq biz uzun müddətdir ki, Qarabağın erməni icması təmsilçiləri ilə görüşün keçirilməsi təklifi ilə çıxış edirdik. Hətta ilk belə bir görüş keçirilməsinə nail də olunmuşdu. Amma sonrakı dövrdə dəfələrlə edilən müraciətlərə baxmayaraq digər tərəf görüşün keçirilməsindən imtina edirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, təbii olaraq antiterror tədbirləri yeni situasiyanın yaramasına imkan verdi və nəhayət ki, Qarabağın erməni icması da anladı ki, görüşməkdən və rəsmi qurumların təkliflərini müzakirə etməkdən başqa yol yoxdur: “Xocalıda keçirilən son görüş sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımların müzakirəsi baxımından əhəmiyyətli oldu. Məlumdur ki, ilk görüşdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik enerjisi təchizatı kimi məsələlər müzakirə olunmuşdu və dərhal da müvafiq dövlət qurumlarımız tərəfindən bu istiqamətdə konkret addımlar atılmışdı. Erməni icması münayəndələrinin sadalananlarla bağlı razılıq ifadə etməsi də onu göstərir ki, keçirilən görüşlər kifayət qədər effektlidir və qarşıya çıxan problemlərin dərhal aradan qaldırılması baxımından bu cür görüşlərin alternativi yoxdur.

Xocalı görüşü növbəti mərhələdə atılacaq addımların müzakirəsi baxımından da effektli oldu. Məlum olduğu kimi görüşdə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılsın. Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Şübhəsiz ki, keçirilən görüşlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi ilə yanaşı prossesin özünün sürətləndirilməsinə də müsbət mənada təkan verir. Nəticə göz qabağındadır. Rəsmi məlumatlarda da qeyd olunduğu kimi artıq Qarabağın erməni sakinləri arasında Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edənlər də var. Bütün bunlar onu göstərir ki, biz çox tezliklə bütün Qarabağda Azərbaycan bayrağının dalğalandığının şahidi olacağıq.

Ən önəmlisi isə odur ki, Azərbaycan antiterror tədbirlərindən sonra bütün Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir. Bu tədbirlər bundan sonra baş verə biləcək bütün müsbət proseslərin önünü açdı. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün də geniş imkanlar açır. Bu is öz növbəsində bütün regionumuzun inkişafına öz müsbət təsirini göstərəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə