Yerli xarakterli antiterror tədbirləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında da öz əksini tapdığı kimi, Üçtərəfli Bəyannamənin müddəalarının təmin edilməsi, ölkəmizin Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və ərazilərimizdən çıxarılması məqsədilə görülüb. Ermənistan tərəfi, bütövlükdə erməni cəmiyyəti isə artıq başa düşür ki, bu, ərazilərimizi qarət etmiş, talamış, harınlamış xuntanın, separatçı qrupun sonu deməkdir. Artıq haylar anlayırlar ki, boz zona haqqında ümid belə bəsləməyə, xəyal belə etməyə dəyməz və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin danışıqlar üçün müraciət etmələri, bunun üçün 21 sentyabr tarixində Yevlaxda görüşmək barədə razılığa gəlinməsi heç də təsadüfi sayılmır, miatsum dedikləri sərsəmliklərin də, separatçılığın da, qudurğanlığın da, harınlığın da sonunun çatması və bunun özləri tərəfindən də dərk edilməsi kimi başa düşülür.
İkinci Qarabağ müharibəsindən, müharibənin məntiqi nəticəsi olaraq əvvəlcədən gözlənilən həmin o şanlı Zəfərimizdən, Azərbaycanın möhtəşəm qələbəsindən sonra, təqribən üç ilə yaxın müddət ərzində bir neçə dəfə erməni cəmiyyətində sülhə yönəlik pafoslu sözlər, deklarativ ifadələr səsləndirilsə də, bununla bağlı Ermənistan tərəfindən, erməni cəmiyyətindən irəliyə doğru bir addım belə atılmadı, ortaya da heç bir real nəticə çıxmadı. Görünən o idi ki, separatçı rejim sülh gündəliyinə qarşıdır və danışıqlar prosesinin də, sülhün də əleyhinədir. Bu müddət ərzində Ermənistanda və Qarabağdakı xunta nəinki reinteqrasiyaya mane oldu, hətta Azərbaycan ordusuna və mülki əhaliyə qarşı təcavüz aktlarına da əl atmağa qədər qudurdu və harınladı. Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutarkən səngərlər qazıb, istehkamlar ucaldanların hədlərini çox aşdığı göz önündə idi və nümayişkaranə şəkildə təlimlər keçirmələri də bu kimi bəzi məqamların tam şəkildə təsdiqidir.
Mütəmadi olaraq Azərbaycan ərazisində yerləşən hərbi obyektlərə Ermənistan silahlı qüvvələrinin zərbələr endirmələri, silahı yerə qoyub ərazimizi tərk etməmələri onsuz da dolmuş səbirimizi daşdırmaqda olduğu təkzib edilə bilməz və ölkəmiz son dərəcə böyük səbr nümayiş etdirdiyi də göz önündədir. Bunu beynəlxalq aləm də çox yaxşı görürdü, başa da düşürdü və bu gün onların hansısa müdaxilələrinin tamamilə yersiz ola biləcəyi çox böyük ehtimalla nəzərə alınıb. Yəqin o da nəzərə alınıb ki, erməni diversantlarının “döyüşsüz təslim olmayacaqlarını” göstərmək üçün həyasızcasına qərar verərək, müharibə bitdikdən sonra da ərazilərimizə rus sülhməramlılarının kölgəsi, qanadı altında girərək, minalar bazdırmağa davam etmələri sonsuza qədər cavabsız qala bilməzdi. Həqiqətən də Xocavənd rayonunda baş verən hadisələr, Azərbaycan vətəndaşlarının, daha dəqiq desək, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və “Azəravtoyol” ASC-nin əməkdaşlarının mina terrorunun qurbanına çevrilməsi antiterror əməliyyatlarının keçirilməsinin zamanı yetişdiyini, cavab verilməsinin tam zamanı olduğunu təsdiq etmiş oldu. Hələ tikintisi davam edən, nisbətən yaxınlarda ərazisi təmizlənən və mütəxəssislərimiz tərəfindən dəfələrlə yoxlanılan torpaq yola ermənilər tərəfindən mina qoyulması həyasızlığın da, hədsizliyin də, qudurğanlığın da, qanunsuzluğun da, ölkəmizə qarşı təxribatların da, terrorun da təsdiqidir və təcili olaraq cavab verilməsini, antiterror əməliyyatlarının keçirilməsini tələb edirdi və belə də oldu.
Antiterror əməliyyatlarına başlayan Azərbaycan Ordusu terrorçulara, separatçılara, qanunsuz silahlı dəstələrə dərhal məğlubiyyət acısını yaşatmağa başladı. Ordumuz əməliyyata başlayan zaman, elə bir anda həmin o separatçılar, terrorçular 44 günlük müharibəni yada salmalı oldular. Yada salmalı oldular ki, onlar döyüş meydanında Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyiblər və bundan sonra da bunun mümkünlüyünü heç ağıllarının ucundan da keçirə bilməzlər. Bir qədər öncə qondarma “miatsum”, yaxud “revanşizm” deyənlərin antiterror əməliyyatları başlayan anda Xankəndi küçələrində necə və nəyə görə təlaş içərisində olduğunun bu baxımdan səbəbi bəlli idi. Maraqlı olan onların nəyə, yaxud da kimə arxayın olmaları idi, amma hadisələrin gedişi göstərdi ki, bu mənada da haylar yanlışlığa yol veriblər və eyni ilə 44 günlük müharibədə az qala dünyanın bütün dövlətlərinin ayaqları altına sərilən Ermənistan hakimiyyətinə, işğalçı ölkəyə məhəl qoyulmadığı kimi, indi də hayların hay-küy salmaları bir işə yaramadı. İşə yarayan bu dəfə də, Azərbaycanın güclü siyasi iradəyə, qətiyyətə, uzaqgörənliyə, liderlik keyfiyyətlərinə sahib olan Müzəffər Ali Baş Komandanın, rəşadətli Azərbaycan Ordusunun və bütövlükdə yumruq kimi birləşib dəmir yumruğa çevrilən Azərbaycan xalqının qarşısında diz çökərək, təslim olaraq, yalvarmaları oldu.
“Azərbaycan ərazisində boz ərazi yoxdur”, deyə dəfələrlə bildirilməsi görünür, ermənilər tərəfindən vaxtında dərk edilməli idi və indi artıq istəsələr də, istəməsələr də bunu dərk etmək məcburiyyətindədirlər. Ümid edirik ki, 44 günlük müharibədə dərk etdiklərini sonradan unutduqları kimi, bu dəfə unutmazlar. Yaxud, elə zənn etməsinlər ki, hansısa dezinformasiya sayəsində beynəlxalq aləmi çaşdıra, nəyə isə nail ola bilərlər. Hansısa hərbi cinayətlərdə ölkəmizi ittiham etmək belə həm ağılsızlıqdır, həm də mümkünsüz. Azərbaycan tərəfi bütün əməliyyatların foto şəkillərini də, video çəkilişlərini də çox yaxşı, zamanında edib və hansı istiqamətdə əməliyyat aparıldığı da, hansı hədəflərə hədəflənildiyi də bundan sonra ermənilər tərəfindən müzakirə mövzusu ola bilməz. Ölkəmizin öz suveren hüquqlarından istifadə edərək, qanuni şəkildə öz ərazisində antiterror əməliyyatları keçirməsinə qarşı kimsə gələ bilməz və bu dəfə də erməni separatçılarına, xuntaya qalan yalnız məğlubiyyətdir. Nə zaman da baş qaldırmış olsalar, yenə məğlubiyyətlə qarşılaşacaqlarını yəqin ki, bu dəfə anlamış olarlar. Hər halda, anlamaları özləri üçün gərəklidir, əks halda bunun acısını özləri çəkmiş olacaqlar və bunu dərk etməmək mümkün də deyil. Elə Vardanyan kimi tanıdığımız “Rusiya layihəsi” olan oliqarxın antiterror əməliyyatları gedən zaman paylaşdığı videogörüntü zamanı hansı həyəcan, hansı qorxu içərisində olduğundan da bunun dərk edildiyi görünür. Görünən odur ki, Azərbaycan bu dəfə də cəmi bircə gün ərzində özünün uğur hekayəsini yazdı və ölkəmizlə zarafat etməyin, hədə dili ilə danışmağın nə demək olduğu barədə beynəlxalq aləmə belə mesaj verdi.
Ölkə rəhbərimizin, Müzəffər Ali Baş Komandanın, cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, mükəmməl planı, təcrübəsi sayəsində Azərbaycan istədiyini etdi, istədiyinə də istədiyi şəkildə nail oldu. Nail oldu, özü də müstəqil şəkildə və yenə də ən qısa zaman fasiləsində. Ölkəmiz bu dəfə də düşmənə dərs verdi və hərbi gücün, qüdrətin nə olduğunu ermənilərə də, bütövlükdə dünya ictimaiyyətinə də başa saldı. Təsadüfi deyil ki, rəsmi Bakı bütün şərtlərini qəbul etdirdi. Azərbaycan artıq bundan sonra bütün ərazilərinə özü, həm də tam nəzarət edəcək. Bundan sonra “boz zona” sözü belə aradan qaldırılmalıdır və ölkəmiz bu dəfə də çox ciddi bir qələbəyə imza atmaqla, Ermənistanı da, həmin ölkənin havadarı hesab olunan ölkələri də bizimlə hesablaşmağa məcbir etmiş oldu. Bu, böyük zəfərdir, böyük qələbədir. Özü də uğur hekayəsi yazdıran mükəmməl bir qələbə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB