Dünya beşdən böyük olacaqmı? - RAKURS

Dünya beşdən böyük olacaqmı? - RAKURS

BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını kim istəmir və niyə?

Nyu-Yorkda açılan BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin əsas mövzularından biri Təhlükəsizlik Şurasında gözlənilən islahat olub. BMT-nin baş katibindən tutmuş Braziliya, ABŞ və Türkiyə prezidentlərinə qədər, demək olar ki, çərşənbə axşamı çıxış edən hər kəs 1945-ci ildə yaradılan bu qurumla uzun müddətdir ki, müasir reallıqlara cavab verə bilmədiyi üçün nəsə etmək lazım olduğunu bildirib. Kreml də əvvəllər BMT Təhlükəsizlik Şurasının yenilənməsinin zəruriliyini bəyan edib. Eyni zamanda XİN bu istiqamətdə əməli addımların nəyə görə hələ çox uzaqda olduğunu izah edib.

Dünya liderləri BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurətindən demək olar ki, “Soyuq Müharibə” başa çatdıqdan sonra danışırlar, lakin bu məsələ, bəlkə də, indiyə qədər heç vaxt bu qədər təcili gündəmə gəlməmişdi. Bunun izahı sadədir: bir çox ölkələr bu mexanizmi təmsil olunmayan və təsirsiz hesab edirlər.
Çünki İkinci Dünya Müharibəsindən sonra bağlanmış müqavilələrə əsasən yalnız beş ölkənin (Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa) veto hüququ var. Həm də bu beşlik səmərəsiz fəaliyyət göstərir, ən mühümü isə aralarında dərin uçurum olduğu üçün consensus əldə etmək demək olar ki, mümkün deyil, hər kəs ayrılıqda sanksiyalar və güc tətbiq edir, BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsiz yanaşırlar.

Çərşənbə axşamı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında yüksək səviyyəli həftəni açan təşkilatın Baş katibi Antonio Quterreş buna görə də həyəcan təbili çalıb. “Beynəlxalq idarəetmə institutları keçmiş zamanda ilişib qalıb. Sadəcə olaraq BMT Təhlükəsizlik Şurasına və ya Bretton Woods maliyyə sisteminə baxın. Onlar 1945-ci ilin siyasi və iqtisadi reallıqlarını əks etdirir”, - deyə o bildirib: “Dünya dəyişib, amma bizim institutlarımız dəyişməyib. Əgər qurumlar dünyanı olduğu kimi əks etdirmirsə, biz dövrümüzün çağırışlarını effektiv şəkildə həll edə bilmərik. Problemin həlli mexanizmi olmaq əvəzinə, problemin bir hissəsinə çevrilə bilərlər”.

Antonio Quterreşin fikrincə, Soyuq Müharibənin böyük bir hissəsi üçün beynəlxalq münasibətlərə əsasən iki fövqəldövlət prizmasından baxılır, ardınca qısa bir müddət ərzində birqütblülük müşahidə edilirdi. “Biz indi sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, bir çox cəhətdən yaxşıdır”, - deyə BMT-nin baş katibi davam edib: “Bu, beynəlxalq münasibətlərdə ədalət və tarazlıq üçün yeni imkanlar açır. Lakin çoxqütblülük özü sülhü təmin edə bilməz. Çoxqütblü dünyanın güclü və effektiv çoxtərəfli institutlara ehtiyacı var”.
Antonio Quterreşin fikrincə, islahatların alternativi “daha çox parçalanmadır”: "Ya islahatlar, ya da böyük bir parçalanma".

Növbəti çıxış edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva (Braziliyaya ənənəvi olaraq Baş Assambleyanın yüksək səviyyəli həftəsində həmişə birinci çıxış etmək hüququ verilir) BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini itirməkdən şikayətlənib. Onun sözlərinə görə, bu, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin “ərazi genişləndirilməsi və ya rejim dəyişikliyinə can atan qeyri-qanuni müharibələrə başlaması” səbəbindən baş verir. Braziliya lideri islahat olmadan BMT Təhlükəsizlik Şurasının deqradasiyaya davam edəcəyini vurğulayıb və eyni zamanda ölkəsinin də daha çox hüquq əldə etmək istədiyini açıqlayıb.

ABŞ prezidenti Co Bayden də çıxışında Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin (hazırda sonuncuların sayı ondur və iki ildən bir seçilir) sayının artırılması yolu ilə yenilənməsinin vacibliyindən çox danışıb. "Birləşmiş Ştatlar BMT-nin bir çox üzv dövlətləri ilə əhəmiyyətli məsləhətləşmələr aparıb və biz islahatların irəliləyişini təmin etmək üçün öz üzərimizə düşən işi etməyə davam edəcəyik. Bizə daha çox səs və daha çox fikir lazımdır”. Co Baydenin sözlərinə görə, ABŞ “bütövlükdə beynəlxalq qurumları daha həssas, daha təsirli və daha əhatəli etmək üçün çalışır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində “bütün bəşəriyyətə fayda verəcək” beynəlxalq idarəetmə sisteminin yaradılmasına çağırıb. “Bu yanaşmanın getdikcə daha çox tərəfdarları var. Biz BMT-nin baş katibi cənab Quterreşlə razıyıq ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan qurumlar müasir dünyanı əks etdirmir”. Türkiyə liderinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası “sülhün təminatçısı” kimi fəaliyyət göstərməyi dayandırıb, lakin “yalnız beş dövlətin münasibətlərinin nizamlanması üçün döyüş meydanına” çevrilib. "Dünya beşdən çoxdur" - deyə bird aha çağırış edib.

Xatırladaq ki, Nyu-Yorkdakı Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir. Dövlət və hökumət başçıları həmişə birinci danışdıqları üçün onun çıxışı yalnız şənbə, sentyabrın 23-nə təyin edilib. Bununla belə, Kreml bu yaxınlarda Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsinə münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə deyib: “Bu son dərəcə mühüm beynəlxalq qurumun effektivliyini artırmaq üçün BMT Təhlükəsizlik Şurası həqiqətən də transformasiya edilməlidir”. Onun sözlərinə görə, bu proses çox çətin danışıqlar tələb edir, lakin söhbətə başlamaq lazımdır. “Biz bu barədə dəfələrlə danışmışıq”, – Dmitri Peskov bildirib.

Eyni zamanda, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çərşənbə axşamı müsahibəsində qeyd edib ki, “islahat üzrə praktiki addımlar çox uzaqdadır. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının genişləndirilməsi ideyasını fəal şəkildə təbliğ edən bir çox ölkələr (məsələn, ABŞ) “təfərrüatlardan çəkinirlər, şeytan isə təfərrüatlardadır”.

“Neçə daimi üzv olacaq? Hansı kateqoriyalar olacaq? Yalnız daimi üzvlər kateqoriyasında genişlənmə olacaq, yoxsa qeyri-daimi üzvlər kateqoriyasında? Veto hüququna malik daimi üzvlər olacaqmı, yoxsa qeyri-daimi üzvlərdən ibarət ara kateqoriya olacaq, lakin daha uzun müddətə seçiləcək? Ən əsası bu ölkələrin kim olacağıdır, çünki çaşqınlıq və tələskənlik buradan başlayır”, – diplomat əsas mübahisəli məqamları sadalayıb.

Dmitri Polyanskinin sözlərinə görə, “Təhlükəsizlik Şurasının islahatı ilə bağlı fikir ayrılıqları kifayət qədər ciddidir”. "ABŞ, məsələn, Almaniya və Yaponiyanı Şuraya təşviq etmək istəyir", deyə o davam edib: "Biz bunda heç bir əlavə dəyər görmürük". Diplomatın sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasına “eyni mövqeyi təkrarlayacaq Qərb düşərgəsindən yeni ölkələrin deyil, bəşəriyyətin böyük hissəsinin nöqteyi-nəzərini təmsil edən nüfuzlu inkişaf etməkdə olan dövlətlərin” daxil edilməsinin tərəfdarıdır.

Daha əvvəl Sergey Lavrov demişdi ki, Rusiya “yalnız Asiya, Afrika və Latın Amerikası nümayəndələrinin hesabına” BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyəcək. Nazirin fikrincə, Qərb ölkələrinin şuraya əlavə olaraq daxil edilməsindən danışmaq “sadəcə gülünc” olardı. Amerika mətbuatının yazdığına görə, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasına təkcə Almaniya və Yaponiyanı deyil, Hindistan, Braziliya və Cənubi Afrikanı da daxil etmək istəyir.

Qeyd edək ki, 55 müstəqil dövlətin yerləşdiyi Afrika qitəsindən heç bir ölkə TŞ-nin dai­mi üzvü deyil. Üzvlərinin sayına görə BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının, son illərdə xü­susi çəkisi durmadan artan Türk Döv­lətləri Təşkilatı ölkələrinin TŞ-də dai­mi üzv kimi təmsil olunmaları əvvəldə haqqında söz açdığımız qüvvələr nis­bətinin nəzərə alınması və ədalətli təm­silçilik meyarlarının gözlənilməsi nöqte­yi-nəzərdən aktualdır.

BMT sistemində islahatların aparıl­ması, onun Təhlükəsizlik Şurasının tər­kibinin genişləndirilməsi məsələsi Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq qaldırılır və buna nail olunması istiqamətində prak­tik fəaliyyət göstərilir. Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərə­katının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşün­dəki çıxışında da bu məsələyə toxunub. Haqlı olaraq bildirib ki, BMT Təhlükə­sizlik Şurası keçmişi xatırladır və indi­ki reallığı əks etdirmir: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2013-cü ildə BMT Baş Assambleyasının 74-cü Baş Assamb­leyasında çıxışı zamanı TŞ-dəki ədalət­sizliyi tənqid edərək “Dünya beşdən bö­yükdür!” demişdi. Daha sonra bu ifadə siyasətçilərin, siyasətşünasların və beynəlxalq hüquq üzrə mütəxəssislərin əsas tezislərindən biri oldu. BMT-nin sabiq Baş katibi Pan Gi Mun vaxtilə bununla bağlı qeyd et­mişdi ki, təşkilatda zəruri islahatlar apa­rılmasının vaxtı çatıb. Amma, hələlik, bu işdə, konsensus əldə etmək mümkün olmayıb.

Göründüyü kimi, Azərbaycanın mövqeyi geniş beynəlxalq dəstək tapır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə