"Belə vacib məsələdə dövlətin birliyinə qoşulmamaq nə deməkdir?" - DEPUTAT TƏNQİD ETDİ

"Azərbaycan dövləti olaraq başda Ali Baş Komandan olmaqla ordumuzun ətrafında sıx birləşdiyimizi bəyan etmişik. Çünki ermənilərin qudurğan münasibətini başqa cür cəzalandırmaq olmaz. Ona görə də haqlı olaraq Azərbaycan Prezidenti sərəncam imzalayıb və ordumuz lokal tədbirlər, məhdud antiterror əməliyyatı həyata keçirir. Biz də bunu birmənalı şəkildə müdafiə edirik. Çünki ermənilərin bizə qarşı həqarətli münasibəti, vətəndaşlarımızın minaya düşərək həlak olması və s. artıq dözülməz hədd idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

"Belə vəziyyətdə biz 23 partiya dövlətimizin ətrafında birləşmişik. Amma dəhşətli haldır ki, Müsavat, AXCP və REAL partiyaları birgə bəyanata qoşulmayıb. Onlar iqtidara düşmən də ola bilər, mənfi münasibət bəsləyə bilərlər, amma bu cür vacib məsələdə dövlətin birliyinə qoşulmamaq nə deməkdir? Burada əsas məsələ millətimizin şərəfi, dövlətimizin suverenliyidir. Belə bir vəziyyətdə necə kənarda durmaq olar? Məgər onlar deyildimi, daim hakimiyyəti antiterror əməliyyatı keçirməməkdə, suverenliyimizi tam bərpa etməməkdə ciddi tənqid edirdilər. İndi Azərbaycan antiterror əməliyyatları həyata keçirir, erməni xalqına müraciət edir, hərbçilərdən uzaq durmaları barədə vərəqə paylayırlar. Belə olan təqdirdə deyəcəklər ki, Azərbaycan erməni vətəndaşlarını qırır? Azərbaycan əlindən gələn hər şeyi edir ki, mülki vətəndaşlar zərər çəkməsinlər. Bu çox zəruri bir məsələdir. Ona görə də mən hər üç partiyanın Vətən naminə birliyə qoşulmamağını pisləyirəm",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə