Məlum olduğu kimi, Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlıları demək olar ki, hər gün terror və diversiya cəhdləri göstərirlər. Rəsmi məlumatlarda terror aktları nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının şəhid olduğu qeyd olunur. Məhz bu baxımdan, yayılan informasiyalar “Qarabağda nə baş verir” sualını da aktuallaşdırır.
Bu problemin yeganə həll yolu antiterror əməliyyatının keçirilməsi və separatizmin ləğv edilməsidir!
Quldur və terrorçu rejimin təxribat hücumlarına başlayacağı isə, əslində, gözlənilən idi. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam marşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Onlar nəticə etibarilə çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, “Azərbaycan erməni əhalisinə hücum edir” iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi körükləmək istəyirlər.
Siyasi analitiklər Xocavənddəki terror hadisəsi ilə bağlı şərhlərdə bildirirlər ki, insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da, məhz bu təxribatın tərkib hissəsidir. Bu problemin yeganə həll yolu antiterror əməliyyatının keçirilməsi və separatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsi yalnız güc tətbiqi ilə mümkündür.
Xəbərdarlıq edilmişdi!
Xatırladaq ki, bu günlərdə rəsmi Bakı separatçı rejimə və Ermənistana son qəti xəbərdarlıq etmişdi. Məhz bu xəbərdarlıq da belə qənaətə gəlməyə zəmin yaradır ki, separatçıların terror aktı antiterror əməliyyatını qaçılmaz etdi. 44 günlük müharibədən sonra bütün şərtlər də ərazimizdə separatizmin ləğv edilməsi, silahlı dəstələrin neytrallaşdırılması üçün heç olmadığı qədər uyğundur. Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı antiterrror əməliyyatları ilə alınmalıdır.
Xatırladaq ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı açıqlamada bildirlib. Qeyd olunub ki, senyabrın 19-da 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub.
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır", - XİN-dən qeyd olunub.
Beləliklə, vaxt və zaman yetişdi: terrora qarşı ANTİTERROR!
Bu günün xronologiyası belədir:
- Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.
- Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başlanır. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
- Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. XİN-in Mətbuat xidməti məlumatda bildirib ki, Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.
- Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər.
- Ötən gecə düşmənin xain mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması onu göstərir ki, düşmən çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, hazırda Azərbaycan tərəfinin keçirdiyi lokal xarakterli antiterror tədbirləri onun tam suveren haqqıdır, sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addımdır. Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə maneə törətməyə çalışması antiterror tədbirlərini labüd etdi.
- Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir. Bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə