ABŞ separatçılığı dəstəkləyir - MÖVQE

ABŞ separatçılığı dəstəkləyir - MÖVQE

“ABŞ-ın regional siyasətində məkr, “parçala, hökm sür” niyyəti açıq şəkildə görünür. Kasıb Ermənistanın ABŞ üçün heç bir mahiyyət daşımadığını hər kəs bilir. Sadəcə, Vaşinqton öz niyyətini Ermənisatan üzərindən həyata keçirmək istəyir. Azərbaycan bütün sahələrdə ABŞ-la əməkdaşlıq edir. Dünyanın müxtəlif qaynar nöqtələrində Azərbaycan sülhməramlı kontingenti özünü ən yüksək səviyyədə göstərib. İqtisadi münasibətlər, siyasi dialoq da qarşılıqlıdır. Amma ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə Azərbaycanın əlehinə bəyanatların verilməsi münasibətlərimizin ruhuna ziddir. Bu addımlar bir daha onu göstərir və təsdiq edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunda ABŞ, Fransa və Rusiyanın həmsədrlik etməsinin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycana qarşı bu münasibətin arxasında ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil siyasət durur: “Çünki Azərbaycan rəhbərliyi heç zaman kimlərinsə iradəsini qəbul etməyib, yalnız ölkənin maraqlarından çıxış edib. Başqa bir maraqlı detal Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Supergüc kimi bütün dünyaya öz iradəsini diktə etmək üçün ABŞ İslam dünyasını özünün əsas düşməni elan edir. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldən bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmir, həm də əsas hədəfi müsəlman ölkələridir. “Ərəb baharı” ssenarisi buna bariz nümunədir. Nəticədə Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı ölkələr isə təcavüzə məruz qaldılar. Azərbaycan da artıq 30 ildir ki, Ermənistanın təcavüzü ilə baş-başadır. Azərbaycanın münaqişədə haqlı tərəf olduğunu BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi 4 qətnamə ilə sübut etdi. Buna baxmayaraq ABŞ başda olmaqla Minsk qrupunun üzvləri münaqişənin həllində heç bir müsbət addım ata bilmədilər. Ona görə yox ki, buna gücləri çatmadı, yaxud beynəlxalq hüquq ermənilərin tərəfində idi, sadəcə olaraq Vaşinqton və Paris həqiqəti görməzdən gəldilər, Azərbaycanın yanında olmadılar, xristian qardaşlarının - Ermənilərin tərəfində durdular. ABŞ Avropadakı bütün separatçı hərəkətlərə qarşıdır, avropalı dostlarına yardımlar edir. Moldova, Gürcüstan və Ukraynadakı separatçılara qarşıdır, erməni separatçılarını isə dəstəkləyir. Bəs buna nə ad vermək olar? Dünyanın super dövləti separatçılığı, ədalətsizliyi dəstəklərir, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Bu isə beynəlxalq münasibətlərin, BMT Nizamnaməsini ABŞ tərəfindən ləkələndiyi, bir kənara atıldığı anlamına gəlir”.

Bütün xəbərlər Facebook səhifəmizdə