Erməni cəmiyyətinin almalı olduğu DƏRS - TƏHLİL

Erməni cəmiyyətinin almalı olduğu DƏRS - TƏHLİL

Bu günlərdə ermənilər arasında dərrakəsinə görə bir az da olsa fərqlənən biri, Əbu-Dabidəki Amerika Universitetinin professoru, tarixçi və politoloq Georgi Derluqyanın mühazirəsi, ümumiyyətlə, erməni cəmiyyəti üçün bir dərs, bir öyüd hesab oluna bilər. Onun, məhz erməni cəmiyyəti barədə, həmin cəmiyyətin mənasız fəaliyyəti barədə, erməni siyasətçilərinin tamamilə ümidsiz şəkildə canfəşanlıq göstərmələri haqda, onların konkret yol göstərə, təklif irəli sürə bilmədikləri ilə əlaqədar çox ciddi fikirləri, boyunlarına almasalar belə, hayları bir qədər silkələyib. Derluqyan öz erməni soydaşlarına açıq şəkildə irad bildirərək, mənasız, əsassız, heç bir nəticəsi olmayan, bundan sonra da nəticə vəd etməyən etirazların boş yerə davam etdiyini, narazılıqların fonunda etirazların daha da artdığını, amma nailiyyət gözlənilmədiyini təsdiq edən məntiqi fikirlərlə çıxış edib.

Professor hayların diqqətinə çatdırıb ki, bir neçə il əvvəl erməni əsilli uşaqlı qadınlar uşaq arabaları ilə meydanlara çıxıb hökuməti devirdi. Nəzərə çatdıraq ki, bu xatırlatma əbəs yerə deyil, birbaşa erməni cəmiyyətinə onun durumu barədə ciddi mesajdır və bu mesajda bildirilir ki, indiki siyasətçilər heç o uşaq arabası ilə küçələrə çıxan uşaqlı qadınlar qədər nəticə əldə edə bilmirlər. Bildirilir ki, indi etirazlar zamanı çıxış edən siyasətçilər erməni qadınlarının hökuməti devirəcəyinə bir vaxtlar inandıqları qədər belə fəaliyyətlərinin nəticələrinə inanmırlar. “Yaxşı, bundan sonra nə edəcəklər?”, - deyə soruşan erməni tarixçi onların qarşısında çox ciddi bir sual qoyur. Yəni, bu sualla da xatırladır ki, bundan sonra edəcəkləri bir şey ortada yoxdur və mənasız yerə ortaya düşüblər. “Kiminsə proqramı varmı?”, - deyə sual edən Derluqyan əslində, heç bir erməni siyasətçinin ortada konkret təkliflərinin belə olmadığını bildirir.

Eyni zamanda, erməni alim haylara SSRİ-nin dağılmasından sonra artıq bir neçə inqilab yaşamış, hətta Yanukoviçi iki dəfə devirməyə nail olmuş Ukraynanın taleyini də xatırladıb. O, “inqilablara” da diqqəti cəlb edib, hətta Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsinə də toxunub. “Bunlar, bu inqilablar nə verdi?”, - deyə yenə də bir sıra suallarla onların mənasızlığına fikri yönəldib və inqlabların yalnız bürokratik elitaya qarşı yönəldildiyini xatırladıb. Yəni, cəmiyyətin inkişafı, irəliləyişi üçün bunların mənasız olduğunu öz fikirləri ilə izah etməyə çalışıb. Həmçinin etiraf edib ki, doğrudan da məxməri inqlab dedikləri küçə nümayişlərindən sonra “hara istiqamətlənmək” belə Ermənistan üçün tamamilə anlaşılmaz olub. “Əsas problem odur ki, çox çətin vaxtlar gəlib çatıb... Hətta növbəti 15-20 ilin necə yaşanılacağını bilmirəm", - deyə ziyalı etiraf edib və həyəcan təbili çalaraq bildirib ki, hayların vəziyyəti olduqca acınacaqlıdır və ortaya çıxan suallar da təsdiq edir ki, indi onlar üçün gələcək özü sual altındadır.

Həqiqətən də, Paşinyan hökuməti diqqəti korrupsiyaya qarşı mübarizəyə yönəldərək özünü bu zamana qədər elə təqdim edib ki, guya böyük işlər görüb. Əslində isə, ortada olan nədir? Ermənistan cəmiyyəti hansı durumdadır? Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu və ya digər məmurdan şübhəli külli miqdarda əmlak aşkarlaması, bir çox nazirlərin, dövlət adamlarının istintaqa cəlb olunması problemlərin öz həllini tapması demək deyil. Hələ də Ermənistanda əksər problemlər həllini tapmamış qalır. Hələ də Ermənistanda yoxsulluğun və işsizliyin faizi yüksəlməkdədir. İndi Ermənistanda aclıq, səfalət hökm sürür, etirazlar, qarşıdurmalar, xaos günü-gündən artır. Nəzərə alsaq ki, erməni cəmiyyətini aldadaraq, yenə də öz məqsədləri, öz dividentləri üçün istifadə etmək istəyənlər meydandadırlar, deməli, bu işğalçı ölkədə vəziyyət getdikcə pisləşməkdə davam edəcək. Hələ də işğalçılıq siyasəti yürütmək, ərazi iddiası ilə çıxış etmək bir cəmiyyəti fəlakətdən-fəlakətə sürükləmək deməkdir. 2020-ci ildə rüsvayçı məğlubiyyətlə üzləşən erməni cəmiyyəti üçün bir daha hansısa ərazi iddiası, məlum razılaşmadan imtina etmək, dilemma ilə çıxış etmək çox böyük fəlakət vəd edir və ən dəhşətlisi odur ki, bir çoxları hayları məhz bu fəlakətə çəkdiyini vecinə də almır. Problem deyərək bağıranlar isə, nə problemin nədən ibarət olduğunu, nə də əsil problemin həlli variantını həm bilmir, həm də onların bir real təklifləri də yoxdur. Həll variantını Paşinyanın bilmədiyini deyənlərin özləri də bir həll variantı təklif edə bilmirlər. Dalana dirəndiklərini, bağlı qapı arxasında qaldıqlarını bildirənlərin həmin qapı üçün “sehirli açarı” yoxdur, amma bunu etiraf etmirlər.

İşğalçı ölkədə müşahidə edilən mitinqlərdə, etiraz aksiyalarında çıxış edənlər öz pafosları ilə diqqəti cəlb etsələr də, diqqətə çatdıracaq bir təklif irəli sürə bilmirlər. Belə bir təklifləri yoxdur axı. Çıxış edən hər bir “erməni başbiləni” ancaq hakimiyyət dəyişkənliyindən danışır. Kim tribunaya çıxırsa, mikrafon arxasına keçirsə, söz demək imkanı qazanırsa, ancaq erməni baş nazir Nikol Paşinyanın istefası, ya da hakimiyyətin devrilməsi təklifi ilə çıxış edir. Sanki bununla hər biri öz fünksiyasını bitmiş hesab edir. Məsələn, etiraz aksiyalarında iştirak və çıxış edən Ermənistanın eks-prezidenti Serj Sarkisyan öz funksiyasını Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla bitmiş hesab edir. “Ölkə rəhbərliyi dəyişməlidir və bundan sonra hər şey öz yerinə düşəcək”, - deyən eks-prezident Ermənistanda yeni hökumətin formalaşmasında iştirak etməyəcəyini də bildirirsə, onda nəyə istinad edir və nəyə əmindir? “Mən hökumətin formalaşmasında iştirak etməyəcəyəm”, - deyən Sarkisyan, görəsən, nədə iştirak edəcək və hansı tədbirlər düşünür? Belə bir sualla Serjikə müraciət edildikdə isə, o, cavab verir ki, onun iştirak edəcəyi tədbir ancaq, indiki hakimiyyətin kənarlaşdırılması ola bilər. Yaxşı bəs, eks-prezidentin öz ölkəsinin və cəmiyyətinin gələcək taleyi barədə hansısa təklifi bir yana, məsuliyyəti belə görünürmü? Görünmür. O, ömrünün qalan hissəsini və enerjisini hakimiyyət dəyişikliyinə sərf etməyə hazır olduğunu etiraf edir və həm də etiraf edir ki, ölkəsinin dalandan, çətinlikdən, sıxıntıdan çıxması üçün hansısa “resepti” yoxdur.

Ermənistanın ilk baş naziri Vazgen Manukyan isə 1980-ci illərin sonlarında Qarabağ Komitəsini xatırladan bir növ mübarizə orqanı yaratmaq təklifi ilə çıxış edir. O, elə hesab edir ki, guya bu qurumla “Ermənistanın iradəsi olduğunu və döyüşməyə hazır olduğunu” nümayiş etdirəcək və onun da qələbə dedikdə nəzərdə tutduğu mövcud hakimiyyəti, Paşinyan komandasını devirmək, hakimiyyət dəyişikliyi sayılır. Yəni Vazgen də yeni bir təklif etməmiş kimi sayılır, çünki cəfəngiyyatdan dəm vurur. Bir tərəfdən də axı mübarizəyə indidən sonra başlamaq, inadkarlıq nümayiş etdirmək təklifi ilə çıxış edən eks baş nazir dərk etmir, yoxsa görmürmü ki, Azərbaycan öz mövqelərində möhkəmlik göstərən siyasi iradəni, qətiyyəti çoxdandır nümayiş etdirir və istədiklərinə də nail olur? Görmürmü ki, ötən əsrin sonlarında Azərbaycanda hakimiyyət uğrunda daxili mübarizəni, AXC hakimiyyətə gəldikdən sonra Moskvanın Azərbaycana qarşı olmasını, bundan da namərdcəsinə istifadə etməyi artıq yuxularında da görə bilməzlər? Bilmir ki, ötən əsrin 80-ci illərinin sonunda azərbaycanlılar arasında səriştəli komandirlərin olmamasına ümid etdikləri, istinad etdikləri kimi indi bunu edə bilməzlər və Azərbaycanın hərbi gücü barədə artıq-əskik danışanın ağzı əyilər? Ümumiyyətlə, erməni cəmiyyətinin “başnilənləri” bilmirlərmi ki, 30-35 il əvvəlki vəziyyəti bundan sonra ağıllarının ucundan belə keçirə bilməyəcəklər? Bəlkə daha bir inqlab keçir könüllərindən? Yoxsa hansısa bir qarşıdurma ilə pis halda olan vəziyyətlərini düzəldəcəkləri qənaətindədirlər? Ya da inqilab edərək kiminsə, hansısa kənar, xarici qüvvənin dəvət olunmasına yoxsa çalışırlar?

Bəli, bu gün özlərini meydana atıb nə isə göstərmək istəyən erməni “başbilənləri” bu vaxta qədər bir dənə də olsun nailiyyət qazandıqları barədə fakt ortaya qoya bilmədikləri bir yana, heç təklif, proqram belə irəli sürə bilmirlər. Erməni cəmiyyəti bilməlidir ki, onlar və onların ətrafında fırlananlar hakimiyyətə gəlsələr də, müsbətə doğru heç bir dəyişiklik olmayacaq və bunun üçün əllərində sehirli çubuqları da yoxdur. Bunu başa düşənlər isə regiona kənar qüvvələr dəvət etmək fikrindədirlər. Elə başda erməni baş nazir olmaqla, bir çoxları məsələn, Rusiyadan narazılıq edirlər ki, bu ölkə onları 44 günlük müharibədə müdafiə etməyib. Haylar bir tərəfdən rusları bölgədən uzaqlaşdırmaq, onlarla əlaqələri tamamilə qırmaqdan danışırlar və bir tərəfdən də hay həyasızlığı ilə rusların onları müdafiə etmək öhdəliyindən dəm vururlar. Bir tərəfdən Rusiyanın deyil, Fransanın ayaqları altına sərilib onlara yer ayırırlar, bir tərəfdən də rəsmi Moskvanın onların təhlükəsizliyini təmin etmək barədə guya öhdəliklərinin olduğunu iddia edirlər. Məsələn, İtaliya mediasına müsahibəsində erməni baş naziri Nikol Paşinyan Moskva əleyhinə elə fikirlər səsləndirib ki, buna Kreml də biganə qalmayıb və reaksiya verib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova birbaşa Ermənistanın baş nazirinə ünvanlanaraq, məsuliyyət daşımaq, günahı başqasının üzərinə atmamaq barədə ona çağırış edib. “Siyasətçi və dövlət xadimi ilə ölkəsinin milli mənafeyini düşünməyən yoldan keçən adamın fərqi məhz budur. Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır. Əks halda bu, bir qədər pis rəqqas haqqında hekayəyə bənzəyir”, - deyən Rusiya XİN-in rəsmi nümayəndəsi də öz növbəsində “yoldan keçən” ifadəsini erməni baş nazirə ünvanlamaqla, çox təsirli, yaddaqalan bir “dərs” vermiş olub.

Əslində, istər 44 günlük müharibə, istər müharibədən sonra diplomatik danışıqların gedişi, Azərbaycanın diplomatik müstəvidə də qələbəsi erməni cəmiyyəti üçün bir dərs olmalı idi. Bu dərsi anlamayanlar, bundan nəticə çıxarmayanlar üçün indi həm erməni əsilli tarixçi, professor Georgi Derluqyanın dedikləri də, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ifadələri də bir dərs sayılır. Hadisələrin təhlili də erməni cəmiyyəti üçün bir dərsdir. Bu dərsi almayanlar üçün heç şübhəsiz ki, yeni bir dərs veriləcəyi də gözləniləndir və hər bir halda öz ərazi bütövlüyünü, haqq və hüquqlarını qanuni şəkildə qoruyan Azərbaycan da erməni cəmiyyətində çaşqınlıq yaratmaq istəyənlərə hər an dərs verməkdədir. Bu dərslərdən nəticə çıxarmayanlar isə görünür ki, yeni dərs almalıdırlar. Diqqətə çatdıraq ki, Azərbaycanın bu dəfə verəcəyi dərs, dəmir yumruğun növbəti dəfə qaldırılması heç şübhəsiz ki, daha yaddaqalan, daha təsirli olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə