“Fransa hər zaman Ermənistanı dəstəkləyib” - DEPUTAT FİKİR BİLDİRDİ

“Fransa hər zaman Ermənistanı dəstəkləyib” - DEPUTAT FİKİR BİLDİRDİ

“Fransa artıq açıq şəkildə ölkəmizə qarşı mövqe sərgiləyir. Keçmiş münaqişə vəziyyətində də Fransa pərdəarxası hər zaman Ermənistanı dəstəkləyirdi. Unutmamalıyıq ki, Fransada siyasi karyera qurmaq istəyənlər əksər hallarda Azərbaycan ərazisindəki separatçıları ziyarət edir, onların üzərindən Fransada erməni lobbisinin dəstəyini almağa çalışıblar. Fransada prezidentliyinə namizədlər də qondarma, separatçı rejimin olduğu ərazilərə dəfələrlə səfərlər ediblər. Hətta Fransa şəhərləri separatçılarla müqavilələr də bağlayıblar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, keçmiş münaqişə vəziyyətinin mövcudluğu dövründə də Fransa hər zaman Azərbaycan ərazisində separatizmi dəstəkləyib: “Fransanın başlıca məqsədi Ermənistanın işğal etdiyi torpaqları hüquqi statusla dəyişdirmək idi. ATƏT-in Minsk Qrupunun da fəaliyyəti buna yönlənmişdi ki, Fransanın iştirakçılığı ilə zaman uzansın və Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarının hüquqi statusunu dəyişməyə müvəffəq olsun. Lakin dövlətimiz, Prezidentimiz buna imkan vermədi. 2020-ci ilin payızında olduqca uğurlu müharibə həyata keçirdik, torpaqlarımızı işğaldan azad etdik.

Bu gün Fransanı daha da aqressivləşdirib, Azərbaycana qarşı düşmən mövqeni açıq şəkildə göstərməyə məcbur edən reallıq Azərbaycan ərazisindəki separatçıların müddətinin sonuna yaxınlaşmasından ibarətdir. Belə olan halda isə Fransa həm dünya ermənilərinin dəstəyindən məhrum olacaq, həm də bu vəziyyət Fransada yaşayan ermənilərin də narazılığına səbəb olacaq.

Məsələnin digər tərəfi isə Fransanın geosiyasi ambissiyaları ilə bağlıdır. Cənubi Qafqaz regionunda gərginlik olduğu halda Fransa bundan istifadə edib, öz mövcudluğunu təmin edə bilər. Artıq Fransanın bu imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Buna görə də Fransa Azərbaycanın yaratdığı bütün reallıqları dəyişdirməyə çalışır.

Fransa Laçın yolu ilə bağlı məsələni yenidən BMT-nin iclasına çıxarmağa çalışır. Bundan öncə Ermənistanın təşəbbüsü ilə belə müzakirələr həyata keçirildi. İndi isə Fransa bu istiqamətdə cəhdlər edir. Xatırlatmaq lazımdır ki, Fransanın bu cəhdləri heç bir zaman məna ifadə etməyib. Biz öz torpaqlarımızı azad etdik və hazırda da Azərbaycan öz suverenliyini təmin edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə