Zatulindən ərikli mövqe - ANALİZ

Azərbaycana qarşı qərəz, burada yaşayan yerli xalqı - Azərbaycan türkünü görməzdən gəlmək, tarixi saxtalaşdırmaq kimi cəhdlər artıq fobiya halını alıb, xəstəlik simptomuna çevrilib, dərinə işləyib. Əlləri hər yerdən üzüləndə, sübut üçün faktlar tapılmayanda olmayan tarixə istinad da var, bu yanaşmalarda. Bilirik, fransız da, rus da, ingilis də, yunan da ermənilər kimi müsəlman deyillər. Bir-birini dəstəkləmək kimi yanaşmalarından da xəbərimiz var. Amma bütün bunları yalan üzərində quranlar qarşı tərəfdə əks-reaksiya effekti yarada biləcəyini də bilməmiş deyillər, bunu hesaba almalıdırlar.

Ermənilərin havadarlarının dəstəyi ilə iki əsrə yaxın hazırlaşdığı və 30 il bundan əvvəl başlatdığı etnik təmizləmənin kökündə də Azərbaycan torpaqlarını yalan tarixə söykənib ələ keçirməkdir. Bu, bir erməni projesi deyil, bu, dünya güclərinin, səlibçilərin, xristianlığın bütün dünyada hakim olmasına çalışanların əməlidir. Yoxsa, türk torpağında yabanı çayır kimi bitən ermənilər nədən bu qədər cəsarətləndilər, Türkiyəyə, Azərbaycana, Gürcüstana torpaq iddiasına qalxdılar. Sizcə, bunu Ermənistan adlı qondarma dövlət təkbaşına edə bilərdimi? Əlbəttə yox.

Diqqət edin, dünya nizamını pozan, başqa ölkənin torpaqlarını ələ keçirən Ermənistana gözün üstə qaşın var deyən olmadı bu 30 ildə. Azərbaycan çoxsaylı tədbirlərdə müxtəlif formatlı yüzlərlə tədbirlərə qatıldı, büynəlxalq tədbirlərin iştirakçısı oldu və bütün hallarda Ermənistanın Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini işğal etdiyini dedi, 1 milyondan artıq vətəndaşımızın öz doğma yurdlarından didərgin salındığını onların kor olası diqqətinə çatdırdı, əlindən tutub çadır şəhərçiklərinə gətirdi və zillət içində yaşayan insanlarımızı onlara göstərdi. Amma heç birinin tükü də tərpənmədi, sanki belə də olmalıymış. Ermənistana ədaləti başa salmaq əvəzinə Azərbaycanda guya “insan haqları”nın pozulduğunu, “mətbuat və söz azadlığı”nın isə olmadığını bəhanə gətirib Qarabağ münaqişəsini unutdurmağa çalışdılar. Öz gözlərində tiri görməyənlər bizim gözümüzdə tük axtarmağa çalışdılar. Səbrimizin sonsuz olmadığını, Qarabağın heç vaxt unudulmayacağını BMT qarışıq bütün təşkilat və dövlətlərin beyninə yeridə bildik. Bunu Ordumuz Müzəffər Ali Baş Komandanın cəsarəti və iradəsi ilə həyata keçirə bildi. Azərbaycan ermənipərəst dünya ilə onun öz dilində danışdı və qələbəsini yedirtdi.

Bu gün haqqımızı tanımaq istəməyənlər də var, amma yenə ikiüzlülük edirlər. Üzdə bir, arxada isə başqa söz danışırlar. Azərbaycana gələndə bir sifət, Ermənistanda isə yırtılmış sifətlərinin nümayiş etdirirlər. Beynəlxalq qanunlarda ağ vərəğin üzərində qara rəngdə İŞĞALÇI-nın təərifi verilib: Bir ölkənin BMT-yə üzv olan dövlətlər tərəfindən tanınmış ərazilərinə digər üzv dövlət və yaxud dövlətlər tərəfindən onun iradəsinin ziddinə olaraq hərbi müdaxilə işğal adlanır. BMT də o təşkilatlardandır ki, işğal faktı öz təsdiqini tapdığı anda toplanır və ciddi tədbirlər görülür. Bu tədbirlər sırasına müxtəlif təzyiq və təcrid üsulları aiddir. Amma Ermənistan 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, vətəndaşlarını didərgin saldı, yurdundan qovdu, 9 şəhər və 300-dən artıq kəndi tar-mar etdi, daşı daş üstə qoymadı, BMT və dünya gücləri susdu.

İndi zaman o zaman deyil, Azərbaycan torpaqlarını işğaldan azad edib, suveren hüquqlarından yararlanmaqdadır, hələ də başqa ölkənin silahlı qüvvələrinin tör-töküntülərini buradan uzaqlaşdırmaq üçün hələlik sivil metodlara müraciət edir. İşğal faktı və işğalçı ifşa olunduğu bir vaxtda yenə də dünyanın bəzi təşkilat və ölkələri köhnə hava çalmaqdadırlar. Müxtəlif yollarla Azərbaycanı ermənilərə güzəştə vadar etməyə çalışırlar. Qarabağda separatçıları “sivil xalq” adlandıran həmin ikiüzlülər Azərbaycanın təklif etdiyi bütün humanist yanaşmaları rədd edərək qanunsuz qurumun – “dqr”in yaşamasına hansısa formada nail olmaq istəyirlər. Yəni xristian təəssübkeşliyi burada da ermənilərin dadına çatır. Hadisələrin bir-birinə bənzərliyi var, amma zaman başqadır.

Bəzi siyasətçilər də var ki, Ermənistan-Azərbaycan münaqişə qazanına daim yağ tökməyə hazırdırlar. Gah siyasətdən, gah coğrafiyadan, gah riyaziyyatdan danışır, yorulanda isə hərdən tarixə də ekskurs edirlər. Bütün hallarda da uğursuzluq. Rusiya Dövlət Dumasının deputatı, ermənidən çox erməni olmağa iddialı Zatulin də bu sayaq “siyasətçi”lərdəndir. Bu günlərdə televiziyaların birinə Qarabağda baş verən hadisələrdən, “humanitar fəlakətdən” və ən əsası Makedoniyalı İsgəndərdən danışıb. Soruşarsınız ki, Zatulin hara, Makedoniyalı İsgəndər hara? Darıxmayın, onu da söyləyəcəyəm. Sən demə, Makedoniyalı İsgəndən zamanında “Artsax”a səfər edib və burada nə yesə yaxşıdır? Ərik.

Xəritədən də görünür ki, Makedoniyalı İsgəndər ümumiyyətlə Qafqazda olmayıb

Bir az da dəqiqləşmə aparaq, Zatulinin dili ilə. Zatulin açıqlamasına belə başlayır ki, bəs, Azərbaycanın Qarabağı öz ərazisi kimi təqdim etməsi və suverenliyini Qarabağda da təmin etmək üçün artıq masada siyasət yürütməsi, ümumiyyətlə, bütün baş varən son hadisələr Zatulini “gecələr yatmağa qoymur”. Bunu özü deyib, bildirib ki, ssenari belə deyildi. Azərbaycan bu torpaqlardan birdəfəlik imtina etməli idi. Amma vəziyyət ermənilərin əlehinə pisləşməkdədir. “Aclıq”, “humanitar fəlakət” baş alıb gedir. Zatulin ermənilərin Qarabağa daha çox iddalı olduğunu da “əsaslandırıb”. Deyib ki, “ermənilər buralarda bizim eradan düz 6 min il əvvəldən yaşayıblar”. Zatulin insafsızlıqdanmı, faktların kasadlığındanmı, yoxsa hansısa sirr-xudadan bu faktı necə sübut edəcəyindən danışmayıb, mənbəni göztərməyib. Görəsən niyə, yoxsa ermənilərə daha inanmır? Bəlkə Ermənistan rəhbərliyi onu "Hayastan"a buraxmadığı üçün bu “sirri” gizlədir. Amma rusiyalı “dumşik” ucundan-qulağından bir iki söz deyib. Bildirib ki, “bizim eramızdan əvvəl, Makedoniyalı İsgəndər Şərqə yürüşləri zamanı Ermənistana gəlib. Və… Və burada ərik yeyib. Ermənilərin ərik yetişdirdiklərini nəzərə alaraq deyə bilərik ki, İsgəndər Ermənistanda olub və buralarda ermənilər yaşayıb. Azərbaycanlılar isə Altay torpaqlarından gəliblər”.
Zatulinin üzürü günahından böyük olub. Bu adamın erməni sevgisi o qədər başını xarab edib ki, öz ölkəsinin – Rusiyanın maraqlarını ermənilərin ayaqları altına atıb. Düzdür, Altaylar da Türk torpaqlarıdır. Amma tarixi geriyə qaytarıb hər kəsi öz yerinə qaytarsaq Rusiya və rusların harada olacağı böyük sual doğurur. Şimal qonşumuz razı qalacaqmı, Zatulinin düsturundan. Təxmin etmək olar, ruslar əvvəla qaranlıq keçmişlərini, xalqın etnogenezini mübahizə mövzusuna çevirdiyinə görə Zatulini bağışlamayacaqlar. Haqlıdırlar, axı Rusiya ideoloqları rusların mənşəyini o qədər mifikləşdiriblər ki, kələfin ucunu özləri də tapa bilmirlər. Əlqərəz, bu ərazilərdə min-iki min il əvvəlin gəzintisinə çıxsaq yalnız türklərlə rastlaşa bilərik.

Reallığa qayıdaq…

Qarabağda vəziyyət getdikcə dəyişir, separatçılar bu torpaqlardan rədd olacaqlarına qəti əmin olduqlarından bir az da azğınlaşıblar. Dünya dövlətlərinə, beynəlxalq təşkilatlara separatçılığın haqlı bir yöntəm olduğunu sübut etməyə çalışırlar. Onlarla hesablaşmalarını istəyirlər. Demirlər ki, biz qanunsuz qurum yaratmışıq və sizing də borcunuz dur ki, bizi tanıyasınız. Əksinə, məsələni burada yaşayan insanların taleyini hərraca çıxarmaqla həll etməyi düşünürlər. Guya ki, Qarabağın erməni əhalisi onlara bu “fəlakəti” yaşadan bir ölkənin tərkibində yaşamaq istəmirlər, ona görə də müstəqilliklərinə alternative yoxdur. Qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan adlı separatçı Azərbaycan nümayəndələri ilə görüş təşkil etmək xahişi ilə Rusiyaya müraciət edib: “Qarabağda vəziyyət, təhlükəsizlik problemləri, humanitar böhran ətrafında məsələləri müzakirə etmək üçün Azərbaycanla görüş keçirmək tələbi-təklifi ilə Rusiyaya üz tutmaq lazımdır. Azərbaycan ərazisində vətəndaşlarımızın fiziki təhlükəsizliyinə heç kim təminat verə bilmədiyi üçün bu görüş Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerdə və ya üçüncü bir şəxsin iştirakı ilə hər hansı digər təhlükəsiz yerdə keçirilə bilər”. O, bildirib ki, Rusiya belə bir görüşü təşkil etməyə qadirdir, onun nəticələri ictimaiyyətə təqdim olunacaq.

Makron , “blokada” və müharibə…

Fransa prezidenti Emmanuel Makron isə “Le Point” qəzetinə müsahibəsində Azərbaycanın təşkil etdiyi “Qarabağın blokadası”nı pisləyib. O, bu məsələdə diplomatiya üçün ayrılan vaxtın başa çatdığını bildirib: “Mövqeyimiz aydındır: biz təəssüflənirik və “blokada”nı pisləyirik, artıq diplomatiyanın vaxtı deyil. Biz həmişə xalqların suverenliyinin tərəfdarı olduğumuzu bəyan etmişik”. Fransa lideri bunu deməzdən əvvəl ətrafına baxsın, öz ölkəsində baş verənləri gözünün qabağına gətirsin və bundan sonar Cənubi Qafqaza tərəf boylansın.

Makron qeyd edib ki, Qarabağ məsələsi çox mürəkkəbdir və o, indi bu problemin ən kəskin guşələrinə toxuna bilməz. O, Fransanın Azərbaycanın 2020-ci ilin payızında başlatdığı müharibəni kəskin şəkildə pislədiyini və Qarabağa humanitar yardım təşkil etdiyini xatırladıb. “Biz bu gün mümkün olan hər şeyi edirik ki, Ermənistan və Azərbaycan davamlı sülhü bərqərar edəcək, xalqları və mədəniyyətləri qoruyacaq saziş imzalasınlar. Bu sülh müqaviləsi zərurətdir, lakin o, beynəlxalq hüquqa uyğun olmalıdır”, - Makron deyib. O, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun “Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən Laçın yolunun blokadaya alınması Qarabağ ermənilərinə qarşı soyqırımdır” bəyanatına da münasibət bildirib. Makron burada nədənsə “soyqırım” ifadəsini işlətməyi tələsik addım kimi qiymətləndirib. Başqa cür də təsəvvür etmək olmaz, Makron nə qədər ağılsız olmalıdır ki, hər addımda xatırladılan, irad tutulan - əlcəzairlilərə qarşı törədilən soyqırımı, Parisin Afrika dövlətlərində törətdiyi qanlı cinayətləri, korsikalılara qarşı repressiv siyasəti dansın. Fransa prezidenti onu da bilməmiş deyil ki, ölkəsini müstəmləkəçilikdə, sömürgəçilikdə ittiham edən ölkələrin sayı da az deyil. Necə ola bilər ki, ədalətsiz bir ölkə ədalətdən danışsın?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə