“Azərbaycan öz tarixinin parlaq qələbəsini qazanıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan öz tarixinin parlaq qələbəsini qazanıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin parlaq qələbəsini qazandı. 30 ildir ki, ermənilərin işğal etdiyi torpaqlarımız azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Ermənistan məcbur olaraq üçtərəfli 10 noyabr bəyanatına imza atdı: “Üçtərəfli bəyanata uyğun olaraq 3 rayon, o cümlədən Laçın Azərbaycana təhvil verildi. Lakin Laçın dəhlizi şəhər mərkəzindən keçdiyi üçün Laçın şəhəri və iki kənd ümumilikdə 2022-ci ilin 26 avqustunda Azərbaycana təhvil verildi.

Təbii ki, bundan sonrakı mərhələdə Azərbaycan 2023-cü ilin 23 aprel tarixində Laçında nəzarət-buraxılış postunu quraşdırdı. Cənab Prezidentin də qeyd etdiyi kimi, Laçın postunun qurulması Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi anlamına gəlir.

Cari ildə cənab Prezidentin sərəncamı ilə şəhər günlərinin qeyd olunması nəzərdə tutuldu. İlk dəfə olaraq məhz Laçın gününün qeyd edilməsi, ölkə başçısının bu tədbirdə iştirakı və buradakı çıxışı Ermənistana verilən son mesajlardır. Laçın gününün qeyd edilməsi əldə etdiyimiz zəfərin davamı deməkdir. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni siyasi müstəvidə daha da gücləndirib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə