“Məqsədimiz separatçı rejimin tör-töküntülərinin ərazidən çıxarılmasıdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Məqsədimiz separatçı rejimin tör-töküntülərinin ərazidən çıxarılmasıdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya vətəndaşlığını qəbul edən ermənilərin hazırda Rusiya sülhməramlıların nəzarət zonasına aid olan separatçıların yerləşdiyi ərazilərdən getməsi ilk hal deyil. Artıq bir aya yaxın müddətdir ki, Rusiya sülhməramlıları tərəfindən həmin şəxslərin ərazilərimizdən çıxarılması həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, onların içərisində əvvəldən Rusiya vətəndaşı olub xüsusi missiya ilə Xankəndinə göndərilmiş və orada separatçılığı daha çox yayan, qızışdıran Rusiya xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirən şəxslərlə yanaşı, eyni zamanda sonradan Rusiya vətəndaşlığını qəbul etmiş insanlar da var:
“Həmin şəxslərin indi və bundan əvvəl də ərazilərimizdən çıxarılması təbii ki, düşündürücüdür. Burada iki məqam var. Birincisi, həmin şəxslər indiyə qədər sərbəst şəkildə gedib-gələ bilirdilərsə, biz buna nəzarət edə bilmirdiksə, indi nəzarət var və həmin şəxslər də artıq üzərlərinə düşən missiyanı həyata keçirə bilmədikləri üçün ərazilərimizi tərk etmək məcburiyyətində qalıblar. İkinci səbəb ondan ibarətdir ki, Rusiya öz vətəndaşlarının oradan çıxarılması ilə növbəti təxribatların anonsunu verir. Bu o deməkdir ki, Qarabağın separatçı erməniləri və Ermənistan yeni təxribatlara hazırlaşır. Rusiya öz vətəndaşlarının hər hansı hərbi əməliyyatlar zamanı zərər görməməsi üçün ərazidən çıxışını təmin edir.
Ancaq hər nə səbəbdən olursa olsun əgər ermənilər ərazilərimizdən çıxırlarsa bu, müsbət hal kimi qiymətləndirilməlidir. Laçın keçid gömrük məntəqəsi bağlı olsa da, oranı tərk etmək istəyən xarici ölkə vətəndaşlarının həmin məntəqədən keçidi təmin olunmalıdır. Təbii ki, əgər onların içərisində beynəlxalq axtarışda olan insanlar varsa və yaxud Azərbaycanın haqqında cinayət işi qaldırdığı şəxslər varsa, Xaçaturyan məsələsində olduğu kimi saxlanılaraq, müvafiq qurumlara təhvil veriləcəklər. Amma haqlarında cinayət tərkibi olmayan şəxslər çıxmaq istəyirlərsə, çıxışı təmin edilməlidir. Çünki bizim məqsədimiz separatçı rejimin tör-töküntülərinin ərazidən çıxarılmasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə