Erməni KİV-ləri Aİ missiyasını ittiham etdilər - ŞƏRH

Erməni KİV-ləri Aİ missiyasını ittiham etdilər - ŞƏRH

Politik.am: “Ermənistana erməniləri müdafiə etmək adı ilə gələn Aİ müşahidəçiləri erməni KİV-lərindən qaçırlar”

Ermənistanda fəaliyyət göstərən media qurumları bu dəfə Avropa İttifaqı missiyasının ölkədəki fəaliyyətinin səmərəsizliyindən şikayət etmələri ilə yanaşı, missiya təmsilçilərinin mətbuatdan qaçdıqlarını və proseslərlə bağlı heç nə demədiklərini yazırlar. Aİ missiyasını hədəfə alan Ermənistanın politik.am saytı bununla bağlı yazı hazırlayıb və orada bildirilir ki, missiya təmsilçilərinin cavabları yalnız belədir: “Biz müdaxilə edə bilmərik, bizim ixtiyarımızda yalnız binokllar və kameralar var”. Bu barədə Aİ missiyasının Ermənistana ezam olunmuş qrup rəhbəri Markus Ritter Almaniyanın Deutsche Welle nəşrinin suallarını cavablandırarkən bildirib.

“Avropa dəyərlərinə müvafiq transparentliyi təmin etmirlər”

Erməni KİV-ləri Aİ missiyasını hədəfə alaraq onlara qarşı ittiham xarakterli fikirlər dərc edirlər və “Azərbaycanın Ermənistana hücumetmə ehtimalı” ətrafında fikirlərini irəli sürərək yazırlar ki, missiya nümayəndələri nəinki bu məsələyə münasibət bildirməkdən yayınırlar, həmçinin, erməni mətbuatı ilə təmas qurmağı da istəmirlər. “Onlar bizi narahat edən suallara cavab vermirlər və Avropa dəyərlərinə müvafiq transparentliyi təmin etmirlər”, - deyə KİV-lərdə bildirilir.

Aİ təmsilçiləri erməni KİV-lərindən qaçırlar, amma...

Politik.am yazır ki, artıq bir neçə həftədir ki, müşahidə missiyasının fəaliyyətini işıqlandırmağa cəhd edir, lakin onlar hər fürsətdə onların suallarını cavabsız qoyur: “Əvvəlcə biz missiyanın nümayəndələri ilə Aİ-nin Ermənistandakı səfirliyi vasitəsi ilə əlaqə yaratmağa səy göstərdik və bizə dedilər ki, bununla bağlı yazılı müraciət etmək lazımdır, ancaq sonrakı məqamda bizim müraciətimizə cavab verilmədi. Biz məcbur olaraq müşahidə missiyasının Yexeqnadzordakı Baş qərargahına getdik ki, bizi maraqlandıran sualların cavabını yerində öyrənək. Müşahidə missiyasının yerləşdiyi mehmanxanada ajiotaj yaşanırdı. Müşahidəçilər öyrənəndə ki, biz erməni KİV-lərinin təmsilçiləriyik, tələb etdilər ki, onları çəkməyəcək və sonra da öz rəhbərlikləri ilə əlaqə yaradaraq suallarımıza cavab verməkdən imtina etdilər”.

Söhbət isə əlbəttə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Laçın yolunda erməni şousundan gedir. Bu məqamda isə real fakt budur ki, artıq bu məsələ qapanıb və "aclıq" adlı tamaşa uğursuz alınıb. Düzdür, bəzi erməni havadarları hələ də ortada gedib-gəlirlər, amma bu oyunbazlıqlar da əlbəttə ki, səmərəsiz qalıb. Artıq Azərbaycan MN və XİN də müvafiq açıqlamalarını veriblər. Top isə Aİ missiyasında deyil, məhz Ermənistan rəhbərliyindədir.

Beləliklə, erməni nəşri sonda qeyd edir ki, Ermənistana gəlmiş Aİ missiyasının hansı səbəbdən KİV-lərdən qaçmaları suallar doğurur. “Onlar nəyi gizlədirlər? Və bu qədər qapalı və məxfi fəaliyyətə səbəb nədir?”, - deyə erməni jurnalistləri nə vaxtsa bu suallara cavab tapacaqlarına ümid etdiklərini desələr də, əslində, bu sualın cavabını elə onların özləri də yaxşı bilirlər...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə