İnformasiya müharibəsində də Azərbaycana QƏLƏBƏ QAZANDIRAN LİDER - TƏHLİL
Azərbaycanın mükəmməl qələbəsi ilə savaş bitsə də, informasiya müharibəsi hələ bitməyib və nə qədər davam edəcəyi də bəlli deyil. Bir halda ki, ermənilər, onların xarici ölkələrdəki lobbiləri, eləcə də ermənipərəst qüvvələr hələ də şər və böhtan kampaniyasına əl atırlar, yalan, həqiqətə uyğun olmayan məlumatları dövriyyəyə buraxırlar, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar və bununla da Azərbaycanı öz ədalətli, haqlı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün bütün səylərini səfərbər edirlər, deməli, informasiya müharibəsində də qələbə qazanmaq gərəkir. Bu baxımdan da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin informasiya müharibəsində bu zamana qədər əldə etdiyi qələbələr, hər dəfə ermənilərin informasiya təbliğatını darmadağın etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılır.
44 günlük müharibədə Azərbaycanı geri addım atmağa məcbur edə bilməyənlər indi çabalamaqlarına baxmayaraq yenə də əmindirlər ki, informasiya müharibəsində də ölkəmizi buna məcbur edə bilməyəcəklər. Çünki yaxşı bilirlər ki, İkinci Qarabağ savaşı zamanı cəbhədə gedən və qələbəyə aparan döyüşlərə komandanlıq edən, eyni zamanda, diplomatik masada mübarizə aparıb hər dəfə qalib gələn, həmçinin informasiya cəbhəsindəki döyüşə rəhbərlik edərək yenə də qələbəmizi təmin edən Azərbaycan Prezidenti, İlham Əliyev fenomeni qarşısında acizdirlər. Cəbhədə döyüş meydanında rüsvayçı şəkildə məğlub olan Ermənistan informasiya cəbhəsində beynəlxalq ictimai rəyi manipulyasiya etməyə nə qədər çalışsa da, Azərbaycan Prezidenti hər dəfə işğalçı ölkənin yalan maşınını darmadağın edir və informasiya müharibəsində də xalqımıza qələbə bəxş edir.
Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı Ermənistan tərəfinin, bütövlükdə ermənipərəstlərin, onların havadarlarının beynəlxalq müstəvidə apardıqları təbliğat, daha doğrusu, yaydıqları yalan, apardıqları şər, böhtan komaniyası da informasiya müharibəsinin davam etdiyini və hayların hələ də məkrli niyyətlərindən əl çəkmədiklərini, ölkəmizi geri çəkilməyə vadar etmək, məcbur etmək cəhdlərini isbat edir. Dırnaqarası “yardım” tamaşası qurmaları da səbəbsiz yerə deyildi və bu, həmin çirkin niyyətlərinin reallaşdırılması üçün növbəti həyasızlıqları sayılır. Guya “humanitar fəlakət” kimi qələmə verməyə çalışmalarında da məqsəd ölkəmizi nəyə isə vadar etmək, öz mövqeyindən geri çəkilməyə məcbur etmək niyyətindən irəli gəlir. Azərbaycana məxsus Qarabağ iqtisadi rayonunda yaşayan, yaxud sonradan məskunlaşdırılan erməni əsilli insanların guya tamamilə təcrid olunduqları görüntüsünü yaratmağa çalışan, beynəlxalq ictimaiyyəti çaşdıraraq onların guya “humanitar böhran” içərisində olduğunu göstərmək istəyənlər sanki sərhəd-keçid məntəqəsinin erməni əhalinin keçidi, xəstələrin daşınması üçün açıq olduğunu bilmirlər. Elə bir təəssürat yaratmaq istəyirlər ki, guya onlar fəlakət həddindədirlər və buna da səbəbkar Azərbaycandır. Halbuki, əvvəla, post qurulandan indiyə qədər ümumiyyətlə bağlanmayıb, eyni zamanda, rəsmi Bakı axı öz suveren ərazisinə yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutunu da təklif edir. Bütün bunların fonunda Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini bu reallıqdan yayındırmağa çalışır, bunun üçün yalan maşınını işə salır, anti-Azərbaycan qüvvələr də həvəslə bu yalanların tirajlanmasına köməklik edirlər. Amma bunlar hərbi, diplomatik və informasiya cəbhəsinin qalibi olan İlham Əliyev fenomenini unudan qüvvələrdir və görünür, onlara da bunu mütəmadi olaraq xatırlatmaq lazım gəlir.
Görünür xatırlatmaq lazım gəlir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vaxta qədər Ermənistanın informasiya təbliğatını dəfələrlə darmadağın edib və elə informasiya müharibəsinin də qalibi olaraq ölkəmizə qələbə qazandıran lider kimi tanınır. Yenə də ölkə rəhbərimiz Ermənistanın Laçın keçid məntəqəsi ilə bağlı qurduğu təbliğatı yerlə yeksan etdi və “Euronews” televiziyasına müsahibəsində ermənilərin yalanlarını, uydurmalarını çoxmilyonluq auditoriya qarşısında ifşa etdi. Sərhəd-keçid məntəqəsinin qurulmasından indiyə qədər Qarabağın 2 mindən artıq erməni əsilli sakininin yoldan heç bir problem olmadan istifadə etdiyini, Ermənistana gedib-gəldiyini həmin auditoriyaya bəyan edən ölkə rəhbərimiz Laçın yolu barədə ermənilərin spekulyasiyalarının mənasız olduğunu sübut etdi və onların bütün dünyanı, beynəlxalq təşkilatları çaşdırmaq arzularını da puça çıxardı. Təkcə bu, informasiya müharibəsində qələbə qazanmaq deməkdir, amma Azərbaycan Prezidenti bununla da kifayətlənmədi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli əhalinin gələcəyi ilə bağlı proqramı da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla ermənilərin uydurmalarının əsassız, oyunlarının mənasız olduğunu görsətdi ki, bu özü də daha bir qələbədir. Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə təhsil, mədəniyyət, dini və bələdiyyə hüquqlarının veriləcəyi, təhlükəsizliklərinin təmin olunacağı barədə bəyan etməklə isə ölkə rəhbərimiz ermənilərin ölkəmiz barədə “etnik təmizləmə” kimi absurd iddialarının yalan olduğunu da sübuta yetirdi. Özü də bunu beynəlxalq ictimaiyyət qarşısında etdi və həmin yalanları tirajlamaqda ermənilərə kömək edənlər də, separatçıları dəstəkləyənlər də öz hesablarını aldılar, hansı ki, bu, elə informasiya cəbhəsində qazanılan mükəmməl qələbə deməkdir.
Cənab Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Qarabağdakı erməni əhalisinə seçim təqdim etməklə, ölkəmizin vətəndaşlığını qəbul edəcək ermənilərə, Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq, normal həyat yaşayacaqlarını söyləməklə, bu zamana qədər onlara ancaq fəlakətlər gətirən separatçı rejimlə bizim fərqimizi dünyaya, eləcə də onların özlərinə göstərdi, hansı ki, bu, ermənilərin əleyhimizə olan yalan təbliğatının fiaskosu deməkdir. Bu, separatçı ermənilərə, onların yalan təbliğatına dəstək olanlara, kömək edənlərə tərs sillə effekti verdi. Çünki dünya ictimaiyyəti, ölkəmizi guya “humanitar böhran” səbəbkarı kimi qələmə vermək istəyənlərin yalan təbliğat apardığına, onların ümumiyyətlə yalançı olduqlarına, Azərbaycanın isə humanizm nümayiş etdirən bir ölkə olduğuna əmin oldu. Əmin oldu ki, öz ərazisində yaşayan digər xalqların nümayəndələrinə normal həyat bəxş etmək niyyətində olan bir ölkə Ermənistan tərəfinin yalandan uydurduğu, təbliğat apardığı kimi, “humanitar fəlakət” səbəbkarı ola bilməz və əgər, bundan sonra hansısa fəlakət dedikləri müşahidə edilsə belə bunun səbəbkarı elə ermənilər özləri ola bilərlər. Bax, elə informasiya müharibəsinin qalibi olmaq belə olur və həqiqətən Azərbaycan Lideri bu qələbələri də öz ölkəsinə, öz xalqına mütəmadi olaraq bəxş edir.
Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən müharibədə mükəmməl qələbəyə imza atan, ölkəmizin dövlət sərhədini Araz çayından Murov dağına qədər praktiki olaraq təmin edən, ardınca da Laçında post quran və “Laçın dəhlizi” məsələsini tamamilə arvixə göndərən bir ölkə liderinin, cənab Prezident İlham Əliyevin hər bir məqsədinə nail olduğunu təkcə dünya ictimaiyyəti deyil, elə ermənilər, daha çox da Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsillilər özləri də gördülər. Gördülər ki, Azərbaycan Prezidenti qarşıya qoyduğu məqsədə nail olmaq əzmində olan və hər dəfə də istədiyinə nail olan, istənilən vədinə əməl edən, dövlətimizin və xalqımızın milli maraqlarını hər şeydən üstün tutan və bundan sonra da üstün tutacaq siyasi iradəyə sahib olan bir liderdir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər özləri də gördüklərindən sonra bir daha əmin oldular ki, Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə cəmiyyətimizin bir hissəsi olaraq, normal həyat yaşayacaqları vədi də sadəcə sözdən ibarət deyil. Onlar görürlər ki, rəsmi Bakı Qarabağdakı erməni əhalisinin reinteqrasiyası istiqamətində addımlar atır və əmindirlər ki, Azərbaycan Prezidenti dediyinə əməl edəcək və onun təklifi qəbul oldunduğu təqdirdə həqiqətən də onların hüquq və təhlükəsizlikləri təmin olunacaq və təhlükəsiz şəraitdə, normal, asudə, rahat və firavan yaşayacaqlar. Bilirlər ki, bu çağırış, eləcə də seçim imkanının verilməsi ritorika deyil, Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin atacağı praktiki addımların anonsudur və reallığa çevriləcəyinə zərrə qədər də şübhə yoxdur. Bax elə bu məqam, yəni erməni əsilli insanların belə öz liderlərinə deyil, məhz Azərbaycan Prezidentinə inanması, etibar etməsi özü də onun qələbəsidir, informasiya müharibəəsində, şər üzərində qələbəsi.
Bu reallıqları şübhəsiz ki, dünya ictimaiyyəti görür, bilir və qəbul edir. Məsələ burasındadır ki, ermənilərin uydurma yalanlarla çaşdırmaq istədiyi, bəlkə də çaşdıra bildiyi bir qrup insanların, qüvvələrin, təşkilatların da həmin reallıqları qəbul etməsi vacib məqamdır və etiraf edilməlidir ki, ölkə rəhbərimiz məhz hər dəfə dünyanın tanınmış mətbuat orqanlarına müsahibə verdikdən sonra çaşqınlıq içərisində olanlar da Azərbaycan həqiqətlərini qəbul etməli olurlar, erməni uydurmalarını yox, təbii ki, əgər ermənipərəst və ikiüzlü deyillərsə. Elə “Euronews” televiziyasına müsahibəsi ilə də cənab Prezident erməni yalanlarını ifşa etməklə, onların uydurma olduğunu isbatlamaqla, ölkəmizin haqq işi uğrunda ədalətli mübarizə apardığını sübut etməklə, informasiya müharibəsində növbəti dəfə qələbəyə imza atdı. Bu dəfə də informasiya savaşında ölkəmizin parlaq qələbəsi düşmənlərin gözünü kor etdi və təkcə biz yox, hər kəs əmin oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev təkcə hərb meydanında, diplomatik müstəvidə deyil, elə informasiya müharibəsində də Azərbaycana qələbə qazandıran liderdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB