Dünya ictimaiyyəti terrorçuların qəhrəmanlaşdırılmasına laqeyd qalmamalıdır
Tarixən ermənilər müxtəlif ağır cinayətlərin, kütləvi qırğınların, qətliamların törədilməsində iştirak ediblər. Və bu cinayətlərdə onlar əsasən muzdlu olublar, eləcə də müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar və bu gün də ermənilər üçün bu “ənənə” davam edir. Belə ki, ermənilər son iki yüz il ərzində azərbaycanlılara və türklərə qarşı qətliamlar, soyqırımlar törədiblər. 1905-ci, 1918-ci illərin qırğınları, eləcə də müasir dövrümüzdə Xocalı soyqırımı buna sübutdur. Və iyulun 29-da sərhədçilərimiz tərəfindən saxlanılan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı soyqırımı cinayətləri törətmiş, Azərbaycan Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri üzrə cinayətləri törətməkdə təqsirləndirilən və 10 ildir ki, beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi cani Vaqif Xaçaturyanın yaxalanmasından dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyinin qeyri-adekvat bəyanatlar verməsi, əslində azərbaycanlılara qarşı 30 il davam edən müharibə cinayətlərinin dövlət səviyyəsində törədildiyini və İrəvanın bu gün də öz çirkin əməllərinə haqq qazandırmaqda davam etdiyini göstərir. Bundan əlavə, Xaçaturyanın həbsi 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın tələbləri ilə də tam legitim və qanunidir. Həmçinin, 25 nəfərin öldürülməsi, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, 358 nəfər azərbaycanlının isə hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salınması faktlarını görməzdən gələn Ermənistanın müharibə canisini “insan haqları” pərdəsi altında müdafiə etməsi absurddur. Çünki bu gün də Ermənistan hələ də revanşist niyyətindən əl çəkməyib və hər bir xüsusi hala Azərbaycan əleyhinə istifadə edə biləcəyi imkan kimi yanaşır. Bu yanaşma ilə bölgədə sülhü və sabitliyi təmin etmək asan deyil.
Bir məqamı da vurğulamaq istərdim ki, Azərbaycan Vaqif Xaçaturyanı erməni olduğu üçün yox, məhz təkzibedilməz dəlillərlə təsdiqlənən müharibə cinayətlərinə görə yaxalayıb. Azərbaycan dövləti üçün cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və cinayət təqibi insanların irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Və bu mənada Ermənistan Xarici İşlər Nazirliyi siyasi manipulyasiyalara əl ataraq Bakının erməni əsilli sakinləri hədəfə alması fonu yaratmaqla erməni sakinlər arasında təşviş yaradaraq onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmağa cəhd etməsi mənasız və absurdur, hərbi caninin saxlanması ətrafında şou yaratmaqla yeni manipulyasiyalara əl atmaqdan çəkinsin. Çünki Azərbaycan istər Ermənistanda, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı bütün hərbi canilərin yaxalanması və ədalət mühakiməsinə təhvil verilməsi prosesini bundan sonra da qətiyyətlə davam etdirəcək. Xaçaturyanın yaxalanması ilə Azərbaycan dövləti göstərdi ki, heç nə unudulmur və müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik bir dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir. Azərbaycan bundan sonra da ardıcıl olaraq öz suverenliyinin, ərazi bütövlüynün və hərbi qüdrətinin artırılması, o cümlədən vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində beynəlxalq hüquq çərçivəsində bütün tədbirləri görəcək.
V.Xaçaturyanın saxlanılması haqqında Ermənistan tərəfinin iddiaları isə uydurmadan başqa bir şey deyil və buna görə beynəlxalq müstəvidə adekvat reaksiya görmür. Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində Xaçaturyanın Meşəli qətliamının icraçılarından olmasına dair faktlar mövcuddur, lazım olarsa, bu faktlar beynəlxalq instansiyalara da təqdim edilə bilər və atılan addım beynəlxalq konvensiyalara uyğundur.
Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycana qarşı əsas təhlükələrlə bağlı fikirlərini bildirərkən diqqətə çatdırdı ki, biz artıq 30 il bizi narahat edən təhlükənin öhdəsindən gəlmişik. Dövlətimizin başçısı bizi ayıq olmağa, keçmişi unutmamağa çağırdı. Çünki Vətən müharibəsində aldığı dərsə baxmayaraq, Ermənistan dövlətində və cəmiyyətində revanşist ideyalarla yaşayan qüvvələr var. Azərbaycanda anadan olan və ölkəmizin çörəyini yeyən Vaqif Xaçaturyan kimilər arxadan kürəyə bıçaq vuranlardandır. Biz həmişə demişik ki, dinc erməni əhalisi Qarabağda azərbaycanlılarla yanaşı yaşaya bilər. Lakin problem ondadır ki, orada dinc əhali kimi qalan ermənilərin hər biri ciddi surətdə yoxlanılmalıdır.
Bəli, dövlətimizin başçısının da qeyd etdiyi kimi, qonşularımızın “xalqımıza qarşı nifrəti normal insan psixikasına” sığmır. Biz qisas almaq üçün deyil, başımıza gətirilənlərin bir daha təkrarlanması üçün olanları unutmamalıyıq. Çünki biz bir dəfə səhv etmişik. Qonşulara çox inandıq və acısını hələ də çəkirik..
Unutmamalıyıq ki, heç vaxt təkrarlanmasın. Xaçaturyan kimilərinin həbsi və onların cəzalandırılması nifrətin başını əzəcək tək yoldur. Və torpaqlarımızı işğaldan azad edərək beynəlxalq hüququ və bu istiqamətdə qəbul olunmuş beynəlxalq qətnamələrin icrasını təmin etdiyimiz kimi, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etməklə hüququn, ədalətin bərpasına özümüz nail olmaqla, president formalaşdıracağıq.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB