"Müttəfiqlik əlaqələri başlıca faktorlardan biridir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Türkiyə ilə müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında mühüm əhəmiyyətə malikdir. Xüsusilə yaxın keçmişə nəzər saldıqda Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara münasibətdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi və ədalətli çıxışları, dövlət başçıları cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğan arasında olan möhkəm dostluq əlaqələri heç şübhəsiz ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadı və strateji tərəfdaşlığı daha da möhkəmləndirən əsas faktorlar olaraq dəyərləndirilə bilər". Bu sözləri politoloq Aytən Qurbanova SİA-ya açıqlamasında deyib.
"15 iyun 2021-ci il tarixində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik əlaqələrinin yol xəritəsi aydın şəkildə ifadə olunmuşdur. Ona görə də, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşü və bu görüş zamanı regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması kifayət qədər əhəmiyyətli xarakter daşıyır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, dünyanın ən güclü hərbi alyansı olan NATO-nun üzvü və beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından biri olan Türkiyə ilə möhkəm müttəfiqlik əlaqələri və onun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi regionda sülh quruculuğu prosesinə töhfə verən başlıca faktorlardan biri olaraq dəyərləndirilə bilər", - politoloq bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB