Dövlət başçısının Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib
Vətən müharibəsində 44 gün ərzində ordumuz böyük döyüş yolu keçdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir".
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü göstərə bildi. Həmin qısa bir zaman çərçivəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", deyən Azərbaycan Prezident Cənab İlham Əliyevin bu qürürverici ifadələri tarixə həkk olundu. Cənab Prezident onu da qeyd edib ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!: "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!".
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Azərbaycan tarixində yeni gün oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət xalqın tarixinə həkk olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı", - deyə Azərbaycan Prezidenti bildirib.
"DÜŞMƏNİN BELİNİ QIRIRIQ, QIRACAĞIQ!"
44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik", - deyə Cənab İlham Əliyev bildirmişdir.
2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi. Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir", - deyə Prezident bildirib. Cənab Prezident "Biz öz missiyamızı yerinə yetiririk", - deyərək bildirib ki, düşmənə layiqli cavab veririk: "Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"
"MƏRHƏLƏLİ YOLLARLA ŞƏHƏRLƏRİN BƏRPASI NÖVBƏTİ BEŞ İL ƏRZİNDƏ MÜMKÜN OLACAQ"
Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Bu gün Böyük qayıdışımız uğurla yerinə yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb və Böyük Qayıdış Proqramı qəbul edilib. "Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq", - deyən Cənab Prezident bunun ancaq başlanğıc olduğunu qeyd edib: "Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində. Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq".30 illin həsrətinə, ağrı və acısına son qoyuldu. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
"HƏR DƏFƏ BU İNKİŞAFI GÖRƏNDƏ MƏN ÖZÜMƏ DEYİRƏM, YƏQİN Kİ, XOŞBƏXTLİK, BAX, BUDUR"
Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, eləcə də Laçına köç yola salındı. İnsanların doğma yerlərdən səsləri eşdilir. Həmin ərazilərin hər bir daşı, qayası, çayı bu səslər üçün qəribsəmişdi. Şəhər, kənd və qəsəbələr yenidən qurulur. "Hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir. Təkcə, bax, bu bölgənin havası deyil, - mən əminəm, siz də eyni hissləri keçirirsiniz, - özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur", - deyə Prezident bildirib. Cənab İlham Əliyev bildirib ki, 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib, bir çox kəndlərin təməli də qoyulub: "Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur".
QƏLƏBƏ VƏ ZƏFƏR İLƏ YOĞRULMUŞ TARİXİMİZDƏN YAZIRIQ
Bəli, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd ediləcəkdir. 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. Hər bir azərbaycanlı üçün qəlb ağrıdan ərazilərimizin işğal tarixləri artıq tarixə qovuşdu. Uğurla sona çatan qələbəmiz işğal tariximizi Zəfərlə əvəzlədi. İşğal tarixlərimizdən illərlə acı-acı yazdıq və o tarixləri anaraq böyük sarsıntı, əzab keçirdik. Hər dəfə də qayıdacağımıza böyük ümid bəsləyirdik. 44 günlük Vətən müharibəsində əldə etdiymiz QƏLƏBƏ, ZƏFƏR artıq bizə qələbə ilə yoğrulmuş fikirləri yazmağa imkan verir. Tarixdə çox az xalqlara nəsib olan bir məqamı yaşadıq. Bu qüruru bizə, xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Nə qədər qürurlandırıcı, fərəhvericidir ki, bu gün qalib xalq olaraq işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Sərəncamda qeyd olunduğu kimi, məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB