Ermənistan tarixinin növbəti iyrəncliklərini təqdim etməkdədir. Dünyada qəbul olunmayan separatçılığı açıq şəkildə dəstəkləyən rəsmi İrəvan müxtəlif adlar altında Azərbaycan ərazilərində yetişdirdiyi və 44 günlük müharibədə başı əzilən ordusunun tör-töküntüsünü yenidən dirçəltmək, işini sona çatdırmaq üçün müxtəlif təxribatlar həyata keçirməkdədir. Ona bu əməlini həyata keçirməkdə xarici legitim və qeyri-legitim subyektlər geniş şəkildə dəstək olurlar. Azərbaycana qarşı siyasi, iqtisadi, yeri gələndə isə hərbi təzyiqlər etməklə Ermənistanın arzusunu çin etmək niyyətini gizlətməyən həmin güclər bu dəfə də İrəvanın ifasında icra olunan “tır şousu”na dəstək verməkdədirlər.
Bəli, Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırlayır. Son günlər erməni rəsmiləri və Qarabağdakı separatçılar ordumuza qarşı hərbi təxribatlara əl atacaqları barədə müxtəlif siqnallar verirdilər. Ötən gün Dövlət Sərhəd Xidməti (DSX) Ermənistana qəti şəkildə xəbərdarlıq edərək, İrəvan hakimiyyətini insidentdən yayınmağa çağırıb. Əks tədbirdə sərhədçilərimizin cəza tədbirlərinə əl atacağı qeyd olunub. “Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır. Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, - DSX-dən bildirilib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti Qarabağa humanitar yük adı ilə avtomobillər yola salıb. Belə bir addımın atılması sərhəddə qarşıdurma yaratmaq niyyətindən irəli gəlir. Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi sülhün təmin olunmasında maraqlı deyil.

Sərhəddə yeni təxribat nə ilə nəticələnəcək?
Azərbaycan dövləti sərhəddə təxribatların törədilməsini planlaşdırılmış hiyləgər addım adlandırıb. Azərbaycan tərəfinin reinteqrasiya təklifinə qarşı tərəfdən heç bir müsbət reaksiya gəlməyib. Sərhəddə təxribatların törədilməsi Azərbaycanın təkliflərinə qarşılıq kimi qəbul edilməlidir. Rəsmi Bakının Ermənistan tərəfindən göndərilən yükləri Laçından buraxmayacağını bilən ermənilər sərhəddə təxribatlar törətməyə çalışacaqlar. Silahlı insident də istisna deyil. Ermənistanın məqsədi qarşıdurmaya səbəb olmaq, nəticədə dünya ictimaiyyəti qarşısında günahsız, aciz kimi özünü göstərməkdir. Belə olan halda Azərbaycanın qarşısında iki yol var. Ya ermənilər inteqrasiya ilə bağlı təklifimizə müsbət cavab verməli, ya da hərbi əməliyyatlar keçirilməlidir. Biz yeni əməliyyatları ermənilərin təxribatlarına qarşı keçirəcəyik. Ermənistan isə sərt gücün tətbiqini tələsdirmək istəyirlər. Çünki bununla beynəlxalq aləmdə bu hadisələri öz lehlərinə çevirmək üçün çalışacaqlar. Azərbaycan da bütün bu hiyləgər planları bildiyi üçün təmkinli davranır.
2022-ci ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. “Laçın” sərhəd-buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur. Bu sətirlər isə Azərbaycan Xarici İşlər Nazirliyinin Cozep Borelə verdiyi cavabdandır. Qeyd edilib ki, Azərbaycan tərəfi Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. 2020-ci ildə 44 günlük müharibədən sonra ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam olaraq çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır.
Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir.

İrəvandan Qarabağa göndərilən 400 ton yük daşıyan 19 TIR-ın məxsus olduğu şirkətlə bağlı həqiqətlər üzə çıxıb. TIR-ların aid olduğu “Spayka” şirkətinin 44 günlük müharibə zamanı Gürcüstan üzərindən Ermənistana hərbi yük daşımağa cəhd etdiyi məlum olub. Sosial şəbəkələrdə 2020-ci ilə aid olduğu deyilən fotoda TIR-lardan birinin yük hissəsi hərbi maşının yerləşdirildiyi görünür.
Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub. Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir.
Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaqdır.
Hikmət Hacıyevin cavabı
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib. Prezidentin köməkçisi yazıb: “Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasını imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır".
H.Hacıyev Avropa İttifaqı ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar. Xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. “Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!", - deyə H.Hacıyev əlavə edib.
Prezidentin xüsusi nümayəndəsindən xatırlatma
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir. Azərbaycan Respublikası tərəfindən müxtəlif səviyyələrdə bəyan edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O, qeyd edib ki, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başa düşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil. Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır. 15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir.
Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil. Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib.

Türkiyədən reaksiya
Məsələyə Türkiyə tərəfinin də reaksiyası özünü çox gözlətməyib. Açıqlamasında Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı deyib ki, son günlər Ermənistanın "cəsarətlənməsi" və onların Azərbaycana qarşı təxribat hazırlığı göstərir ki, işğalçıların arxasında Rusiya dayanır. Rusiya açıq şəkildə olmasa da, gizli yollarla Ermənistana dəstək verir.
“Ermənilər Rusiyanın Türkiyəyə qarşı münasibətini dəyişdirəcəyini düşünür. Rusiyanın taxıl sazişindən imtina etməsindən sonra situasiyanın onlar üçün faydalı olacağını hesab edərək, ruslara arxalanmağa başlayıblar. Ermənilər ruslardan cəsarət alıb, təxribat hazırlığı görür. Türkiyənin bu məsələyə açıq münasibət göstərməsini gözləyirəm. Qarabağın hər bölgəsi Azərbaycanındır. Gizli yollarla Qarabağ gəlmək yolverilməzdir və orada Azərbaycanın istəyindən əlavə dəhlizin açılmasından söhbət belə gedə bilməz. Sadəcə olaraq Ermənistan Rusiyadan cəsarət tapıb. Rusiyanın da üstüörtülü şəkildə Ermənistana dəstək verdiyini görürük”,- Cihad Yaycı bildirib.
Qeyd edək ki, Qərb ölkələri arasında Azərbaycan və Türkiyənin uğurlarını, birliyini həzm edə bilməyənlər var. Ermənistanın bəzi təkliflərini Qərb dairələri dəstəkləyir. Azərbaycan və Türkiyəyə qarşı şər ittifaqı yaradıblar. Ermənistanı təxribata təhrik edib, ona müxtəlif yollarla dəstək verməklə Azərbaycanı və Türkiyəni çətin vəziyyətdə qoymaq istəyirlər. Azərbaycan və Türkiyə şər ittifaqının bütün təkliflərinə, addımlarına qarşı dik durmalıdır. Qarabağ Azərbaycanındır. Məhz bu səbəbdən Qarabağa başqa bir yerdən dəhliz açılması yolverilməzdir. Qarabağ Azərbaycan torpağıdır. Bütün dünya bu reallığı qəbul etməlidir. Bununla bağlı açıq mövqe ortaya qoymaq lazımdır. Türkiyə də Ermənistana gömrük qapılarını açmaq məsələsini dayandırmalıdır.
Qeyd edək ki, son günlər erməni rəsmiləri və Qarabağdakı separatçılar ordumuza qarşı hərbi təxribatlara əl atacaqları barədə müxtəlif siqnallar verirlər.

“TIR şousu” nəyə hesablanmışdı?
Sülh danışıqlarından yayınan Ermənistan tərəfi Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirmək üçün növbəti dəfə təxribata əl atıb. İrəvan rəhbərliyi heç bir fakta söykənməyən "Qarabağda humanitar böhran" tezisini yenidən gündəmə gətirərək, siyasi manipulyasiya variantını işə salıb. Ssenariyə uyğun olaraq, ötən gün humanitar yük daşıdığı deyilən TIR-lar Azərbaycanla sərhədə göndərilib. Belə bir addımın atılmasında məqsəd "ermənilərin acından ölməsi"ni səhnələşdirmək idi. Təbii ki, Azərbaycan səbir nümayiş etdirərək, ermənilərin təxribat cəhdlərini anındaca zərərsizləşdirdi və XİN tərəfindən yayılan rəsmi press-relizdə İrəvanın TIR şousunun gerçək mahiyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun açıq olduğu barədə qarşı tərəfə Azərbaycanın rəsmi mövqeyi açıqlansa da, Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu təklifdən imtina etməklə, əslində niyyətlərinin Qarabağda yaşayan ermənilərə yardım etmək deyil, onları təxribata sürükləmək olduğunu ortaya qoydu. İrəvanın “TIR şousu”nda kənar qüvvələrin rolu var. Çünki Ermənistan həmişə olduğu kimi davranır. Baş nazir Nikol Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etməsi, sonra da Azərbaycana yardım göndərməsi başa düşülən deyil. Baş nazir ikili oyun qurmağa çalışır. Ölkəmizdə yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Dövlət onların sosial, humanitar, ümumi olaraq maddi və digər təminatlarını həyata keçirməyə qadirdir.
Qeyd edək ki, Azərbaycana hansısa ölkənin yardım etməsi qəbuledilməzdir. Əgər lazım olsa ölkəmiz dost ölkələrə müraciət edər. Qarabağda yaşayan erməni vətəndaşlarımıza gəldikdə isə, onların lazımi materiallarla təchizatı üçün daha uyğun olan Ağdam-Xankəndi yolu var. Dünəndən başlanan olayları Ermənistan və Avropa İttifaqının nümayəndələrinin birgə şousu da adlandırmaq olar. Bununla da Azərbaycanın nəbzini yoxlamaq istəyirdilər. Amma Hikmət Hacıyevin dediyi kimi, oyun bitti!
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB