"Moskvadakı Azərbaycan-Ermənistan-Rusiya XİN başçıları arasındakı üçtərəfli görüşdəki gözləntilər son danışıqlardan sonra böyük olmasa da, hər halda balaca bir irəliləyiş var. Bu da ondan ibarətdir ki, birincisi, Rusiya xarici işlər naziri Sergey Lavrov artıq açıq bəyan etdi ki, məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır, buna alternativ yoxdur. Digər tərəfdən, Lavrov demək olar ki, Qarabağda yaşayan bir yığın ermənilərin öz müqəddəratını həlletmə, statusalma və s. kimi cəfəng prinsip və danışıqlarının üzərindən xətt çəkdi". Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında deyib.
"İlk dəfə idi ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri “Dağlıq Qarabağ” ifadəsini işlətmədi. Bildiyimizə görə, görüş başlar-başlamaz onun köməkçisi tövsiyə edib ki, bu ifadə işlənməsin, çünki Azərbaycan bunu qəbul etmir. Bu da demək olar ki, Azərbaycanın istəyi ilə baş vermiş hadisədir. Bunlar kiçik görünsə də, özlərində böyük mahiyyət daşıyırlar. Çünki biz tam əminik ki, Qarabağa vaxtı ilə lazımsız bir adam – Ruben Vardanyanı gətirmək istəyənlər deyəsən indi yavaş-yavaş öz təfəkkür və məntiqlərini durulda bilirlər.
Əgər belədirsə, onda həqiqətən də XİN başçılarının iştirakı ilə baş tutmuş Moskva görüşünün özünəməxsus bir aktivi formalaşdı. Düzdür, indi erməni “bazarı” ayaq üstə qalxıb, yenə də səs-küy salırlar ki, “bu niyə belə oldu, niyə Moskva Qarabağ ermənilərinin müqaəddəratının həlli üçün əməli dəstək vermir” və s. kimi fikirlər səsləndirilir. Lakin bunlar hamısı demaqogiya siyasətinin tərkib hissələridir. Çünki məsələ həllini 44 günlük müharibə əsnasında tapdı. Ermənistanın nə halı, nə bacarığı, nə də istəyi var ki, yenidən ayağa qalxıb silah-sursata əl atsın.
Düzdür, Makron kimi siyasətçilər erməniləri cuşa gətirməyə, onların yenidən mübarizə aparması üçün meydanda onlara impuls verməyə çalışırlar. Ancaq ermənilərin özləri çox yaxşı başa düşür ki, bu, onların sonu ola bilər. Bu baxımdan, hesab edirəm ki, başıpozuq erməni siyasətçiləri, eləcə də onların təsiri altında olan Qarabağda özfəaliyyət qurmuş “müdirlər” artıq anlayırlar ki, xalqın da yavaş-yavaş səbri daralır və bu davam edəcək. Buna görə də, bu danışıqların Azərbaycanın xeyrinə müəyyən qədər pozitiv tərəfləri oldu. Ermənistan, ilk növbədə də Nikol Paşinyan gərək bu proseslərdən nəticə çıxarsın. Nikon Paşinyan bir gün bir söz deyir, sabah özünü təkzib edir – bir tərəfdən Ermənistanın artıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən Qarabağ erməniləri və onların müdafiəsi, hüquqlarının saxlanılması üçün beynəlxalq mexanizmlər lazım olduğu kimi fikirlər deyir. Ermənistan rəhbərliyinin qeyri-peşəkar və qeyri-sağlam yanaşmasının şahidi oluruq. Bu, öz-özlüyündə Nikol Paşinyanın ciddi siyasətçi olmadığının göstəricisidir. Ona görə də gedib başlarına bir çarə qılmalıdırlar", - politoloq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB