"Azərbaycan Çinlə iqtisadi əlaqələrin inkişafı üçün əlindən gələni edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Çinlə iqtisadi əlaqələrin inkişafı üçün əlindən gələni edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlərdə və xarici siyasətdə hər bir dövlətin ərazi bütövlüyünü tanımaq və ona hörmət etmək prinsipini əsas tutur. O cümlədən, Azərbaycan 1991-ci ildə dünyanın ayrı-ayrı dövlətləri ilə diplomatik əlaqələr qurmağa müvəffəq oldu. Həmin dövlətlərdən biri də Çin dövlətidir. Hətta Ulu Öndər Heydər Əliyev də səfərlərindən birini Çinə etmiş və dövlət rəhbəri ilə görüşmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Çin və Azərbaycan dövlətlərinin yaxınlaşması üçün mümkün olanları edib: “Azərbaycan hakimiyyəti, o cümlədən, Ümummilli lider Heydər Əliyev də Çinin ərazi bütövlüyünü təsdiqləyirdi və bu, mübahisəsiz bir məsələ idi. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Çin Media Qrupuna verdiyi müsahibəsində də bu siyasət bir daha təsdiq olunur. Azərbaycan Çinin suverenliyinə böyük hörmətlə yanaşır, iqtisadi münasibətlərin inkişafı ilə bağlı əlindən gələni edir və iki dövlət arasında münasibətlər də sürətlə inkişaf edir. Bütün bunlar onu göstərir ki, harada ərazi mübahisələri varsa, o dövlətlərin haqq işini müdafiə etmək Azərbaycan üçün prioritet məsələdir. Çünki Azərbaycan da 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, biz o müstəqilliyin şirinliyini dada bilmədik”.

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan və onun havadarları Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edərək torpaqlarımızın 20%-ni işğal etdilər: “O zaman Azərbaycan dövrün ən ağır iqtisadi çətinlikləri ilə üzləşməli oldu. Əfsuslar olsun ki, dünyanın böyük dövlətləri Azərbaycanın haqq işini yetərincə müdafiə etmədilər. Sözdə bunu qəbul etsələr də, bu illər ərzində işğal edən və işğala məruz qalanın kim olduğunu dilə gətirmədilər. Məlum olduğu kimi, BMT-nin dörd qətnaməsi kağız üzərində qaldı və beynəlxalq təşkilatın üzərinə götürdüyü öhdəliyi məcburiyyət qarşısında qalaraq Azərbaycan dövləti, ölkə başçısı və güclü ordumuz yerinə yetirdi. Harada haqq-ədalət varsa, Azərbaycan onun yanındadır. Azərbaycanın həyata keçirdiyi bu siyasət bütün dünya dövlətlərin sülh içində yaşamasına xidmət edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə