Müxalifətçi Tofiq Yaqublu ermənilərə status verilməsi barədə çıxışlar edib. O bildirib ki, Azərbaycan sülhün imzalanması ilə bağlı Ermənistana təzyiq edir. SİA bu barədə QHT rəsmiləri arasında sorğu keçirib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Azərbaycan vətəndaşının ermənilərə status verilməsini istəməsinə qarşı münasibətim mənfidir. Bu, bağışlanmaz haldır. Elə məsələlər var ki, onlarda dövlət maraqlarından çıxış etmək lazımdır. Həmin məsələlərdə müxalifət mövzusu olmamalıdır. Buna aid dövlət və ümumxalq mövzusu var. Vətən və müharibə məsələlərində, ölkənin milli maraqlarında qrup, partiya və ya siyasi dərnək mənafeyindən çıxış edilməsi yolverilməzdir. Bu kimi hallar təəssüf hissi doğurur. Həmin şəxslərin mövqeyi bəllidir. Azərbaycan xalqı ümumilikdə birmənalı olaraq dövlət siyasətini dəstəkləyir”.
Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə: “Mən ümumiyyətlə, ermənilərə heç bir status verilməməsinin tərəfdarıyam. Prezident İlham Əliyevin 44 günlük müharibə ərəfəsində səsləndirdiyi çox gözəl bir fikri var. O, bildirdi ki, Fransa və yaxud başqa dövlətlər əgər ermənilərə status vermək istəyirsə, öz ərazilərinə aparsınlar və istədikləri statusu versinlər. Azərbaycan ərazisi bölünməzdir. Bütün millətlər Azərbaycan ərazisində multikultural dövlət siyasətinə uyğun yaşayırlar. Mənasız fikirlər heç bir əhəmiyyət kəsb etmir. Dövlət siyasəti var və onu Prezident İlham Əliyev yürüdür. Ermənilər Azərbaycanda bu gün də yaşayır. Bugünədək heç bir erməninin hüququ pozulmayıb, heç birinə qarşı zorakılıq hadisəsi baş verməyib. Təbii ki, istər erməni, istər başqa millətin nümayəndəsi, istərsə də azərbaycanlı şəxslərin hər biri Azərbaycan qanunlarına əməl etməlidir. Qeyri-qanuni hərəkətlər qəbul edilmir”.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Mən də sosial şəbəkələrdə Tofiq Yaqublunun Qarabağda yaşayan ermənilərə status verilməsi fikrinə rast gəldim. Burada ilk növbədə təəssüf doğuran məsələ odur ki, bir Azərbaycan vətəndaşı belə bir fikir səsləndirib. İkincisi, Tofiq Yaqublu deyir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti məhz Azərbaycan Xalq Cəbhəsinin tələbi əsasında o vaxtlar Azərbaycan Ali Soveti tərəfindən ləğv olunub. Üçüncüsü, müxalif şəxs adətən maksimalist tələblər irəli sürər. Məsələn, hökumətdən daha artığını tələb edə bilər. Təəssüf ki, Tofiq Yaqublu son 30 ildə azərbaycanlılara ağılasığmaz fəlakətlər yaşatmış separatçıların tələblərini səsləndirir. Sentyabr döyüşləri zamanı da oxşar açıqlamalar olmuşdu. Azərbaycan Ordusu tarixi torpaqlarımızda öz mövqelərinə çıxan zaman Tofiq Yaqublu onları erməni torpaqlarını işğal etməkdə günahlandırırdı. Hesab edirəm ki, onun bugünkü gündə statusla bağlı səsləndirdiyi fikirlər də həmin açıqlamaların davamıdır. Bu yanaşma tərzi Azərbaycan xalqının ümumi maraqlarına tamamilə ziddiyyət təşkil edir. Əgər bunu siyasi mövqeyinə görə edirsə, yenə də yanlışdır. Amma əgər səmimi şəkildə deyirsə, bu, Azərbaycan xalqının maraqlarına qarşı olmaq deməkdir”.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da siyasi mənzərə çox rəngarəngdir. Demokratik cəmiyyətdə müxalifətin olması normal hal və vacib şərtdir. Düşünürəm ki, istənilən demokratik cəmiyyətin ən vacib atributlarından biri güclü müxalifətin olmasıdır. Güclü müxalifət həm ölkənin inkişafının, həm ictimai-siyasi proseslərin düzgün getməsinin, həm də şəffaflığın olmasının təminatçısıdır. Təəssüf ki, Azərbaycanda bəzən müxalifət anlayışı düzgün qavranılmır. Tutaq ki, çox mədəni şəkildə kimisə tənqid etdikdə və ya hakimiyyətin hər hansı müsbət addımına müsbət fikir söylədikdə dərhal xalq düşməni elan edirlər. Çox yanlış yanaşmadır.
Fikrimcə, xalqımız da iqtidar və müxalifət anlayışlarını düzgün dəyərləndirmir. Ölkə daxilində hər hansı siyasi fəaliyyəti olmayan şəxsin sosial şəbəkələrdə danışması normaldır. Lakin hər şeyin bir həddi var. Birincisi, müxalifətin iqtidarı tənqid etməsinin və ya əks prosesin etik normalar çərçivəsində olmasını istərdim. İnsanlarımıza da bunu aşılamalıyıq. Çünki son zamanlarda xalq təhqirdən istifadə olunmayan tənqidi zəif qəbul edir. İkincisi, son dövrlərdə xaricdə yaşayan bəzi azərbaycanlılar sanki dövlətimizdən qisas almağa çalışır və ermənilərin tərəfini saxlayır. Bu nə müxalifətə, nə siyasətə, nə də ümumilikdə insanlığa yaraşır. İqtidara müxalif olmaq başqa məsələ, amma hər bir azərbaycanlı Azərbaycan dövlətini sevməyə məcburdur. Əgər dövləti sevmirsə, deməli həmin şəxsin Azərbaycana aidiyyatı yoxdur”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB