"Prezidentin çıxışı Azərbaycanın gələcək fəaliyyəti barədə rəy yaradır" - BAŞ REDAKTOR BİLDİRDİ

"Prezidentin çıxışı Azərbaycanın gələcək fəaliyyəti barədə rəy yaradır" - BAŞ REDAKTOR BİLDİRDİ

"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirləri həqiqəti əks etdirir. Həm Azərbaycanın son 30 ildə keçdiyi ağır mərhələnin qısa xarakteristikasını verir, həm bu müddət ərzində hansı xalqlarla qonşuluq etdiyimizin acı həqiqətlərini ortaya qoyur, həm düşmənimizin xislətini açır, həm də Azərbaycanda çox çətinliklə əldə olunmuş və möhkəm əsaslara malik olan sabitliyin mənzərəsini nümayiş etdirir, həm dövlətimizin keçmişdəki hadisələrdən hər zaman lazımi nəticə çıxarmaq qabiliyyətində olduğunu göstərir, həm də bundan sonrakı vəzifələri müəyyənləşdirir". Bu sözləri SİA-ya "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində etdiyi çıxışa münasibət bildirərkən deyib.

O bildirib ki, həqiqətən də, 30 il öncə Ermənistan xain xisləti ilə Azərbaycana arxadan zərbə vurdu və torpaqlarımızı işğal etdi: "Azərbaycan çox böyük çətinliklə bu mərhələni aşaraq müharibə yolu ilə ərazi bütövlüyünü təmin edə bildi. Bu gün ölkəmizdə mövcud olan sabitlik aparılan dövlət siyasətinin cəmiyyət tərəfindən anlayışla qarşılanmasına söykənir. Eyni zamanda, Azərbaycan Ermənistan hakimiyyətində hələ də revanşist qüvvələrin olduğunu istisna etmir. Azərbaycan Prezidentinin də dediyi kimi, proseslər Ermənistan hakimiyyətində revanşist qüvvələrin uzun müddət siyasətdə qalacağını düşünməyə əsas verir. Bu nöqteyi-nəzərdən Şuşa forumunda Prezident tərəfindən səsləndirilən bu fikirlər həm Azərbaycanın bugünkü vəziyyətini göstərmək baxımından maraqlıdır, həm də ölkənin öz müdafiə qabiliyyətini daim möhkəmləndirməyə ciddi bir fəaliyyət istiqaməti kimi baxdığını nümayiş etdirir". A.Quliyev sözlərinə davam edərək qeyd edib ki, Azərbaycan dövlət olaraq mürəkkəb bir bölgədə olduğunun fərqindədir. Ermənistan və digər bu kimi qonşulardan böyük təhlükənin gələcəyini yaxşı bilir: "Ona görə də doğru olaraq belə bir strateji xətt seçilib ki, bütün bu təhlükələrin qarşısında dayanmağın yeganə bir yolu var. Bu da ölkənin ordusunu gücləndirmək, hazırlıq qabiliyyətini yüksək səviyyədə saxlamaq və hərbi-texniki təchizatını daim yaxşılaşdırmaqdan ibarətdir. Prezidentin bu çıxışı Azərbaycanın gələcəyə doğru yönəlmiş fəaliyyətinin aydın istiqamətləri barədə rəy yaradır və göstərir ki, biz dövlətimizin gələcək təhlükəsizliyi və müdafiəsini hansı istiqamətdə təmin olunacağını çox yaxşı bilirik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə