"Atəşkəsin pozulmasında maraqlı olan qüvvələr var" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Atəşkəsin pozulmasında maraqlı olan qüvvələr var" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Son zamanlar, Azərbaycan dövlətinin apardığı uğurlu diplomatiya səyləri nəticəsində Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiya və demarkasiya məsələsi, üçtərəfli bəyannamənin dördüncü bəndi və Zəngəzur dəhlizinin açılması ilə bağlı böyük irəliləyişlər əldə olunub". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı artıq coğrafiya da genişlənməkdədir: "Əgər əvvəllər bir platforma işləyirdisə, indi isə Brüssel, ABŞ kimi platformalar da işləyir. Coğrafi genişləndirmə platformalarının məqsədi ondan ibarətdir ki, sülh müqaviləsi imzalansın və regionda əmin-amanlıq təmin olunsun. Belə olduğu halda təbii ki, bu proseslərə qarşı olan qüvvələr də aktivliyə keçir. Artıq atəşkəsin pozulduğu coğrafiya da genişlənir. Bu qüvvələr həm Ermənistan daxilində, həm də xaricində mövcuddur. Eyni zamanda, bu niyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyində də hiss edirik".

Ekspert sözlərinə davam edərək bildirib ki, atəşkəsin pozulmasında məqsəd taktiki və ya hərbi məqsəd daşımır: "Çünki bu pozuculuq nəticəsində düşmən tərəfindən irəliləyiş əldə edilmir və ya hər hansı bir hədəfə çatılmır. Düşmən sadəcə gərginlik yaratmaq niyyətindədir. Təbii ki, gərginlik olduğu yerdə sülhdən söhbət gedə bilməz. Sülh ilk növbədə sabitlikdən doğur. Ona görə də sülh müqaviləsinin imzalanması yolunda ilk addım sabitliyi, əmin-amanlığı təmin etməkdir. İstər 30 il müddətində, istərsə də Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra sülhün bərqərar olmasına mane olan kifayət qədər qüvvələr var. Həmin qüvvələr öz maraqlarına uyğun olaraq regionda daim münaqişə ocağının alovlanmasını istəyirlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə