"Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Türkiyə dünyada – həm Balkanlarda, həm Şərqdə, həm Qafqazda, həm Orta Asiyada, həm də Afrikada böyük bir söz sahibinə çevrilib". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

O, 15 iyul Türkiyə Cümhuriyyətinin Demokratiya və Milli Birlik Gününün önəmi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri barədə danışaraq bunları deyib: "15 iyun Türkiyə tarixinin ən şanlı səhifələrindən biridir. Türkiyə xalqı qətiyyətlə demokratiyanı, xalqın seçdiyi hakimiyyəti qorudu, öz hakimiyyətinə sahib çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra həm İstanbul, həm də Ankarada xalq gecə ilə küçələrə axışdı, 250-dən artıq şəhid verərək qanları ilə Türkiyə demokratiyasını, cümhuriyyəti qorudular.

Türkiyədə FETÖ çevriliş etmək istəyirdi, Fətullah Gülən və onun orduda olan tərəfdarları böyük üsyan başlatdılar. Lakin ilk dəfə olaraq hakimiyyət çevrilişin qarşısını aldı və bu, böyük tarixi hadisə oldu. Azərbaycan dövləti də ilk anlardan Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, Azərbaycanda hərbi yönümlü təşkilatlar da həmin an səfirliyə yığışaraq Türkiyə prezidentinə dəstəyini verdilər və hələ də bu günə qədər tədbirlər keçirilir. Bu, çox böyük bir hadisədir, Türkiyənin inkişafı baxımından önəmlidir. Türkiyə ordusu qüdrətlidir, Türkiyə ordusunun müdafiə sənayesi potensialının 80%-dən çoxu yerli istehsaldır.

Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu Öndər Ümummilli Liderin “Bir millət, iki dövlət” ideyası əsasında qoyulub. 44 günlük müharibədə də Türkiyə Azərbaycanın yanında olub, Türkiyədə meşə yanğınlarında, zəlzələ fəlakətlərində bütün Azərbaycan vətəndaşları da Türkiyənin yanında oldu. Bu hadisələr onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və Türkiyəni heç bir kəs sarsıda bilməz. Xarici qüvvələrə arxalanan güclər çevriliş etməyə çalışsa da, bu çevrilişin qarşısı qətiyyətlə alındı və Türkiyəni müstəqil yolundan sarsıda bilmədi".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə