İsrailin müdafiə nazirinin Bakıya səfərinin PƏRDƏARXASI – TƏHLİL

İsrailin müdafiə nazirinin Bakıya səfərinin PƏRDƏARXASI – TƏHLİL

İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana planlaşdırılan səfərinin heç də təsadüfi olmadığı qənaətində hər kəs haqlıdır. Bu səfərin niyə məhz indi planlaşdırıldığı bunu deməyə əsas verir. İsrailli nazirin Azərbaycana səfəri sözsüz ki, məqsədsiz şəkildə ola bilməz. Hələlik qeyd olunur ki, səfərdə məqsəd ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirməkdən, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdən ibarətdir, amma hər halda sadalanan istiqamətlərdən də əlavə bir çox məsələlərin müzakirə ediləcəyi təkzib edilə bilməz.

Regional sabitliyin möhkəmləndirilməsi yollarının müzakirə edəcəyi də istisna deyil. Belə hesab olunur ki, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə müzakirə edəcəyi məsələlər regional xarakterdə olacaq. İsrailli nazirin dövlətimizin başçısı, cənab Prezindent İlham Əliyevlə, müdafiə naziri Zakir Həsənovla və eləcə də dövlət sərhəd xidmətinin rəhbəri ilə görüşünün planlaşdırılması bunu deməyə əsas verir və bölgədə sabitliyin qorunmasının, eləcə də mühafizəsinin hər iki tərəf üçün önəmli olduğunu isbatlayır. Bununla yanaşı, İsrailin müdafiə nazirinin bu səfərinin pərdəarxası məqamlarının olduğu da təkzib edilə bilməz, çünki bu səfər öncəsi baş verən hadisələr tamamilə fərqli bir mənzərənin olduğundan, eləcə də bunun həmin ölkədə diqqətdən yayınmadığından, ən azından, buna laqeyid yanaşılmadığından xəbər verir.

Diqqət çəkən ən ilginc məqam İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin indiki məqamda reallaşdırılması niyyətidir. Beləki, 10 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladıqdan sonra israilli nazirin səfərinin planlaşdırması sual və maraq doğurmaya bilməz. Niyə bu səfər məhz həmin o planlaşdırılan terror aktı barədə Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasından sonra gündəmə gəlib? Bax bu sual səfərin pərdəarxası məqamları barədə düşünməyə vadar edir. Cinayət əməlləri törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxsləri müəyyən edərək bu fəaliyyətə cəlb etmiş, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşmiş Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın terror aktı törətməyi planlaşdırması müəyyən edildikdən sonra reallaşmaqda olan səfər heç də təsadüfi sayıla bilməz.

Doğrudur, Dövlət Təhlükəsizliyi Xidməti saxlanılan şəxsin hansı ölkədən gəldiyini də, hansı səfirliyin hədəfdə olduğunu da açıqlamayıb, amma izlər onu deməyə əsas verir ki, həmin o terror aktı törətməyi planlaşdıran şəxs İrandan ölkəmizə keçib və hədəfində də İsrail səfirliyi olub. Daha dəqiq desək, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda, terror aktı törətməyi planlaşdıran şəxsin saxlanıldığı ərazi, eyni zamanda ələ keçirilən dəftərdə qeyd edilən obyektlərin yeri və digər məlumatlar hücumun İsrail səfirliyinə ediləcəyini deməyə əsas verir. Bu barədə İsrail mediasında da informasiyaların yayılması həmin ölkənin məsələyə ciddi yanaşdığını təsdiqləyir. Heç də israr etmək niyyətində deyilik ki, İsrailin müdafiə nazirinin səfəri məxsusi olaraq bu hadisə ilə bağlıdır. Xeyr. Amma hadisədən cəmi iki gün sonra İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsi onu deməyə əsas verir ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı bu məsələ, yəni terror aktı törətmək məqsədi ilə İsrail səfirliyinin hədəfə alınması da müzakirə mövzusu ola bilər.

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ölkəmiz, cəmiyyətimiz tərəfindən çox pis qarşılandı, qınanıldı və hələ də həmin hadisə ilə bağlı narahatlıqlar müşahidə edilməkdədir. Belə bir terror aktının törədilməsi narahatlıq doğurmaya da bilməzdi və bu, hər kəs tərəfindən belə də qəbul olunur. Eyni şəkildə, məhz terror aktı törətmək niyyəti ilə İsrail səfirliyinin hədəfə alınması da məhz həmin ölkə üçün narahatlıq doğurmaya bilməz. Üstəlik, terror aktı planlaşdıraraq, məhz İsrail səfirliyini hədəfə alan şəxsin İran vətəndaşı olması İsrail dövlətini və cəmiyyətini daha çox qıcıqlandırıb desək yanılmarıq. Çünki İsrail ilə İran arasında münasibətlərin hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. İsrailli nazirin bu məsələyə laqeyid yanaşmayacağı, müzakirələr zamanı bu məsələnin də müzakirə mövzusu olacağı barədə məhz buna görə əminliklə qeyd edirik. İsrail tərəfi İranın hansısa terror aktı törətmək niyyəti ilə öz səfirliyini hədəfə almasını qətiyyən həzm edə bilməz və həmin ölkənin müdafiə nazirinin gəlişi ilə bağlı pərdəarxası məqamlar dedikdə nəzərə alınanlar arasında bu məqam da diqqətdən yayınmamalıdır. Çünki İsrail onsuz da İranla barışmaz mövqedədir və müdafiə naziri də daxil olmaqla, həmin ölkə hakimiyyəti qarşı tərəfdən istənilən həmləni, hücumu hər zaman gözləyir və buna hazır olmağı, yeri gələndə layiqli cavab verilməsini təxirəsalınmaz məsələ hesab edir.

İstər Ermənistanla Azərbaycan arasında şərti dövlət sərhədində, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərin törətdikləri təxribatların intensivləşdiyi bir vaxtda, məqamda İsrail müdafiə nazirinin Azərbaycana səfəri növbəti diqqətçəkən məqamdır. Əvvəla, İranın təhriki, hətta dəstəyi ilə erməni separatçılarının Azərbaycana qarşı təxribatlara əl atması İsraili qıcıqlandırır, çünki İslam ölkəsi kimi özünü göstərməyə çalışan bir dövlətin müsəlman əhaliyə qarşı çıxaraq, xristian erməniləri təxribatlara sövq edərək bölgədə, regionda daha yaxından iştirak etmək cəhləri həmin ölkə üçün qəbuledilməzdir. İsrail dövləti İranın nəinki bölgədə mövqeyinin, iştirakının möhkəmlənməsini, ümumiyyətlə, istənilən müstəvidə möhkəmlənməsini qətiyyən istəmir. Bu baxımdan, son təxribatlar fonunda bu səfər zamanı həmin məsələlərin müzakirəsi də çox güman ki, İsrailli nazirin planındadır.

İsrailin hər zaman, xüsusən də 44 günlük müharibə zamanı da, post-müharibə dövründə də Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işini, qanuni tələblərini dəstəklədiyini hər kəs çox yaxşı bilir. Yaxşı bilir ki, İsrail dövləti ölkəmizlə əlaqələrə, münasibətlərə üstünlük verir və Azərbaycanın da adekvat mövqeyini, yanaşmasını layiqincə qiymətləndirir. İndi belə bir münasibətlərin fonunda, özü də gözlənilən Brüssel görüşü öncəsi və rəsmi Bakının “Qisas-3” və antiterror əməliyyatları anonsu verdiyi zaman İsrailin hadisələrə həssa yanaşması tam məntiqi və gözləniləndir. Məhz həmin o gözlənilən Brüssel görüşünün nəticəsiz olacağı təqdirdə, Bakının müvafiq “tədbirlər” görməsi gözlənildiyi zaman İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfərini həm də Təl-Əvivin Bakıya dəstəyi kimi qiymətləndirməkdə haqlıyıq. Çünki israilli nazirin görüşəcəyi şəxslər arasında müdafiə naziri və Dövlət Sərhəd Xidməti rəisinin də olması bunu deməyə əsas verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə