Qarabağa donor vəsaitlərin cəlb edilməsi BMT-nin məsuliyyətindədir - Deputat

Qarabağa donor vəsaitlərin cəlb edilməsi BMT-nin məsuliyyətindədir - Deputat

"Dünya ölkələrinin, xüsusən də BMT-nin borcu və məsuliyyətidir ki, Azərbaycanın işğaldan azad olunan torpqalarına daha çox donor vəsaitlərinin cəlb edilməsinə də çalışsın, bununla bağlı iş aparsın, töhfə versin". Bu sözləri SİA-ya Razi Nurullayev iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Dövlət Başçısının Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı çıxışının şərhində deyib. Razi Nurullayev qeyd edib:

"Cənab Prezidentin sözlərindən məlum oldu ki, bu ilin sonuna qədər 12 milyard manat vəsait Qarabağ və Şərqi Zəngəzur bölgələrimizə yatırılacaq. Bu, böyük məbləğdir və təbii ki, artıq Qarabağın abadlaşması prosesi gedir, biz Qarabağa səfər edən zaman hər dəfə yeni-yeni tikintilərin, yolların, yaşıllıqların salındığının şahidi oluruq və bu, təbii ki, sevindirici haldır. Dövlət Başçısının sözündən həm də məlum olur ki, bu günə qədər birinci mərhələdə Qarabağ və Şərqi Zəngəzurda 100 yaşayış məntəqəsi təhvil veriləcək. Təbii ki, 30 il məşəqqətlər içərisində yaşamış və doğma torpqalarına qayıdışını gözləyən insanlarımız, ailələr də öz doğma torpaqlarına qayıdacaq və orada əbədi yaşayacaqdır. Biz şahidi olmuşuq ki, elə Prezidentin iştirakı ilə bu günə qədər artıq 8 şəhərin, 22 qəsəbənin və kəndin təməli qoyulub. Demək olar ki, bütün şəhərlərin də baş planları təsdiqlənib. Artıq inşaat işləri də aparılır və demək olar ki, bu ilin sounudan gələn ilin sonuna doğru bir neçə rayona artıq ailələr köçürüləcəkdir. Gələn ildən isə artıq demək olar ki, işğaldan azad edilmiş bütün ərazilər üzrə bir neçə kəndə, qəsəbəyə və ya şəhərin özünə köçkünlərin qayıdışı da başlayacaqdır. Böyük qayıdışa start verildiyini demək olar, amma böyük qayıdışın ən böyük mərhələsi artıq bu ilin sonundan həyata keçirilməyə başlayacaq. Artıq bu ilin sonundan da başlayaraq, ildə bir neçə dəfə Prezident İlham Əliyevin həmin kənd, qəsəbə, şəhərlərin açılışında və insanların köçürülməsində davamlı olaraq iştirakının da şahidi olacayıq. Bu, onu deməyə əsas verir ki, Azərbaycan həm də özünün gücü hesabına Qarabağı abad etməyə malikdir. Bütün bunlara rəğmən həm də dünya ölkələrinin, xüsusən də BMT-nin borcu və məsuliyyətidir ki, Azərbaycanın işğaldan azad olunan torpqalarına daha çox donor vəsaitlərinin cəlb edilməsinə də çalışsın, bununla bağlı iş aparsın, töhfə versin. Çünki həmin ərazilərdə xeyli sayda minalar basdırılıb, fəlakətlər törədilib və onların hamısının bərpası üçün uzun zaman və böyük vəsait lazımdır. Nə qədər Azərbaycanın gücü və imkanları olsa da, bunu bir dəfəlik etmək gücündə olmayacaq. Buna görə də biz öz gücümüzlə bunları etsək də amma kənardan da vəsaitlərə ehtiyac var".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə