Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət - TƏHLİL

Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq"

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Hər il ulu öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Misilsiz xidmətləri ilə xalqın liderinə çevrilən Heydər Əliyev həyatını risklərə ataraq bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsi, inkişafına həsr edib. Milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi onun əsas xarakterik xüsusiyyətləri sırasında idi. Məhz bunun sayəsində Ulu Öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük Azərbaycanlıdır".

MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI

Bəli, tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur.

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir. Bu dövrdə təkcə iqtisadi sahədə deyil, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq ulu öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü məktəb- C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizdə hərbi uğurların təməli də məhz 51 il əvvəl atılmış bu cəsarətli addıma əsaslanır.

ÖMRÜNÜ VƏTƏNİNƏ, XALQINA HƏSR EDƏN ƏBƏDİYAŞAR LİDER

Bəli, XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Çünki Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixində -15 iyun Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhtəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Xüsusən də 1992-ci ilin may ayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Ölkədə ictimai-siyasi gərginliyin, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu elə bir dövr idi ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq niyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi. Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verirdilər. Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi. Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

TARİXİN YADDAŞINDA ƏBƏDİ İZ QOYAN LİDER

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb.

Bəli, tarixi şəxsiyyət o zaman dahi öndər, lider olur ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

ULU ÖNDƏRİMİZ BÜTÜN SAHƏLƏRDƏ OLDUĞU KİMİ DİLİMİZİN İNKİŞAFINDA DA MÜSTƏSNA XİDMƏTLƏR GÖSTƏRİB

Təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta, bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASININ QURUCUSUDUR

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur.

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Belə bir zamanda Azərbaycanın bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. 1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir. Bu gün Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir.

"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR" DEYƏN DAHİ HEYDƏR ƏLİYEVİN BU ARZUSUNU BU GÜN ONUN SİYASƏTİNİN LAYİQLİ DAVAMÇISI, AZƏRBAYCAN XALQININ MƏRD OĞLU İLHAM ƏLİYEV “ŞUŞASIZ İŞİMİZ YARIMÇIQ QALAR” DEYƏRƏK YERİNƏ YETİRDİ

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır",- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir.
Sevindiricidir ki, Ümummilli Liderin ən ümdə arzusunun həyata keçməsi Qələbəmizin ikinci ilində keçirilir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu, Qalib Lider, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə “Şuşasız işimiz yarımçıq qalar” deyərək yerinə yetirdi. Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” deyərək bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də Prezident İlham Əliyev “ata vəsiyyətini” yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi.

Bəli, bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu Öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

Və xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır!

Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə