Fransa haqda deyilənlər Tofiq Yaqublunun qəlbinə necə toxunubsa...
İnsan bəzən nə deyəcəyini, nədən başlayacağını müəyyən edə bilmir. Vətəndaş da Vətəninə asi olar? Kimdənsə acıq çıxmaq niyyəti ilə ölkəni, milləti, xalqı iki qəpiyə satmaq, sonra da “haqq-ədalət tərəfdarıyam” deyə qürrələnmək yalnız xainlərin, satqınların işidir. İbtidai-icma quruluşundan tutmuş bu günümüzə qədər bütün ölkələrdə, toplumlarda, lap elə separatçı qurumlarda, dünyanın ən demokratik ölkələrində belə məxluqlara qarşı bir cəza üsulu var, o da dəmir barmaqlıqlar arasında çürümək. Sovet hakimiyyəti illərində və bu günümüzün ABŞ, Rusiya, Çin, Hindistan, Braziliya və sadalamadığımız onlarla ölkəsində belə satqınları dəhlizlərin qaranlıq yerində, gözdən-könüldən uzaq, insan ayağı dəyməyən yerlərdə kafasına kurşun sıxırlar. Çünki bu cəza yalnız o cinayətlərin qarşılığında verilir. Yoxsa Vətən kartof-soğan deyil ki, hər gələn piştaxtaya qoyub sata...
Qondarma demokratiya oyunu ölkəmizə ayaq açandan Azərbaycanı satan, satmaq istəyən və artıq hərracda alıcısını gözləyən bir sürü məxluqat, ikiayaqlı peyda olub. Öncədən bir məsələni ərz etməyi özümə borc bilirəm ki, bu sətirləri oxuyan bəziləri elə başa düşməsin ki, demokratiyanı qəbul etmirik, yaxud da bu ifadənin altındakı mənanı bilmirik. Yox, təəssüf ki, elə həmin zat-ların sayəsində demokratiya öz mənasını itirib. Özünü müxalifət pərdəsi altında gizləyərək Vətəni satanlar həbs olunub cəzalandırılsa da, etdiyi cinayəti ört-basdır etmək üçün guya müstəqil düşündüyünə, “demokratiya” rəngində olduğuna görə təqib edildiyini deyirlər. Bunlar beynəlxalq qurumlarla, bəzi dövlətlərlə birgə demokratiya üzərində o qədər oyun qurublar ki, nəticədə “demos” - xalq və kratos - hakimiyyət söz birləşməsi başqa məna kəsb etməyə başlayıb. Bir sözlə, Azərbaycanda da demokratiya, insan haqları və söz azadlığı ifadələrini tərsinə oxuyanlar da az deyil. Onlardan biri haqda daha ətraflı danışmaq niyyətindəyəm.
Hərşeyşünas demək istədim, gördüm ki, bu sözə iddialılar kifayət qədər abırlı adamlardır, Tofiq Yaqublunun yanında. Bu adam isə başının ölçüsünü bilmir, hara gəldi, necə gəldi dürtür. Qandı-qanmadı, bildi-bilmədi hər yerdən danışır. Həm də mövzu milli maraqlardan, dövlətçilikdən düşəndə Tofiq Yaqublu “fırt” eləyib düşür meydana. Bu gün də belə olub. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda baş tutan tədbirində çıxış edərək 30 illik münaqişənin ilk günündən Ermənistanın yanında olan, ədalətsiz müharibədə İrəvana hər cür dəstək göstərən Fransanı, onun indiki marionet lideri Makronu haqlı olaraq tənqid edib. Afrikada, Yaxın Şərqdə, Asiyada, Okeaniya adalarında törətdiyi soyqırımlara, xalqlara qarşı etdiyi vandallıqlara görə ittiham və Fransadan üzr istəməsini tələb edib. Qoşulmama Hərəkatının bütün üzv ölkələri, müşahidəçi qismində iştirak edən dövlətlər İlham Əliyevin fikirləri ilə həmrəy olduqlarını çıxışlarında, açıqlamalarında ifadə ediblər. Amma bütün bunları görməzdən gələn, indiyədək ermənipərəst, indi isə fransapərəst Tofiq “bəy”cikdən savayı. Yuxarıda elə bundan danışırdıq, hərşeyşünaslıqdan. Fransa haqda deyilənlər Tofiq Yaqublunun qəlbinə necə toxunubsa, verdiyi reaksiya adamın matını-mutunu quruyur. İnsan nə qədər kibirli olarmış? Şeytanla dostluq etmək buna deyərlər.
İnanın, bu gün “satqın”, “xəyanət”, “ermənipərəst” damğası da təsir gücünü itirib. Əvvəllər bu yarlığı kimə vurmaq yox, göstərsəydilər əti üşənərdi, bu sözün ona şamil edilməməsi üçün həyatından keçərdi. Çünki bu ifadənin çəkisi çox ağırdır, insanı əzib keçəcək gücdədir. Bu gün isə o sözləri sinələrinə döydürmək üçün sıraya düzülənlər var. Niyə? Çünki bu insanda az rast gəlinən, amma bəzilərinə asan üzə çıxan xislət, xarakterdir. Tofiq Yaqublu Prezidentin Fransanı tənqid etməsinə dözə bilmir, Makrona qarşı ittihamı özünə qarşı həqarət sayır, yəni kimin tərəfində olduğunu açıq şriftlərlə hər kəsin diqqətinə çatdırır. Bəs onda bunun adı nədir? Dövlətçilikmi, Vətənə sevgimi, milli maraqmı? Yox, bunların heç biri deyil. Bunun adı SATQINÇILIQdır, XƏYANƏTdir.
Gələk Tofiq Yaqublunun yazdıqlarına. Deyir, Azərbaycan Prezidenti Fransadan qabaq Rusiyanın XIX əsrdə Gəncənin işğalı zamanı törətdiklərindən danışsın. Mən deyəndə ki, bu adamdan heç nə çıxmaz, dostlar mənə iradfason tuturdular. İndi mən yox, Yaqublunun özü sübut edir ki, onun başı əməllicə qaçıb. Nə dediyini özü də anlamır. Rusiya imperiyasının törətdiklərini, cinayətlərini kim danır? Əgər Qoşulmama Hərəkatının tədbirində mövzu Fransadırsa, burada Rusiyadan danışmağa nə lüzum var? Hər hadisə haqqında müzakirələrin aparılacağı bir məkan olur. Əgər sözü həmin məkanda və zamanında demədin, yaxud müzakirəyə dəxli olmayan mövzulara toxundun, deməli, sənin nə siyasətin, nə də dünyagörüşün var. Məkan, zaman məsələsini yalnız ağıllı siyasətçilər, milli maraqlardan çıxış edən liderlər bilər. Yaqublu kimi siyasət dəllalları, təlxəklər bundan anlamazlar. Əslində, burada fəlsəfə axtarmağa da ehtiyac yoxdur. Sadəcə, Yaqublu bu mövqeyi ilə Fransaya açıq dəstək verir ki, Parisdən gələn ianələr kəsilməsin.
Yaqublu məgər Fransanın Ermənistan sevgisindən bixəbərdir. Məgər bilmir ki, Azərbaycan torpaqlarını 28 il işğal altında saxlamaq cəsarətini ermənilər Fransadan alıb, Paris ATƏT-in Minsk qrupunun həmsədri kimi bu işğalı legitimləşdirməyə çalışıb? Bəs onda Tofiq Yaqublunu Fransanı müdafiə etməyə nə vadar edir? Kimsə deməsin ki, o bunu hakimiyyətin acığına edir. Bu, lap pis. Sən, Yaqublu, Azərbaycanın bugünkü inkişafında daşı o birinin üstünə qoymusanmı? “Yox”dan başqa verəcəyin cavab yoxdur, bilirəm. Sənin səsin quruculuq meydanlarından yox, daim təxribat meydanlarından gəlib. Qanunsuz aksiyalarda iştirakından yalnız avropalı dostların qazanc götürüblər. Sənin özünü döydürməyin onların karına gəlib. Bunu da Azərbaycana qarşı istifadə etmək üçün. Qabağına bir iki qəpik atıblar ki, ölkənə, Vətəninə asiliyin bir az da dərinləşsin. İnsafən, bunu bacarıblar, səndən bir marionet kimi istifadə ediblər.
Yəqin ki, yadınızdadır, ötən ilin sentyabr ayında erməni ordusunun təxribatı nəticəsində 79 şəhid verdik. Əvəzində ermənilər özlərinin yüzlərlə leşini səngərlərdən yığmalı oldular. Azərbaycan revanş savaşına qalxmaq istəyən Ermənistana əsl dərs verdi. Bundan Ermənistanın narahat olduğunu hər kəs gördü, hətta işğalçı ölkə bir müddət özünə gələ bilmədi, sanki komaya düşmüşdü. Bir gün keçdi və bizim içimizdəki satqınların ifasında əsl mərəkə başlandı. Avropadan Fransa, Fransadan “siyasi miqrantlar”, Azərbaycanda isə tofiqkimilər, əlikimilər, uzaq Amerikadan sevinckimilər yaxalarını cırmağa, ordumuzu guya “suveren Ermənistan”ın ərazilərinə qanunsuz girməkdə suçladılar. Bu ittihamı nə amerikalı, nə alman, nə fransız, nə də erməni irəli sürürdü, bunu bizim içimizdəkilər, xaricdəki söyüş mütəxəssisləri, fransızın, almanın, niderlandlının ayaqyolunu təmizləyib iyindən həzz alanlar deyirdilər. Adamı öldürən də bu dərddir.
İndi Tofiqin fransızsayağı sərgüzəştlərinə nə ad verək, bu adama necə haqq qazandıraq? Necə deyək ki, Yaqublu statusunda bunları yazanda Ermənistanın böyük bacısı olan Fransanı dəstəkləmək fikrindən uzaqdır. Bu adam açıq, həm də nümayişkaranə şəkildə Makronlu Fransanı arxasına şələləyir. Nə deyirik, Allah qüvvət versin.
V.SALAH
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB