Brüssel görüşündən gözləntilər nələrdir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Hər kəsə məlumdur ki, XİN rəhbərlərinin Brüssel görüşü İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində Türkiyənin mövqeyinin müzakirəsi ilə bağlıdır. Türkiyənin mövqeyi isə kifayət qədər aydındır. Finlandiya və İsveçdə Türkiyədə terror hadisəsi törədən və qətllərdə iştirakı olan çox sayda PKK təşkilatının nümayəndələri yaşayır. Həmin ölkələrdə Türkiyəyə qarşı siyasi təxribatlar həyata keçirir və ona qarşı təhdidlər edirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Türkiyə ilk növbədə bu ölkələrdə həmin insanların fəaliyyətinin qarşısının alınması, terrorda iştirakına görə axtarışda olanların ona təhvil verilməsini tələb edir: “Finlandiya bu məsələdə müəyyən qədər Türkiyənin mövqeyini nəzərə aldı. Amma İsveç hələ də bu istiqamətdə bir addım atmayıb. Hələ bu azmış kimi İsveçdə vaxtaşırı Quranın nümayişkaranə surətdə yandırılmasına da şərait yaradılır. Şübhəsiz ki, Türkiyə, İsveç və Finlandiya XİN rəhbərləri arasında keçiriləcək Brüssel görüşündə bu məsələ ciddi müzakirə mövzusu olacaq. Türkiyənin mövqeyi ədalətli və beynəlxalq hüquq normalarına uyğundur. Artıq NATO-ya üzv seçilmiş Finlandiya və üzv olmaq istəyən İsveç Türkiyənin haqlı mövqeyini nəzərə almalıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB